Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
Bizi izləyin

İdman

Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək

“Çox maraqlı oyun oldu. Sürətli hücumlarla yadda qaldı. İlk yarıda “Sabah”ın dominantlığı var idi. Qalib gəlmək istəkləri görünürdü. Oyuna daha motivasiyalı hazırlaşmışdılar. “Qarabağ” isə “yatmış” kimi görünürdü. “Nyukasl” səfərindən yorğun qayıtdıqları hiss olunurdu. Komandanın motivasiyası yox idi. Sanki nəticə onlar üçün vacib deyildi”.

Bu sözləri Publika.az-a açıqlamasında futbol mütəxəssisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” matçını dəyərləndirərkən deyib. İndiki halda mövsümün matçı hesab edilən qarşılaşmanı şərh edən təcrübəli məşqçi bir sıra vacib məqamlara toxunub.

Onun sözlərinə görə, Ağdam klubunun heyətindəki dəyişikliklər xüsusilə sağ cinahda komandaya problem yaradıb:

“Qarabağ”ın heyətindəki dəyişikliklər də maraqlı idi. Bədavi Hüseynov varkən Mateus Silva müdafiənin mərkəzində, Dani Bolt isə sağ cinahda çıxış edirdi. Bədavini heyətə daxil edib, Silvanı sağ cinahda oynatmaq olardı. Bəlkə də hansısa səbəblər vardı. Həmçinin çempionluq üçün vacib oyunda Leandro Andradenin əvəzinə Aleksey Kaşukun meydana çıxması da sual doğurur. Çünki “Sabah”ın bütün uğurlu hücumları “Qarabağ”ın sağ cinahından qurulurdu.

Uzun müddətdir ki, “Qarabağ”ın mərkəz müdafiəsində problemlərin olduğunu bildirirəm. Bu oyunda da, avrokubok matçlarında buraxılan qolların əksəriyyəti məhz mərkəz müdafiəsinin səhvlərindən vurulur. Qapıçı Mateuş Koxalski də bu oyunda zəif çıxış etdi”.

Əhmədov “Qarabağ”ın yalnız üçüncü qolu buraxdıqdan sonra toparlandığını bildirib. O, “köhlən atlar”ın geridönüşündə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın uğursuz əvəzetməsinin də rolu olduğunu qeyd edib:

“Qarabağ” üçüncü qolu buraxdıqdan sonra ayıldı ki, “çempionluq qatarı” gedir. “Sabah” da bundan sonra arxayınlaşdı. Bundan başqa, hesab 3:1 olarkən Valdas Dambrauskas komandanın aktiv oyunçularından olan və və topu özündə çox saxlamağı bacaran Aaron Maludanı əvəzləməyini anlaya bilmədim. “Sabah” bundan sonra əks hücumlarla oynamağa başladı və irəlidə top saxlaya bilmədi, hesabı qorumağa çalışdılar. Bu da onlara baha başa gəldi. Müdafiə xəttində arxayınlıq yaranmışdı. “Qarabağ” da öz növbəsində Abdulla Zubir, Kamilo Duran və Leandro Andrade kimi futbolçuların ustalığı sayəsində rəqibi təzyiqdə saxlamağı bacardı və nəticədə müdafiədə boşluqlar yarandı. Əvəzetmələr də uğurlu oldu. Andrade, Musa Qurbanlı və Emmanuel Addayın meydana çıxması matçı dəyişdi. Qollarda hər birinin əməyi oldu. Musa da qolunu vurdu. Oyunda dayanma olmasaydı, bir az vaxt olsaydı, “Qarabağ” hətta dördüncü topu da “Sabah”ın qapısından keçirəcəkdi. Çünki Bakı klubunda oyun sistemi təmiz pozulmuşdu. Nə etdiklərini bilmirdilər.

Ümumilikdə isə futbol adına hər şey – qollar, sürətli oyun, vərəqələr, mübarizə, hətta məşqçilər arasında gərginlik, bir sözlə bu oyunda hər şey var idi. Biz çox gözəl matç izlədik. 3:3 hesabı da oyuna görə idi”.

Tərlan Əhmədov böyük üstünlüyü əldən verməsinin “Sabah”ın əleyhinə ola biləcəyini bildirib. O, avrokuboklarda çıxışını başa vurduqdan sonra “Qarabağ”ın ölkədaxili yarışlara diqqətini yönəldəcəyini və buna görə də bundan sonra mübarizənin daha gərgin keçəcəyini vurğulayıb:

“Sabah”ın qələbəsi ilə çempionluğun taleyi həll oluna bilərdi. Bu şansı əldən vermələri onlar üçün problem ola bilər. Bu heç-heçə ola bilsin, komandanın işini çətinə salsın. “Qarabağ” bu məqamdan səmərəli şəkildə istifadə edə bilər. Hələ 11 tur və aralarında daha bir oyun var. Mükafatçılar sırasında olan və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalar da boş dayanmayacaqlar. Onların hər birinin xala ehtiyacı var.

“Turan Tovuz”, “Zirə” və “Neftçi” şanslarından istifadə etməyə çalışacaqlar. “Neftçi” son zamanlar yaxşı çıxış edir və avrokubok şansı var. Bu komandalar “Qarabağ” və “Sabah”a çempionluq yolunda problem ola bilərlər. Ağdam klubu avrokuboklarda çıxışını başa vurub və diqqətini ölkə daxilinə yönəldib. “Qızıl dubl” etmək istəyəcəklər. Demək olar ki, çempionat bundan sonra qızışacaq. “Qarabağ”ın qayıdışından sonra hər kəsin səviyyəsi, bu yerlərə necə gəldiyi bilinəcək”.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm