Abramoviç Trampın keçmiş məsləhətçisi ilə anlaşdı
Bizi izləyin

İdman

Abramoviç Trampın keçmiş məsləhətçisi ilə anlaşdı

“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç 5,3 milyard funt sterlinqdən çox dəyərində dondurulmuş aktivlər uğrunda hüquqi mübarizədə maraqlarını müdafiə etmək üçün yüksək səviyyəli vəkillər komandası ilə əməkdaşlıq edəcək.

Publika.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Rus iş adamının aktivləri, mənşəyi ilə bağlı araşdırma aparıldıqdan sonra – 2022-ci ildə Cersi ştatının hakimiyyəti tərəfindən dondurulub.

Abramoviçin məhkəmədə onu təmsil edən hüquq komandasına Donald Trampın ABŞ prezidenti kimi ilk müddətində onun baş hüquq məsləhətçisi olmuş Erik Herşmann daxildir. Qrupa həmçinin ən azı beş başqa vəkil daxildir.

Qeyd olunur ki, məhkəmənin nəticəsi “Çelsi”nin satışından əldə edilən gəlirin gələcək taleyinə təsir göstərə bilər və Abramoviç müqavilənin şərtlərinə görə, bu gəliri Ukraynadakı hadisələrin qurbanlarına kömək etmək üçün istifadə etməyə borcludur.

Biznesmenin nümayəndələri iddia edirlər ki, klubun satışından əldə edilən 2,35 milyard funt sterlinqin 1,4 milyard funt sterlinqi Cersi hakimiyyəti istintaq və hüquqi prosedurlar başa çatana qədər xeyriyyə təşkilatına köçürülə bilməz.

Daha əvvəl Böyük Britaniyanın Baş naziri Starmer Abramoviçin öhdəliklərini yerinə yetirməli və Ukraynaya humanitar yardım üçün vəsait köçürməli olduğunu, əks halda hökumətin bunu məhkəmə yolu ilə edə biləcəyini bildirmişdi.

Mənbənin məlumatına görə, Abramoviç Starmerin bütün vəsaitlərin 17 marta qədər Ukrayna üçün yeni yardım fonduna köçürülməsi tələbini qulaqardına vurmaq niyyətindədir.

Bildirilir ki, “Çelsi”nin satışından əldə edilən 2,35 milyard funt sterlinq, eləcə də 2022-ci ildən etibarən təxminən 150 milyon funt sterlinq faiz Abramoviçin nəzarətində olan “Fordstam Ltd” şirkətinin bank hesabında dondurulmuş vəziyyətdədir.

Bu məbləğin 1,429 milyard funt sterlinqi iş adamının nəzarətində olan, Cersi ştatında qeydiyyatdan keçmiş “Camberley International Investments Limited” şirkətinə məxsusdur.

Xatırladaq ki, Abramoviç 2022-ci ildə Böyük Britaniya hökumətindən bütün gəlirin Ukraynadakı hadisələrin qurbanlarına dəstək olmaq üçün istifadə edilməsi şərti ilə “Çelsi” futbol klubunu satmaq üçün icazə almışdı. Lakin klubun keçmiş sahibi ilə mürəkkəb danışıqlar səbəbindən vəsait dondurulmuş qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm