“Dəmir ledi” Çinə qarşı: Asiyada nə baş verir?
Bizi izləyin

Nida Təhlil

“Dəmir ledi” Çinə qarşı: Asiyada nə baş verir?

Çin-Yaponiya münasibətlərdə yeni gərginlik yaşanır. Gündoğar ölkənin yeni xanım Baş naziri Sanae Takaiçi Çinin Tayvana qarşı güc tətbiq etməsinin Tokio tərəfindən "ekzistensial təhdid" kimi qiymətləndiriləcəyi və ölkəni ada ətrafında öz müdafiə qüvvələrini yerləşdirməyə məcbur edəcəyini deyib.

Çin də bunu cavabsız qoymayıb. Osakadakı baş konsulu Xue Jianın dili ilə ona cavab verilib. Lakin çox sərt formada. Cavabında Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Çin baş konsulunun yazısını "son dərəcə yersiz" adlandırıb və onun silinməsini tələb edib. O qeyd edib ki, Xue keçmişdə də çoxsaylı təxribatçı bəyanatlar verib və Çini məmura qarşı intizam tədbirləri görməyə çağırıb. Yaponların hiddətini ABŞ-nin Tokiodakı səfiri Corc Qlass da dəstəkləyib. Çinli diplomatın şərhini "təhdidedici" adlandıran Qlass, “X” platformasında Xue Jianın artıq silinmiş postunun ekran görüntüsünü paylaşıb.

Çinə qarşı son dərəcə sərt mövqe

Qeyd edək ki, Baş nazir Sanae Takaiçi Çinə qarşı son dərəcə sərt mövqeyi ilə seçilir. Digər yapon mühafizəkarları kimi, xanım Takaiçi də İkinci Dünya müharibəsi zamanı Yaponiyanın vəhşiliklərinin şişirdildiyini iddia edir. O, müntəzəm olaraq Tokioda, hər dəfə Çin və Cənubi Koreyada mübahisələrə səbəb olan müharibə qurbanlarının xatirəsinə ucaldılmış Yasukuni Məbədini ziyarət edir. Seçki qələbəsindən sonra isə Yasukunini "müharibə qurbanları üçün istirahət yeri və sülh ziyarətgahı" adlandırıb. Düzdür, oktyabrın sonunda Cənubi Koreyadakı sammitdə Sanae Takaiçi ÇXR sədri Si Cinpinlə qısa görüş keçirib. Bu görüşdə o, Çinlə münasibətlərdə tonu yumşaltmağa çalışıb. Həmin sammitin çərçivəsində Baş nazir Tayvan nümayəndəsi ilə də görüşüb ki, bu da Pekində mənfi reaksiyaya səbəb olub.

Bugünlərdə isə Takaiçi Tayvanın müdafiəsi ilə bağlı öz bəyanatlarının tonunu bir qədər yumşaltmağa çalışıb, gələcəkdə "konkret ssenarilərlə bağlı birbaşa bəyanatlardan" çəkinəcəyini vəd edib. Lakin onun bu vədinə sadiq qalacağı inandırıcı görünmür.

Tayvan - Çinin ayrılmaz ərazisi

Çinin dövlət qeydlərində ada eramızın 239-cu ilində - Çin imperatoru ərazini tədqiq etmək üçün ekspedisiya göndərəndə aşkar edilib. Pekin Tayvana sahiblik hüququnu də bu faktla əsaslandırır. Nisbətən qısa müddət ərzində - 1624-cü ildən 1661-ci ilə qədər Niderlandın müstəmləkəsi olub, 1683-cü ildən 1895-ci ilə qədərsə Çinin Tsin sülaləsinin nəzarətinə keçib. 1895-ci ildə - birinci Çin-yapon müharibəsindən sonra Tsin hökuməti Tayvanı Yaponiyaya güzəştə getməli olub. İkinci Dünya müharibəsinin nəticələrinə görə isə Yaponiya bu ərazidən imtina edib. Müharibədə qalib dövlətlərdən biri olan Çin Respublikası müttəfiqləri ABŞ və Böyük Britaniyanın razılığıyla Tayvanı idarə etməyə başlayıb.

Tayvanda Çan Kayşi dönəmi

Amma sonra Çan Kayşinin rəhbərlik etdiyi Qomindan Partiyasının hökumətiylə Mao Tszedunun başçılıq etdiyi Çin Kommunist Partiyasının qoşunları arasında vətəndaş müharibəsi başlayıb və Qomindan məğlub olub. 1949-cu ildə Çan Kayşi öz tərəfdarlarıyla birlikdə (təxminən 1,5 milyon nəfər) Tayvana qaçıb. Orada sürgün hökuməti qurub, tabeçiliyindəki əraziyə Çin Respublikası adını verib və 25 il ona rəhbərlik edib. Adaya Çan Kayşiylə birlikdə gəlmiş çinlilər əhalinin cəmi 14 faizini təşkil etsələr də, uzun illər Tayvan siyasətində dominant mövqeyə sahib olublar. Kayşidən sonra hakimiyyətə onun oğlu - Nikolay Vladimiroviç Yelizarov kimi də tanınan Tszyan Tszinqo gəlib. O, 1978-ci ildə prezident olub, vəfat etdiyi 1988-ci ilə qədər bu posta ard-arda iki dəfə seçilib. Hökumət mahiyyətcə avtoritar olaraq qalsa da, onun dövründə Tayvanda demokratik islahatlar həyata keçirilib. Tszinqodan sonra hakimiyyətə onun dövründə vitse-prezident olmuş Li Denhuey gəlib. Bu şəxsi "Tayvan demokratiyasının atası" adlandırırlar.

"Bir ölkə, iki sistem"

Bir vaxtlar adada sürgün hökuməti qurmuş Çan Kayşi bu hökumətin bütün Çini təmsil etdiyini və ölkəni geri almaq niyyətində olduğunu bildirmişdi. Hətta o vaxt Çini BMT Təhlükəsizlik Şurasında Tayvan təmsil edirdi, çünki bir çox qərb ölkələri həqiqi Çin hökuməti olaraq Tayvandakı idarəçiliyi qəbul edirdi. Amma 1970-ci illərdə Təhlükəsizlik Şurasının bəzi üzvləri artıq Tayvanın Çində yaşayan yüz milyonlarla insanı təmsil edə bilməyəcəyini deməyə başladı. 1971-ci ildə BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyi Pekinə qaytarıldı. ABŞ 1979-cu ildə Pekinlə diplomatik əlaqələr qurdu. Sonrakı illərdə Tayvanı rəsmən tanıyan ölkələrin sayı kəskin şəkildə azaldı, hazırda cəmi 15 belə ölkə var. 1980-ci ildə Çin və Tayvan arasında münasibətlər yaxşılaşmağa başladı: Tayvan əvvəlcə Çinə səfər şərtlərini və sərmayə yatırmaq qaydalarını yüngülləşdirdi, 1991-ci ildə Çin Xalq Respublikası ilə müharibənin bitdiyini elan etdi.

Çin isə "bir ölkə, iki sistem" variantını təklif etdi. Pekin vəd etdi ki, Tayvan yenidən birləşməyə razılıq verərsə, muxtariyyəti saxlanacaq. 1997-ci ildə eyni vədlərlə Pekin Honkonqu da geri qaytarmışdı. Tayvan həmin təklifi rədd etmişdi.

Pekin və Taypey prinsipial siyasi məsələdə razılığa gələ bilməsə də, son onilliklərdə iqtisadi əlaqələri genişləndiriblər. Taypeyin rəsmi məlumatlarına görə, 1991-ci ildən 2024-cü ilin sonuna qədər Tayvanın Çinə investisiyası 200 milyard dollara çatıb.

Ağ Evin yanaşması

İkinci Dünya müharibəsindən bəri Asiya-Sakit Okean hövzəsində müntəzəm şəkildə varlığını göstərən ABŞ donanması Çinin son illərdə regionun dominant iqtisadi və hərbi gücünə çevrilməsiylə daha da aktivləşib. Hazırda ABŞ Tayvanın müdafiəsinin ən böyük dəstəkçisi kimi çıxış etməkdədir.

Sözsüz ki, Çinin geosiyasi ambisiyalarının artması fonunda ABŞ-nin da regionda dayaqlarını möhkəmləndirmək cəhdləri Asiya-Sakit Okean regionunu dünyanın ən qaynar nöqtələrindən birinə çevrilməsinə zəmin yaradır. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm