Rafael Nadal “Real”ın prezidenti ola bilər - Peresin mümkün varisi gündəmdə
Bizi izləyin

İdman

Rafael Nadal “Real”ın prezidenti ola bilər - Peresin mümkün varisi gündəmdə

Rafael Nadal “Real”ın prezidenti ola bilər - Peresin mümkün varisi gündəmdə

İspaniya tennisinin əfsanəsi Rafael Nadalın gələcəkdə “Real Madrid”in prezidenti olmaq ehtimalı gündəmə gəlib. Klub rəhbərliyində təmsil olunmağa hazırlaşan keçmiş tennisçi Florentino Peresin mümkün varislərindən biri kimi nəzərdən keçirilir.

Publika.az xəbər verir ki, İspaniyanın “Marca” nəşrinin məlumatına görə, “Real Madrid” noyabrın 4-də Nadalın klubun İdarə Heyətinə üzv seçilməsi üçün namizədliyini irəli sürüb. Məsələ ilə bağlı yekun qərarın noyabrın 21-də keçiriləcək üzvlərin ümumi yığıncağında verilməsi gözlənilir.

Bu təyinat Nadalın mütləq klub prezidenti olacağı anlamına gəlməsə də, ona “Real Madrid”in idarəçilik sistemini yaxından öyrənmək və bu sahədə təcrübə qazanmaq imkanı yaradacaq. 22 “Böyük dəbilqə” turnirinin qalibi olan Nadal həm beynəlxalq nüfuzu, həm də Madrid klubu ilə uzunmüddətli bağlılığı baxımından bu vəzifə üçün potensial namizədlərdən sayılır.

Nadal 2011-ci ildən “Real Madrid”in fəxri üzvüdür. Klubun nizamnaməsinə əsasən, prezidentliyə namizəd olmaq üçün azı 20 il fasiləsiz üzvlük tələb olunur. Bu şərtə görə, tennis əfsanəsi 2031-ci ildə müvafiq müddəti tamamlayacaq. Bununla belə, prezident vəzifəsi vaxtından əvvəl boşalarsa, İdarə Heyətinin üzvlərindən biri bu posta gətirilə bilər.

Nadal daha əvvəl də “Real Madrid”in prezidenti olmaq ehtimalı barədə danışıb. O, 2024-cü ildə İspaniyanın “La Sexta” telekanalına müsahibəsində belə bir vəzifənin onu xoşbəxt edəcəyini desə də, bunun hazırkı planları arasında olmadığını bildirmişdi.

Beləliklə, Nadalın İdarə Heyətinə daxil olması onun gələcəkdə Florentino Peresin varisi olmaq ehtimalını gündəmə gətirir. Lakin hələlik ispaniyalı əfsanənin prezidentliyə namizəd olmaq niyyətində olduğuna dair rəsmi açıqlama yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm