Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Bizi izləyin

Ekopublika.az

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır.

Müasir dünyamızda dövlətlər bir-birləri ilə artıq hərbi deyil, çox hallarda məhz iqtisadi üsul və vasitələrlə mübarizə aparırlar. Azərbaycanın iqtisadi cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz şərtlərini diktə etmək üçün şərait yaradır. Prezident İlham Əliyevin müasir dünya düzəninin iqtisadi və siyasi “oyun qaydaları”na dərindən bələd olması ölkəmizin maraqlarının bütün səviyyələrdə etibarlı şəkildə qorunmasına təminat verir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Aİ üçün cəlbedici edən faktorlardır.

Xarici ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman “imkanlar pəncərəsi” kimi dəyərləndiriblər.

Publika.az">Publika.az xəbər verir ki, bu günlərdə Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda “Azərbaycanda Biznes Mühiti-2021” hesabatı təqdim edilib. Avropa İttifaqının maliyyə dəstəyi ilə sayca 6-cı dəfə nəşr olunan “Azərbaycanda Biznes Mühiti-2021” hesabatı Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığındakı nailiyyətləri daha yaxşı başa düşməyə və biznes mühitini daha da inkişaf etdirməyə yönəlib. Hesabat qarşılıqlı əməkdaşlığın genişlənməsinin və Azərbaycan-Avropa İttifaqı işgüzar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərindəndir. Ötən ildə də Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşı olaraq qalıb. Tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Hesabata əsasən, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. Bu şirkətlərin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14 faizi isə artıq investisiya layihələrində iştirak edirlər.

Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Ötən il iyulun 18-də Prezident İlham Əliyevin Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, Aİ ölkəmiz üçün yaxın tərəfdaşdır. “Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”.

Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.

Uzun müddətdir ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusuna çevrilib. Hətta enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. Elə buna görədir ki, son onilliklərdə iqtisadi və siyasi məzmunlu beynəlxalq konfransların gündəliyinin başlıca müzakirə predmetlərindən biri enerji təhlükəsizliyi ilə bağlı olur. Xüsusən Avropa dövlətləri öz enerji təhlükəsizliklərinin daha yüksək səviyyədə təmin olunmasına, bu məqsədlə alternativ mənbələrdən enerji dəhlizlərinin yaradılmasına ehtiyac duyurlar.

Düzdür, son dövrlərdə bu məqsədlə müxtəlif təşəbbüslər ortaya atılıb. Lakin onların hamısı siyasi və iqtisadi iradənin olmaması səbəbindən kağız üzərində qalıb. Artıq tam gücü ilə işə düşən Cənub Qaz Dəhlizi isə məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturudur.

Cənub Qaz Dəhlizinin həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. Bəlkə də illər öncə bu layihənin reallaşması bəzilərinə qeyri-mümkün görünürdü. Lakin İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin etdi.

Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Anadolu Qaz Boru Kəməri istismara verildiyi tarixdən bu ilin aprelin 1-dək 26,13 milyard kubmetr təbii qaz nəql edilib. Cari ilin birinci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub. Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb. Bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı gözlənilir.

2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib ki, bu da vergi daxilolmalarının artmasına təsir edir. Vergi daxilolmalarında artım 250 milyon dollara bərabərdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Böyük Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi qarşıdakı illərdə iqtisadiyyatın, turizmin və digər bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradır. Bu torpaqların iqtisadi potensialı və təbii ehtiyatları kifayət qədər əlverişlidir. Sözsüz ki, azad edilən ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin mühüm bir hissəsi olacaq. Biznes dairələri də dövlətin yaratdığı imkanlardan yararlanaraq, rəqabətədavamlı məhsul və xidmətlər istehsalını genişləndirməli, yeni reallıqlar fonunda yaranmış əlverişli şəraitdən səmərəli və düzgün istifadə etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm