Eskobarın futbol sevgisi: Öldürülən hakim, həbsxanaya gətirilən Maradona və... - FOTOLAR
Bizi izləyin

İdman

Eskobarın futbol sevgisi: Öldürülən hakim, həbsxanaya gətirilən Maradona və... - FOTOLAR

1993-cü ilin dekabrın 2-i tarixə Kolumbiya polisinin 20-ci əsrin ən qəddar cinayətkarlarından birini zərərsizləşməsi ilə düşüb. Söhbət Pablo Eskobardan gedir. O, sadəcə narkotacir deyildi.

Uzun illər ərzində Eskobar Kolumbiyanı qorxu içində saxladı, üsyan edənlər isə dəhşətli ölümlə üzləşdilər. “İmperiya”sı çiçəkləndikcə, “El Patron” Kolumbiya futbolunun da onunla birlikdə böyüməsinin qayğısına qalırdı.

“Pablo futbolu həmişə sevirdi. Onun ilk ayaqqabısı futbol butsları olub. Və elə öldürüləndə də ayağında buts olub”, – bacısı Lus Mariya deyir.

Narcoball — Football Heritage

Bütün bu dram onun gözləri qarşısında cərəyan edib. Onların sadə, lakin ləyaqətli ailəsi var idi. Fermer olan atası ailəni çətinliklə dolandırırdı. Anası isə müəllimə idi.

Qocalar Pablonu Medellin Universitetinə göndərmək üçün pul toplayırdılar. Lakin onun seçimi fərqli oldu. Təhsil ona görə deyildi. Onun diqqəti reketçilik, avtomobil qaçırma, insan oğurluğuna yönəlmişdi.

Buna rəğmən, o kasıblar üçün xeyriyyəçilik edirdi. Eskobar oğurlanmış pullarla Medellinin çətin keçilən, yoxsul rayonlarında, tez-tez mənzillər tikirdi. Hətta indi də Pablonun narkopullarla tikdirdiyi rayonlarda onun heykəlcikləri Məryəm Ana və İsa fiqurlarından daha yaxşı satılır. “Bu ona görədir ki, o, səxavətli idi. O, evlər, futbol meydançaları tikir, küçələri işıqlandırırdı”, – Mariya Lus iddia edir.

Eskobarın cinayət aləmindəki macəralarından yazmaq və ya onu təbliğ etmək fikrimiz yoxdur. Onun hobbisi olan futbol və bu sahədəki macəraları ilə sizi tanış etmək istəyirik.

Resim

“Forbes” hesab edirdi ki, Eskabor ən azı 25 milyard dollar qazanmışdı. O bu pulları “yumaq” üçün futboldan da istifadə edirdi. 1986-cı ildə Pablo qeyri-rəsmi şəkildə “Atletiko Nasional”a – Medellinin sevimli klubuna rəhbərlik etməyə başladı. Bununla Kolumbiyada rəsmi olaraq narkofutbol erası start götürdü.

“Liqaya narkopulların axını bizə möhtəşəm oyunçuları cəlb etməyə imkan verdi. Bu, həmçinin bizim ən yaxşı uşaqlarımızı transferlərdən çəkindirirdi. Oyun səviyyəmiz yüksəldi. İnsanlar bunu görür və Pablonun əli olduğunu bilirdilər. Amma sübut edə bilmirdilər”, – “Atletiko Nasional”ın sabiq məşqçisi Fransisko Maturana deyir.

Əslində sübut etmək çətin deyildi, sadəcə qorxulu idi. 1981-ci ildə ABŞ Eskobarı axtarışa verəndə, o, Ağ Evin qarşısında oğlu ilə birlikdə şəkil çəkdirmişdi. 1984-cü ildə deputat mandatından məhrum ediləndə, bunun təşəbbüskarı olan nazir Bonilyanı güllələdi.

Resim

Həmin vaxt Pabloya yalnız digər kartellərin başçıları meydan oxuya bilərdi və tezliklə onlar bunu futbolda da etdilər. Xose Qonsalo Rodriqes - “El Meksikano” Boqotanın “Milyonarios” klubuna sahib oldu. Migel Rodriqes Oriuela - “El Senyor”, “Amerika Kali”ni maliyyələşdirməyə başladı. Kolumbiya çempionatı keyfiyyətli, maraqlı, amma həm də ölümcül oldu.

Bir dəfə Eskobara elə gəldi ki, hakim Alvaro Orteqa Medellinin “İndependyente” komandası ilə matçda "Amerika"nın tərəfini saxlayır və hakimi bir saat sonra güllələdilər.

“Orteqanın öldürüldüyünü öyrənəndə donub qaldıq. Biz klub sahibləri ilə bağlı çox şeylərin baş verdiyini bilirdik. Onların şübhəli olduğunu bilirdik. Amma futbolçu olanda çox şeyi bilmək istəmirsən”, - deyə “Atletiko Nasional”ın sabiq yarımmüdafiəçisi Oskar Parexa həmin hadisə barədə bildirib.

The day FC Dallas coach Oscar Pareja took on drug lord Pablo Escobar | FC  Dallas | The Guardian

Onun Eskobar haqqında çoxlu hekayələri var. Onların futbolçu nəslinin az qala yarısı - Rene İqita, Çonto Errera, Çiço Serna, Paço Maturana və o özü əvvəllər heç bir skautun baş çəkmədiyi gecəqondularda futbol turnirləri keçirən Pablo sayəsində yetişmişdilər.

Onların və Eskobarın da həyatı 1989-cu il həmişəlik dəyişdi. Hər şeydən əvvəl pis xəbərlər ABŞ-dən gəldi. Orada Eskobara və biznesinə qarşı genişmiqyaslı “ov” başladıldı. Reyqan hökuməti Kolumbiyadan həbs və ekstradisiya tələb edirdi. Pablo hər şeydən çox qorxurdu.

O, Kolumbiya hakimiyyətinə sülh təklifi ilə çıxdı, onlar rədd etdikdə isə dəstəsi Ali Məhkəmənin hakimi Karlos Valensiyanı, polis polkovniki Valdemar Konteronu və hətta prezident seçkilərinin favoriti Luis Karlos Qalanı güllələdi.

Resim

Dəhşətli terrorun müşayiəti altında “Atletiko Nasional” görünməmiş uğura - Cənubi Amerikanın əsas turniri olan Libertadores Kubokunda qələbəyə doğru irəliləyirdi. Onlar 1/8 finalda Argentinanın “Rasinq”ini, 1/4 finalda Kolumbiyanın digər təmsilçisi “Milyonarios”u məğlub etdilər, daha sonra isə Uruqvayın “Danubio”sunu 6:0 hesabı ilə darmadağın etdilər.

Paraqvayın “Olimpiya”sına qarşı finala Eskobar şəxsən gəlmişdi. “Atletiko Nasional” İqitanın dəf etdiyi dörd penalti sayəsində kuboku başı üzərinə qaldırdı.

“Pablo hər qoldan sonra qışqırır və tullanırdı. Mən onu heç vaxt belə eyforiyada görməmişdim. Adətən o, buz parçasını xatırladırdı”, - deyə Eskobar üçün ən azı 300 nəfəri öldürmüş Con Xayro “Popay” Velaskes danışır.

Bu zəfərdən sonra bütün komanda Pablonun rançosuna gəldi və orada möhtəşəm şou təşkil edildi: “Onlar bonuslar üçün gəlmişdilər və Pablo oyunçular arasında hətta yük maşını da oynatdı (lotereya kimi). Futbolçular onun üçün heç vaxt mal olmayıb. Onlar dost idilər və o, onları xoşbəxt görmək istəyirdi”.

Resim

Təzyiqlərə baxmayaraq Pablonun mövqeləri güclü olduğundan, zamanla hakimiyyət yenə də razılaşmaya getdi. Eskobar “təslim oldu”, əvəzində isə onu ABŞ-a vermədilər. Üstəlik, Pabloya özünə şəxsi həbsxana tikməyə icazə verildi və o, buraya mühafizəçiləri diqqətlə seçdi. Xalq oranı tezliklə “El Katedral” adlandırdı.

Orada cakuzi, trenajor zalı, elit mətbəx, apartamentlər və cinayətkarı qoruyan yox, onu rəqib kartellərdən və amerikalılardan mühafizə edən yüzlərlə mühafizəçi var idi. Mahiyyət etibarilə bu, yeni iqamətgah idi.

1991-ci ildə Eskobar bura Dieqo Maradonanı dəvət etdi və o gəldi:

“Məni minlərlə mühafizəçisi olan həbsxanaya apardılar. Öz-özümə sual verdim: “Cəhənnəm, burada nə baş verir? Məni həbs edirlər?” Bu yer dəbdəbəli oteli xatırladırdı. Mənə dedilər: “Dieqo, bu “El Patrondur”. Mən qəzet oxumurdum və onun kim olduğundan xəbərim yox idi. Biz ofisdə görüşdük və o dedi ki, özünü mənimlə eyniləşdirir, çünki mənim kimi o da yoxsulluğa qalib gəlib.

Biz futbol oynadıq və hamı əla əyləndi. Daha sonra, həmin axşam biz indiyə qədər gördüyüm ən yaxşı qızlarla parti təşkil etdik. Və bu həbsxanada idi! İnana bilmirdim. Ertəsi gün səhər o, mənim pulumu ödədi və sağollaşdıq”.

Resim

Maradona ölənə qədər iddia edirdi ki, guya nə Kamorranı, nə də Eskobarı tanıyırdı. Dieqo məsum və təmiz imiş.

Dəfələrlə “El Katedral”da olan Oskar Parexa isə daha səmimi danışır:

“Həmin günü unuda bilmirəm. O, yanımda oturub bir saat böyük ehtirasla futboldan danışdı. O, hər şeyi bilirdi. Mənə dedi: “Sən niyə hakimlərin üstünə elə qışqırırsan? Biz onlara pul ödəyirik. Sən kömək etmirsən”.

Sonra Parexanı və “Atletiko Nasional”ın digər oyunçularını Eskobara və onun dostlarına qarşı oynamaları üçün meydana apardılar. Pablo sağ ayaqlı olmasına rəğmən, sol vinger oynayırdı. Bu matçdan onların həyatı asılı idi. Əgər çox bərk sıxışdırsalar, Eskobar özünü alçaldılmış hiss edərdi. Əgər çox zəif oynasalar, sayğısızlıq kimi qəbul edərdi. “Bax ha, məni itələmə, yoxsa burada bizimlə qalarsan”, – deyə “El Patron” qışqırırdı.

Düzünü desəm, 42 yaşına görə yaxşı oynayırdı. Mühafizəçiləri də həmçinin. Amma onlar bizimlə istədiklərini edə bilərdilər. Orada polis yox idi. Heç bir nəzarət yox idi. Pablo özü hakim idi”.

El gran ausente del 5-0: René Higuita perdió la oportunidad de hacer  historia por una visita a Pablo Escobar - Infobae

Digərləri kimi, o da “El Katedral”a tanınmamaq üçün üzünü gizlədərək gəlirdi. Amma İqitanı bir dəfə yaxaladılar. Bütün futbolçular arasında o, Eskobar ilə ən yaxın dost idi və onu həbsxanaya yaxınlaşarkən tanıyanda, bir neçə gün saxladılar, dindirdilər, nəticədə isə DÇ-1994-ə aparmadılar. Kim bilir, bəlkə də “Kafeteros”a (Kolumbiya yığmasına) qrupdan çıxmaq üçün elə “El Loko” çatmırdı? Lakin Eskobar həmin uğursuzluğu artıq görmədi.

1992-ci ildə vəziyyət dəyişdi. Qaviriyanın prezident postunda mövqeləri möhkəmlənirdi və insidentdən sonra o, Eskobarı "həqiqi" həbsxanaya köçürməyi əmr etdi. O, yenidən köhnə terror taktikasını sınadı və Boqota küçələrində onlarla insanı partlatdı, amma işə yaramadı. Əksinə, narkotik yuvalarını təmizləməyi öhdəsinə götürən bütöv bir hərbiləşdirilmiş “Pablo Eskobar qurbanları” qrupu peyda oldu.

Eskobar “El Katedral”dan qaçdı, amma artıq xilas ola bilmədi. Ona qarşı bütöv bir ölkə qalxmışdı. Üstəlik Eskobarı CIA agentləri də izləyirdilər.

Resim

Popay xatırlayırdı ki, hökumət əsgərləri tərəfindən təqib olunarkən Pablo ilə ikisi arxda uzanmışdılar, amma burada da Eskobar DÇ-1994-ün seçmə mərhələsinin oyununu translyasiya edən cib radiosuna qulaq asırdı:

“Düşünürəm ki, vəssalam, bizi dəqiq tutdular. Pablo isə deyir: “Kolumbiya qol vurdu!” Futbol onun yeganə sevinci idi. Onun göyün yeddinci qatına gedən yolu idi”.

Eskobarı 2 dekabr 1993-cü ildə öldürdülər. Kolumbiya və ABŞ üçün bu, böyük bayram idi. Kimsə hətta inanırdı ki, genişmiqyaslı narkoticarətə son qoyulub.

Lakin Eskobarın yerinə yeni baronlar gəldi. Daha çevik və o qədər də xoş olmayanlar. Bu “yenilər” artıq futbolçuları dost hesab etmirdilər, buna görə də Andres Eskobar (red – Pablonun qohumu deyil) DÇ-1994-də ABŞ-la oyunda öz qapısına qol vurandan sonra onu küçənin ortasında “Qol! Qol!” qışqıraraq güllələdilər. Ona görə kartellər mərc oyunlarında milyonlar itirmişdilər.

“Pablo vaxtı belə bir şey baş verməzdi. Onun öz qaydaları var idi”, – deyə qardaşı Roberto bildirir.

World Cup moments: Andrés Escobar's fatal own goal in 1994 – The Irish Times

Eskobarın ölümündən bir il sonra Kolumbiya yığması FİFA reytinqində 4-cü yerdən 34-cü yerə endi, Faustino Asprilya başda olmaqla ulduzlar isə ölkəni tərk etdilər. Narkofutbol öldü, geridə xarabalıqlar qoyaraq. Bəs kimdir günahkar? Məsuliyyət kimdədir?

“Biz hamımız buna icazə verirdik. Biz hamımız bunda iştirak edirdik. Narkokartellər fenomeni də elə bundan ibarətdir”, – çirkli pulların yuyulmasına görə həbsdə yatmış futbol federasiyasının eks-prezidenti Xuan Xose Bellini bildirir.

“Biz idmandakı qələbəni təhlükəsizliyimizə dəyişdik. Cəmiyyətimiz qüsurlu təməl üzərində qurulmuşdu”, – məşqçi Maturana da belə hesab edir.

“Təməl” yaxşı sözdür. Bəzən adama elə gəlir ki, Kolumbiyada onu məhz Eskobar qoyub. Təsadüfi deyil ki, bir neçə gün əvvəl - 2025-ci ilin noyabrında yeni prezident Qustavo Petro, yeni Medellin karteli NJN-i zümrüd şaxtalarına, futbol klublarına, siyasətçilərin qətlinə və ABŞ-a kokain trafikinə nəzarət etməkdə ittiham etdi.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm