Peresin varis planı: “Real”ın gələcək prezidenti kim olacaq?
Bizi izləyin

İdman

Peresin varis planı: “Real”ın gələcək prezidenti kim olacaq?

Peresin varis planı: “Real”ın gələcək prezidenti kim olacaq?

“Real Madrid”in prezidenti Florentino Peres klubdan ayrıldıqdan sonra da idarəçilik modelinin qorunması üçün hərəkətə keçib. İspaniyalı funksioner gələcəkdə onun yerini tuta biləcək namizədlər sırasında tennis əfsanəsi Rafael Nadala üstünlük verir.

Publika.az xəbər verir ki, bu barədə “El Periódico” məlumat yayıb.

Məlumata görə, Peres noyabrın 4-də Nadali klubun Direktorlar Şurasına daxil etmək qərarı verib. Bu təyinatın noyabrın 21-də keçiriləcək ümumi yığıncaqda təsdiqlənməsi gözlənilir. Nəşr bu addımı Peresin gələcək idarəçilik planında mühüm gediş kimi qiymətləndirib.

Nadalın idarə heyətinə gətirilməsi həm də klub prezidentliyinə namizəd olmaq istəyən iş adamı Enrike Rikelmenin mövqelərini zəiflədə bilər. Son seçkilərdə səslərin 35 faizini qazanan Rikelme Peresə rəqib olmaq niyyətindədir. Lakin hazırkı prezident özünə yaxın və idarəçilik baxışlarını davam etdirə biləcək alternativ formalaşdırmağa çalışır.

Bununla belə, Nadalın prezident seçilə bilməsi üçün müəyyən şərtləri yerinə yetirməsi lazımdır. Belə ki, namizəd klubun ən azı 20 il üzvü olmalıdır. Tennis əfsanəsi bu tələbi Peresin yeni səlahiyyət müddəti başa çatdıqdan bir il sonra – 2031-ci ildə ödəyə biləcək. Bundan başqa, prezidentliyə namizədlər seçki siyahısı ilə birlikdə klubun büdcəsinin ən azı 15 faizi həcmində bank təminatı təqdim etməlidirlər.

Peres yalnız varisini müəyyənləşdirməklə kifayətlənmir, eyni zamanda klubun idarəçilik və maliyyə strukturunu yenidən qurmağa çalışır. Bu prosesdə mərakeşli iş adamı Anas Laqhrari onun ən yaxın tərəfdaşlarından biri kimi ön plana çıxıb. Laqhrari xüsusilə “Santyaqo Bernabeu” stadionunun inkişafı, strateji və maliyyə məsələlərində mühüm rol oynayır. Bernd Rayxart isə klubun kommersiya fəaliyyətləri, beynəlxalq sponsorluqları və stadionun idarə olunması ilə məşğuldur.

Maliyyə planına əsasən, “Real Madrid”in azlıq payının 1 milyard avroya qədər investorlara satılması nəzərdə tutulur. Bununla belə, investorların klub üzərində nəzarət əldə etməməsi və komandanın idman səhmdar cəmiyyətinə çevrilməməsi planlaşdırılır. Potensial investorlar arasında “Sixth Street” şirkəti və milyarder Bernar Arnonun nəzarətindəki qurumların adları çəkilir.

Qeyd edək ki, Peres bu layihəni müzakirə etmək üçün növbədənkənar ümumi yığıncaq keçirəcəyini bildirsə də, hələlik belə bir toplantı baş tutmayıb. Noyabrın 21-dəki yığıncağın isə əsasən Nadalın Direktorlar Şurasına təyinatına həsr olunacağı gözlənilir. Bu vəziyyət klubun bəzi üzvlərində yenidənqurma planının gələcəyi ilə bağlı narahatlıq yaradıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm