İdman
Dünya müharibəsindən əvvəl və sonra: İki fərqli DÇ-nin hekayəsi
Dünya çempionatlarının tarixi barədə silsilə yazılarımızın ikinci hissəsində futbolun ən fırtınalı və dramatik illərinə səyahət edirik. İlk yazıda 1930 və 1934-cü il mundiallarının təməlini qoyduğu ənənələrdən bəhs etmişdik.
İndi isə diqqət mərkəzində yaxınlaşan fəlakətin kölgəsində keçən DÇ-1938 və futbola 12 illik fasilə verdirən İkinci Dünya müharibəsindən sonra böyük bir qayıdışa səhnə olan DÇ-1950 var. Bu iki turnir sadəcə futbol oyunları yox, bütöv bir dövrün, siyasi intriqaların və insan faciələrinin yaşıl meydandakı inikası idi.

DÇ-1938: Müharibənin ayaq səsləri və Braziliyanın erkən arxayınlığı
Üçüncü dünya çempionatını Avropada sürətlə inkişaf edən siyasi gərginlikdən ayırmaq qeyri-mümkündür. Turnirə ev sahibliyi etmək üçün iki əsas namizəd var idi: 1936-cı il Olimpiadasını yüksək səviyyədə təşkil edən Almaniya və turnirlərin Avropa ilə Amerika arasında növbələşməsi prisipinə güvənən Argentina. Lakin FİFA prezidenti Jül Rime nüfuzundan istifadə edərək turniri vətəni Fransaya daşıdı.
Bu qərar xüsusilə Cənubi Amerika ölkələrini qəzəbləndirdi. "Niyə iki dəfə ardıcıl Avropa?" deyən Argentina, Uruqvay və ABŞ turniri boykot etdi. İspaniya isə vətəndaş müharibəsi səbəbindən kənarda qaldı. Ən qəribə siyasi hadisə isə Avstriya millisinin başına gəldi. Güclü heyəti ilə turnirə vəsiqə qazanan Avstriya, çempionat ərəfəsində Almaniya tərəfindən işğal (Anşlüs) edildiyi üçün ölkə kimi xəritədən silindi və turnirdə iştirak edə bilmədi.

Turnirin maraqlı anlarına gəlincə, ilk mərhələdə Braziliya və Polşa arasındakı qarşılaşma mundiallar tarixinə qızıl hərflərlə yazıldı. Braziliyalı Leonidasın və polşalı Ernest Vilimovskinin ulduzlaşdığı oyunda Braziliya 6:5 hesabı ilə qalib gəldi. Vilimovski dünya çempionatları tarixində bir oyunda 4 qol (poker) vuran ilk futbolçu oldu. Maraqlısı budur ki, güclü yağış səbəbindən butsları palçıqda ağırlaşan bəzi braziliyalıların, o cümlədən Leonidasın matçın bir hissəsini ayaqyalın oynadığı iddia edilir.
Turnirin ən böyük səhvi isə Braziliyanın yarımfinalda İtaliyaya qarşı nümayiş etdirdiyi arxayınlıq oldu. Cənubi amerikalılar finala çıxacaqlarına o qədər əmin idilər ki, ən yaxşı oyunçuları Leonidası dincəlməsi üçün ehtiyatda saxladılar və hətta finalın keçiriləcəyi Parisə əvvəlcədən təyyarə biletlərini aldılar. İtaliya millisinin baş məşqçisi Vittorio Pozzo braziliyalılara "kim udsa, biletlər onun olsun" təklifini etsə də, rədd cavabı aldı. Nəticədə İtaliya qalib gəldi. Qəzəbli braziliyalılar biletləri satmaqdan imtina etdilər və İtaliya millisi finala qatarla getməli oldu.
Finalda Macarıstanı 4:2 hesabı ilə məğlub edən İtaliya ardıcıl ikinci dəfə dünya çempionu oldu. Vittorio Pozzo isə tarixə iki dünya çempionluğu qazanan yeganə baş məşqçi kimi düşdü. Yeri gəlmişkən, məhz bu turnirdə ilk dəfə ipli deyil, daxili klapanı olan hamar futbol toplarından istifadə edildi.

İkinci Dünya müharibəsi: Ayaqqabı qutusunda gizlədilən kubok
1939-cu ilin sentyabrında başlayan və milyonlarla insanın həyatına son qoyan İkinci Dünya müharibəsi futbolu 12 il müddətinə dayandırdı. Bu qaranlıq dövrdə ən maraqlı futbol əhvalatı “Qızıl İlahə” adlanan dünya kubokunun taleyi ilə bağlıdır. Alman faşistləri kuboku ələ keçirmək üçün İtaliyanı ələk-vələk etsələr də, italyan futbol funksioneri Ottorino Barassi kuboku köhnə bir çəkmənin içində, çarpayısının altında gizlədərək onu qoruyub saxlaya bildi. FİFA-nın 1946-cı ildəki konqresində o, kuboku sağ-salamat təşkilatçılara təhvil verdi. Beləliklə, böyük qayıdış üçün hazırlıqlar başladı.

DÇ-1950: Böyük qayıdış və "Marakana" faciəsi
Müharibədən çıxmış, iqtisadiyyatı çökmüş Avropa ölkələrinin heç biri turnirə ev sahibliyi etmək istəmirdi. Belə çətin məqamda Braziliya təşəbbüsü öz üzərinə götürdü. Onlar Rioda o dövr üçün ağlasığmaz görünən, 200 min azarkeş tutumuna malik əfsanəvi "Marakana" stadionunu inşa etdilər.
Müharibənin təsirləri iştirakçı siyahısında da özünü göstərdi. Almaniya və Yaponiya aqressor kimi kənarlaşdırıldı, Şərqi Avropa ölkələri (SSRİ, Macarıstan, Çexoslovakiya) turnirə getmədi. İtaliya millisi qatılsa da, bir il əvvəl - 1949-cu ildə "Torino" klubunun təyyarə qəzasına uğraması nəticəsində millinin əsas özəyi məhv olmuşdu.

Bu turnir də tarixə maraqlı anları ilə düşdü. Məsələn, Hindistan millisi FİFA-nın ayaqyalın oynamaq olmaz qadağasına etiraz edərək turnirdən çəkildi. İngiltərə isə ilk dəfə mundiala qatıldı, lakin böyük bir şok yaşadı. Əsasən həvəskarlardan ibarət ABŞ yığması ingilisləri 1:0 hesabı ilə məğlub etdi. Oyundan əvvəl amerikalıları ələ salan İngiltərə mətbuatı bu hesaba inana bilmədi. Bəzi qəzetlər bunun teleqraf xətası olduğunu düşünüb hesabı qəzetlərə "İngiltərə 10:1 ABŞ" kimi çap etdilər.
Braziliya daha çox bilet satmaq üçün FİFA-ya qəribə bir format qəbul etdirmişdi. Pley-off yox idi, qrup qalibləri final qrupuna çıxır və çempion bu qrupda müəyyənləşirdi. Final qrupunun son oyununda Braziliya və Uruqvay üz-üzə gəldi. Bu, faktiki olaraq final idi.

Braziliyaya çempion olmaq üçün heç-heçə də bəs edirdi. Bütün ölkə bayram ab-havasında idi. Qəzetlər oyundan əvvəl "Braziliya çempion" manşetləri ilə çıxmış, futbolçular üçün 22 qızıl medal hazırlanmış, hətta FİFA prezidenti Jül Rime təbrik nitqini braziliyalılar üçün yazmışdı. Amma Uruqvay millisinin kapitanı Obdulio Varela soyunub-geyinmə otağında komandasına bu sözləri dedi: "Autsayderlər qazanmır. Tribunadakılara fikir verməyin, oyun meydanda keçəcək!"
Braziliya ikinci hissədə hesabı açsa da, Uruqvay 66-cı dəqiqədə bərabərliyi təmin etdi. 79-cu dəqiqədə isə Alsides Qica Braziliya qapıçısı Barbosanın səhvindən istifadə edərək 200 minlik stadionu ölüm sükutuna qərq edən qolu vurdu. Uruqvay 2:1 qalib gəlib ikinci dəfə dünya çempionu oldu.

Final fitindən sonra Braziliyada əsl milli matəm başladı. Tribunada infarkt keçirənlər, intihar edənlər oldu. Braziliya millisi uğursuzluq gətirdiyinə inanaraq, bir daha heç vaxt o matçda geyindiyi ağ formalardan istifadə etmədi və məşhur sarı-yaşıl rənglərə keçid etdi.
Buraxılan qolda günahlandırılan qapıçı Moasir Barbosa isə ömrünün sonunadək xalqın qəzəbindən qurtula bilmədi. Ölümündən qısa müddət əvvəl dediyi bu sözlər futbol tarixinin ən kədərli sitatlarından biridir: "Braziliyada ən ağır cəza 30 ildir. Mən isə etmədiyim bir cinayətə görə 50 ildir cəza çəkirəm".

DÇ-1950 həddən artıq arxayınlığın və rəqibə hörmətsizliyin futbolda necə bağışlanmaz olduğunu göstərən ən böyük dərs olaraq tarixə keçdi. Bu dərsi o gün televizor qarşısında ağlayan atasını təsəlli edən 9 yaşlı bir uşaq da izləyirdi. O uşaq sonradan bütün dünyaya "Futbol kralı" kimi tanınacaq Pele idi. Bu haqda isə gələcək yazılarımızda…
Heybət Məmmədov






-
Sosial18:36Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
-
Banklar 18:06“Yelo Bank”ın mənfəətində KƏSKİN AZALMA - Borcları artıb, əmanət portfeli kiçilib
-
Sosial17:42Azərbaycanda əhalinin sayı artdı
-
Rəsmi xronika16:18İlham Əliyev bu qanuna dəyişiklik etdi
-
Maraq dünyası15:40"Qiyamət" radiosundan müəmmalı hərbi mesaj: İndi hansı ölkə dağılacaq?
-
İdman15:06Dünya müharibəsindən əvvəl və sonra: İki fərqli DÇ-nin hekayəsi
-
Magazin214:33"Dünyanın ən seksual qadını" festivalda: Bütün gözlər ona dikildi - FOTOLAR
-
Magazin113:55Aysundan maraqlı açıqlama: Yenidən... - VİDEO





































