Skaloni Messinin əvəzolunmaz olduğunu etiraf etdi: “Onsuz eyni oynamaq mümkün deyil”
Bizi izləyin

İdman

Skaloni Messinin əvəzolunmaz olduğunu etiraf etdi: “Onsuz eyni oynamaq mümkün deyil”

Skaloni Messinin əvəzolunmaz olduğunu etiraf etdi: “Onsuz eyni oynamaq mümkün deyil”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komanda ilə müqaviləsini 2030-cu ilə qədər uzatmasından danışıb. Təcrübəli mütəxəssis açıqlamasında Lionel Messinin milli komanda üçün əvəzolunmaz futbolçu olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.

Skaloni Argentina Futbol Assosiasiyasına və qurumun prezidentinə müqavilənin uzadılması istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib. O, milli komandada fəaliyyətini davam etdirməkdən məmnun olduğunu və ilk gündəki motivasiyasını qoruduğunu bildirib.

Baş məşqçi qarşıdakı dövrdə gənc futbolçulara daha çox şans veriləcəyini də vurğulayıb. Bununla belə, yeni nəslin hələ Lionel Messi, Anxel Di Mariya və Nikolas Otamendinin səviyyəsinə çatmadığını deyərək azarkeşləri səbirli olmağa çağırıb.

Skaloninin ən diqqətçəkən açıqlaması isə Messi ilə bağlı olub. O, argentinalı ulduzun yoxluğunu doldurmağın mümkün olmadığını bildirib:

“Messinin yerini heç kim verə bilməz. Onun yoxluğunu aradan qaldırıb eyni şəkildə oynamağa çalışmaq mümkün deyil. Təsiri yalnız meydandakı çıxışı ilə məhdudlaşmırdı, həm də ətrafında xüsusi atmosfer yaradırdı”.

Mütəxəssis Messisiz yeni oyun modelinin formalaşdırılmasının çətin olacağını, lakin komandanın alternativ yollar taparaq irəliləməli olduğunu qeyd edib.

Skaloni hələlik 10 nömrəli formanı kimin geyinəcəyinə qərar vermədiklərini də açıqlayıb. Onun sözlərinə görə, bu nömrə hər futbolçuya verilməyəcək və seçim zamanı formanın məsuliyyətini daşıya biləcək oyunçuya üstünlük veriləcək.

Qeyd edək ki, Argentina mətbuatının məlumatına görə, Skaloninin yeni müqaviləsi iki mərhələdən ibarətdir. İlk ikiillik dövr 2027-ci ildə keçiriləcək Amerika Kubokuna qədər davam edəcək. Sonrakı mərhələdə isə müqavilənin daha iki il uzadılması və komandanın növbəti dünya çempionatına hazırlanması nəzərdə tutulur. Müqavilədə baş məşqçinin motivasiyasını itirdiyi halda əməkdaşlığı vaxtından əvvəl dayandırmaq imkanı da yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm