Baş məşqçidən inanılmaz etiraf: “Stadion kabusdur, oyunçular da qadın kimidir”
Bizi izləyin

İdman

Baş məşqçidən inanılmaz etiraf: “Stadion kabusdur, oyunçular da qadın kimidir”

Türkiyə Superliqasında çempionluq mübarizəsi İstanbul nəhəngləri arasında gedir. Çoxdandır belə dramatik, başabaş intriqa izləmirdik.

Hazırda qış fasiləsində olan çempionatda 16 turdan sonra aşkar favorit göstərmək çətindir. Turnir cədvəlinə “Fənərbaxça” başçılıq etsə də, bir xal geri qalan “Qalatasaray” və “Beşiktaş” onları qarabaqara izləyir. Çox güman ki, mövsümün sonuna kimi bu üçlük arasında təqib mənzərəsi itməyəcək. Amma “Qara qartallar”ın azarkeş sarıdan sıxıntı çəkməsi futbolçulara mənfi təsirini göstərə bilər. Elə komandanın baş məşqçisi Slaven Bilic də Almaniyanın "11 Freunde" (11 dost) jurnalına müsahibəsində bu məqamı xüsusi qabardıb.

Publika.az xorvat mütəxəssisin açıqlamalarını təqdim edir:

“Matçdan əvvəl paltardəyişmə otağında işığı söndürürəm”

“Böyük məşqçilərin bioqrafiyalarını oxuyaraq özümü inkişaf etdirməyə çalışıram. "Çikaqo Bulls"un əfsanə məşqçisi Fill Ceksonun "Sacred Hoops" (“Müqəddəs Halqalar”) adlı kitabında dünyada uğurlu məşqçilərin iş metodları yazılıb. Məsələn, "Beşiktaş" "Bavariya" ilə matça çıxacaq. Matçdan əvvəl paltardəyişmə otağında işığı söndürürəm. Oyunçularımdan gözlərini yummalarını və mənə diqqətlə qulaq asmalarını söyləyirəm”.

Kabus stadionu

“Ümumiyyətlə, bu mövsüm ən böyük problemimiz stadion oldu. Öz arenamızın təmiri davam etdiyi üçün oyunlarımızı kənarda oynamaq məcburiyyətindəyik. Çox təsirli və fantastik azarkeş qrupumuz olduğu halda bundan yararlana bilmirik. “Atatürk Olimpiya” stadionu 80 min nəfərlikdir. Lakin biz burada görüşlərimizi 3 min adam üçün oynayırıq. Kabus kimidir. Bu böyük stadionda bu qədər az tamaşaçı sizə müsbət təsir edə bilməz. "Qalatasaray" burada bir mövsüm oynadı və mövsümü 7-ci yerdə başa vurdu. Ümumiyyətlə, komandamın oyunundan razıyam və çempionluğa ən böyük namizədlərdənik”.

“Çempion olmaq kifayət deyil”

“Beşiktaş”ın baş məşqçisi olaraq, vəzifəm sadəcə meydana çıxıb nəticə almaq deyil. Burada darıxdırıcı, nəticəyə hesablanan futbol yaxşı qarşılanmır. Bu üsulla çempion olsam belə, məni qovarlar.

Türkiyəyə uyğunlaşmaq çox vaxtımı almadı. Öncə dil problemim olduğu üçün qorxularım var idi. "Beşiktaş" beynəlxalq bir klubdur. Burada problemsiz çalışıram. Təklif gəldiyi zaman video görüntülərindən "Beşiktaş"ı analiz etdim və şərtlər də uyğun olduğu üçün qəbul etdim. Bura hazırda mənim evimdir”.

“Futbolçular qadın kimidir”

“Futbolçulara vəd verməyin. Bu mövzuda onlar qadın kimidirlər. Çünki bu zaman nəyi əldə edəcəklərinə diqqətlərini yönəldirlər, qazanmamaq ehtimalını heçə sayırlar. Həm oyunçu, həm də baş məşqçi kimi özünəinam çox vacibdir”.

"Hakim faktoru"

“Mənim komandadan istədiyim tələb olunan futbolu nümayiş etdirmələridir. Lakin futbolda şans faktoru da əhəmiyyətlidir. Bir də hakim səhvləri yaxşı oynadığınız vaxt belə xallarınızı ala bilər. Lakin hakim səhvləri idmanın hər növündə var”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm