“Neftçi”yə növbəti şapalağı lənkəranlı gənclər vuracaq?
Bizi izləyin

İdman

“Neftçi”yə növbəti şapalağı lənkəranlı gənclər vuracaq?

Azərbaycan Premyer Liqasında 21-ci tura fevralın 10-da start veriləcək. Turun oyunları yenə də 2 gün ərzində keçiriləcək.

Futbol ictimaiyyətini narahat edən məqam

20 turdan sonra “çempion kim olacaq” sualına demək olar ki, aydınlıq gəlib. Qış fasiləsindən sonra “Qarabağ”ın ən yaxın izləyiciləri - “Neftçi” və “İnter”in xal itirməsi “Köhlən atlar”ın şansını birə-beş artırdı. İndi ağdamlıların ardıcıl 2-ci dəfə çempion olacağına ən bədbin azarkeş də şübhə etmir. Hazırda Qurban Qurbanovun yetirmələrinin çempionatda yalnız bir rəqibi var. O da elə “Qarabağ”ın özüdür. “Köhlən atlar”ı bundan sonra yalnız öz arxayınçılığı və məsuliyyətsizliyi məğlub edə bilər. Əslində komandaların qış “transfer pəncərəsi” dönəmindəki fəaliyyəti ilə bağlı məqama toxunarkən, qeyd etmişdik ki, belə transfer siyasəti ilə “Qarabağ”a müqavimət göstərmək mümkün olmayacaq. Ancaq indi başqa bir məqam ortaya çıxır. Özü də futbol ictimaiyyətini ciddi şəkildə narahat edəcək məqam: belə oyunla “Neftçi”, “İnter”, “Qəbələ” və ya “Simurq” Avropada nəyə nail olacaq? Yenə də biabırçılıq olacaq? Yenə də ümid “Qarabağ”a qalacaq? Yaxşı olardı ki, bu suallara avrokuboklara iddialı olan klubların rəhbərləri cavab versin.

Ukraynadan bir avtobus futbolçu gətirəsən...

İlk oyun günündə cəmisi bir qarşılaşma baş tutacaq. Ancaq bu qarşılaşmanın əhəmiyyəti olduqca böyükdür. Zaqatalada baş tutacaq oyunda avrokuboklara iddialı 2 komanda - “Simurq” və “Qəbələ” üz-üzə gələcək. Ötən tur öz meydanında AZAL-a məğlub olan “Qəbələ” iddialarına böyük zərbə vurdu. Zərbə həm də Roman Qriqorçukun perspektivinə kölgə saldı. Ukraynadan bir avtobus futbolçu gətir, büdcəsi büdcəndən 15 dəfə az olan komandaya məğlub ol. İndi “Qəbələ” “davam-tamam” məngənəsinin arasında qalıb. Ya “Simurq”a qalib gəlib, bu məngənədən qurtulmaq, ya da “avrokubok bizlik deyil” etirafını etmək lazımdır. Hazırda yaxşı formada olan “Simurq” ən yaxın izləyicisinə qalib gəlməklə avrokubok mübarizəsində yolunu xeyli rahatlaşdıra bilər. Yubiley - 25-ci matçına çıxacaq komandaların duelində “Qəbələ” minimal üstünlüyə malikdir. “Qırmızı-qaralar” son 6 görüşdə yalnız 1 dəfə məğlub olub. Zaqatala təmsilçisi öz meydanındakı son 3 görüşdə qalib gələ bilməyib.

Simurq - Qəbələ: 24 oyun, 8 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət, top fərqi 22:25.

Olan-qalan bir oyun var idi ki...

Turun qalan 3 görüşü fevralın 11-də keçiriləcək. “Neftçi” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. Vaxt var idi ki, bu qaşılaşma turun ən prinsipial oyunu sayılırdı, futbol ictimaiyyəti arasında geniş müzakirə olunurdu. Vaxt var idi... Amma indi şərtlər dəyişib. “Xəzər Lənkəran” büdcəsini ixtisar edərək, heyətə gəncləri cəlb edib. Bu da qarşılaşmanın prinsipiallığını aradan qaldırıb. Daha futbol ictimaiyyəti üçün “böyük oyun” yoxdur. Azərbaycanın futbol idarəçiləri olan-qalan bir oyun var idi ki, onu da çıxartdılar adam içindən. “Neftçi”nin isə büdcəsi yerindədir. Amma oyunu yox. “Ağ-qaralar”ın bahalı futbolçularının sərgilədiyi oyun onların aldıqları məvaciblə mütənasiblik təşkil etmir. Elə bilirsiz, belə oyunla “Xəzər Lənkəran”ın gənclərinə qalib gəlmək asan olacaq? Yox, nəzərə almaq lazımdır ki, cənublu gənclər bu qarşılaşmada inanılmaz əzmkarlıq göstərəcəklər. “Ağ-qaralar”a növbəti şapalağı elə lənkəranlı gənclər vura bilər. 2 ildən çoxdur “böyük oyun”larda uduzmayan “Neftçi” son 6 qarşılaşmanın hər birində ən azı 1 xal qazanıb. Ardıcıl 4 ev oyununda qələbə qazanan paytaxt təmsilçisi öz meydanında yalnız 1 dəfə - 7 il əvvəl məğlub olub. Ümumiyyətlə, “böyük oyun”lar tarixində 3 dəfə qonaq olan tərəf qalib gəlməyi bacarıb.

Neftçi - Xəzər Lənkəran: 31 oyun, 11 qələbə, 13 heç-heçə 7 məğlubiyyət, top fərqi 34:25.

AZAL ictimaiyyəti nəyə məcbur etməlidir?

Sözsüz, qış fasiləsindən sonra adından söz etdirən yeganə komanda AZAL-dır. Fasiləyə qədər autsayderlər arasında olan “təyyarəçilər” ardıcıl 2 qələbədən sonra artıq avrokuboklara iddia edir. Özü də AZAL bu 2 qarşılaşmada zəif rəqiblərə qalib gəlməyib, “Neftçi” və “Qəbələ”ni xalsız qoyub. Ancaq bütün hallarda, AZAL-ın nəyə qadir olduğu bu tur - “Qarabağ”la qarşılaşmada üzə çıxacaq. “Qarabağ”dan savayı digər komandaların gücü demək olar ki, bərabərdir. “Köhlən atlar” çempionatın ölçü meyarıdır. Özünü təsdiq etmək istəyən komanda məhz “Qarabağ”ı büdrətməyə çalışır. Tərlan Əhmədovun yetirmələri bu tür özünütəsdiq imkanından yararlana bilsə, futbol ictimaiyyəti “təyyarəçilər”in avrokubok iddialarına da ciddi yanaşmaq məcburiyyətində qalacaq. Təbii, ictimaiyyəti buna məcbur etmək üçün “Qarabağ”a qalib gəlmək lazımdır. Ardıcıl 4 oyunda rəqibinə qalib gələn “Qarabağ” yubiley - 25-ci oyun öncəsi böyük üstünlüyə malikdi. AZAL isə son 2 ev oyununda rəqib qapısına qol vura bilməyib.

AZAL - Qarabağ: 24 oyun, 5 qələbə, 6 heç-heçə, 13 məğlubiyyət, top fərqi 23:31.

Biləcəriyə getməyə dəyər?

Turun daha bir qarşılaşmasında isə çempionatın autsayderləri üz-üzə gələcək. Əslində bu qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədovun himayəsində olan komandaların oyunu kimi də xarakterizə etmək mümkündür. Maliyyə burulğanında çabalayan “Bakı”nın problemlərini də baş katib həll edir. Bunu nəzərə alsaq, elə oyunun nəticəsini də Elxan Məmmədovun gostərişinin həll edəcəyini düşünmək olar. Ancaq bütün hallarda, bu qarşılaşmanın turnir cədvəli baxımından heç bir əhəmiyyəti yoxdur. “Bakı” - “Sumqayıt” oyunu nəinki turun, bəlkə də çempionatın ən mənasız və prinsipiallığı olmayan qarşılaşmasıdır. Güman ki, bu amillər komandaların meydandakı oyununa da təsir edəcək. Belə mənasız oyuna görə Biləcəriyə getməyə dəyərmi?

Paytaxtın eyniadlı təmsilçisi son 4 qarşılaşmada rəqibinə qalib gələ bilməyib. Bu komandaların son 5 matçında meydan sahibi olan tərəf qələbə qazanmır. Son 3 oyunda isə hər iki komanda qol sevinci yaşayıb.

Bakı - Sumqayıt: 10 oyun, 4 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət, top fərqi 9:7.

Natiq Muxtarlı

Azərbaycan Premyer Liqası, 21-ci tur

10 fevral

17:00 Simurq - Qəbələ

Zaqatala. Şəhər stadionu

11 fevral

14:00 Bakı - Sumqayıt

Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu

15:00 AZAL - Qarabağ

Bakı. "AZAL Arena"

16:00 Neftçi - Xəzər Lənkəran

Bakı. "Bakcell Arena"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm