Musanın Polşa klubuna transferi niyə alınmayıb? - Qurban Qurbanov bu haqda ona....
Bizi izləyin

İdman

Musanın Polşa klubuna transferi niyə alınmayıb? - Qurban Qurbanov bu haqda ona....

Bu mövsüm uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Turan Tovuz”la matçda da fərqləndi. Mövsümdə 13-cü qolunu vuran 20 yaşlı futbolçu komandasının 3:2 hesablı qələbəsində pay sahibi oldu.

Oyundan sonra o, Publika.az-ın əməkdaşının və Tovuza ezam olunan digər jurnalistlərin suallarını cavablandırdı.

– Təlim-məşq toplanışından birbaşa bura gəldiniz. Yəqin ki, çətin oldu…

– Əlbəttə, çətin idi. Artıq 20 gündür ki, evdən uzaqda məşq keçirdik. Bunların hamısı çempionata daha yaxşı hazırlanmaq üçün idi. Oyun da çox çətin keçdi. Bütün komandalar yaxşı hazırlıq keçiblər. “Turan Tovuz” da həmçinin. Çox yaxşı müqavimət göstərdilər. Son dəqiqədə vurduğumuz qolla qalib gəlməyi bacardıq.

– Bölgədə futbol oynamaq nə qədər çətindir?

– Belə atmosferdə oynamaq mənim üçün çox yaxşıdır. Azarkeşlərin komandalarını dəstəkləmələri, stadionu doldurmalarından biz də həzz alırıq. Meydanda bu atmosferi görmək xoşdur. Hər nə qədər rəqib azarkeşləri olsalar da, çox yaxşı görsənir. Yenə də bəzi çətinliklər oldu. Oyun tez - saat 2-də başlamışdı. Meydança da süni örtüklü idi. Hər halda qalib gəldiyimiz üçün sevincliyik.

– Adın Polşanın “Poqon” klubu ilə birlikdə hallanırdı...

– Açığı, bu məsələ ilə heç maraqlanmadım. Klubumuz, baş məşqçimiz bu işlərlə məşğul olurlar. Mənə bu barədə heç bir məlumat verilməmişdi. Mən də bu haqda sizin kimi mətbuatdan oxuyurdum. Necə məsləhət idi, elə də oldu. Mən hazırda ancaq “Qarabağ” haqqında düşünürəm.

– Yaxın gələcəkdə legioner həyatı yaşamaq fikrin var? Bunun üçün dil biliyi hansı səviyyədədir?

– Əlbəttə, bütün futbolçular daha yaxşı komandaya getmək istəyər. Mənim də məqsədim, arzularımdan biri böyük liqalarda oynamaqdır. Bunun üçün çalışıram. Necə olacağını zaman göstərək. Dil biliklərim də pis deyil. İngilis dili də, rus dili də yaxşı səviyyədədir.

– Kadi Borgesin yeri görünür komandada?

– Əlbəttə, Kadi bizim üçün önəmli oyunçu idi. Çox istəyirdik onu. O bizə, biz də ona öyrəşmişdik. Amma futbolda belə hallar olur. Futbolçu ancaq bir klubda qalası deyil. Kadi artıq getdi, ona uğurlar arzulayırıq. Biz də əlimizdən gələni etməliyik ki, yoxluğu bilinməsin.

– Artıq 9 nömrə ilə oynayırsan. Bunun nəsə xüsusi bir səbəbi var?

– Bu, sırf hücumçu nömrəsidir. Mən də uşaqlıqdan arzusunda olmuşam. Atam da (red - Qurban Qurbano u nəzərdə tutur) “9 nömrə” oynayıb. Mənə Əlavə motivasiya oldu.

– Bombardlik yarışında Ramil Şeydayevlə yarışırsan. Bu haqda aranızda atmacalar, zarafatlar olur?

– Açığı, belə hallar olmur. Ramili çox istəyirəm, o da məni eyni şəkildə. Onun uğurlarına sevinirəm. Çalışırıq ikimiz də komandaya xeyir verək.

– Yəni bombardirlik hədəfin yoxdur…

– Hamının bir hədəfi var. Ancaq bu o demək deyil ki, Ramil qol vuranda mənə xoş olmasın, sevinməyim. Məqsəd komandanın qalib gəlməsidir. Bu gün ikimiz də qol vurduq və qələbə qazandıq. Əgər birimiz fərqlə bilməsəydik, hesab belə olmayacaqdı.

– İstirahət vaxtı Parisə getmişdin. Bunun özəl səbəbi var idi?

– Mənim üçün maraqlı şəhər idi. İstəyirdim gedim görüm. Elə xüsusi bir səbəbi yoxdur.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm