Ekopublika.az
Azərbaycan Qərb bazarına çıxır: gömrük qapılarımız... - Keçmiş nazirlə MÜSAHİBƏ
Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın diqqət mərkəzinə düşüb. Rusiyaya sanksiyalar fonunda Avropa alternativ mənbə kimi Azərbaycanın enerji resurslarına fokuslanıb. Eyni zamanda bu yaxınlarda Litva Prezidenti Gitanas Nauseda Bakıya səfəri zamanı azərbaycanlı iş adamları ilə bağlı maraqlı təklif səsləndirdi. Deməli, hazırda dünyada gedən siyasi və iqtisadi proseslərlə təkcə neftimizlə, qazımızla Qərbin gündəmini zəbt etməmişik. Digər amillər də Avropanı Azərbaycana tərəf boylanmağa sövq edir.
Bəs Azərbaycan öz milli maraqlarını qorumaq üçün əlinə düşən fürsəti necə dəyərləndirəcək? Rusiyanın enerji məhsullarını alaraq öz məhsulumuz kimi Qərb bazarına çıxara bilərikmi? Qərblə Şərq arasında coğrafi starteji mövqedə yerləşən dövlətimiz başdan-başa azad iqtisadi zonaya çevrilə bilərmi?
Suallarımızı keçmiş maliyyə naziri Saleh Məmmədova ünvanladıq.
Keçmiş nazirin Publika.az-a müsahibəsini təqdim edirik:
- Saleh müəllim, Litva Prezidenti Gitanas Nauseda Azərbaycana səfərə gəldi və iş adamlarımızı ölkəsinə dəvət etdi. Bu dəvət bizim iqtisadi maraqlarımız üçün hansı perspektivlər vəd edir?
- Litva bir Avropa ölkəsidir. Təsəvvür edin ki, Litva bazarına daxil olmaq bütün Avropa bazarına daxil olmaqdır. Azərbaycanın ən böyük problemlərindən biri keçmiş sovet məkanından kənara çıxmaqdır. Enerji bazarının Azərbaycan üçün problemi yoxdur. Hazırda Avropada enerji resurslarına çox böyük tələbat var. Azərbaycanın Avropanın tələbatı olan qədər enerji istehsal etmək üçün tələbatı yoxdur. Amma Avropa da yavaş-yavaş Rusiyanın enerji asılılığından canını qurtarmaq istəyir. Buna baxmayaraq, Azərbaycan Orta Asiyanın enerji resurslarının Avropaya daşınması üçün bir plasdarmdır. Bunun üçün ölkəmizin böyük imkanları var. Eyni zamanda Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində çox böyük töhfələr verə bilər. Amma bu istiqamətdə operativ işləmək lazımdır. Litva bazarına girmək bütün Avropa bazarına daxil olmaq anlamına gəlir. Litva həm də keçmiş sovet ölkəsidir. Bu yöndə olan bir çox problemlərimiz də aradan qaldırıla bilər. Azərbaycanlı iş adamlarına Litvada bu cür şəraitin yaradılması da çox vacib faktordur. Amma oraya yerləşmək üçün gərək Azərbaycan hökuməti ciddi tədbirlər görsün.
- Söhbət hansı tədbirlərdən gedir?
- Azərbaycanın ən böyük problemi daxili maliyyə, bank problemidir. Onlardan gələn yardım bizə ən çox bu istiqamətdə lazımdır. Baltikyanı ölkələr keçmiş sovet dövlətləri içərisində bank sistemində çox irəli gediblər. Rəqəmsal sistemə keçiblər. Bunun nəticəsində də onlar Avropa İttifaqına daxil olmaqla faktiki inkişaf etmiş ölkələr oldular. Bu gün Azərbaycan hökumətinin, Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas məsələlərdən biri də budur ki, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirək. Bu, yalnız iqtisadi sferada deyil, bütün sahələrdə, istiqamətlərdə olmalıdır. Bu istiqamətdə Latviya, Litva və Estoniya bizim üçün nümunədir. Söhbət həm təcrübi, həm texoloji, həm də bank sistemi və maliyyə bazarının qurulması istiqamətində onların bizə çox ciddi kömək edə biləcəyindən gedir. Azərbaycanın iş adamlarının bu ölkələrə yerləşdirilməsində gərək dövlət də dəstək olsun. Əvvəla, Azərbaycanda xaricə kapital yatırmaq haqqında qanunvericilik yoxdur. Bu gün xaricə kapital çıxarmaq istəyənlər gərək halal zəhmətlə qazandığı pulları qeyri-leqal yollarla çıxarsınlar.
- Sizcə, bu istiqamətdə çatışmayan hansı tendensiyalar, nüanslardır?
- İlk növbədə bunu leqallaşdırmaq, qanunvericilik bazasını yaratmaq lazımdır. Xaricdən kapital haqqında çoxlu sənədlər, qanunlar var. Onların qorunması haqqında proseslər və sair digər məsələlər də təmin olunub. Amma Azərbaycandan kənarda kapital axınının təşkili ilə bağlı hər hansı qanunvericilik aktı, sistem, maliyyə bazası yoxdur. Hazırda ölkə daxilində banklar 15-20 faizlə kredit verirlər. Kredit faizləri də çox yüksəkdir. Bizim iş adamlarımızın xaricdə gedib hər hansı bir iş görməsi üçün çox böyük miqdarda vəsait lazımdır. Həmin vəsaitləri də yüksək faizlərlə almaq qətiyyən mümkün olan iş deyil. Bank sistemimiz yenidən qurulmalıdır. Xüsusən də Mərkəzi Bankımız. Mərkəzi Bank bu gün ölkənin taleyində çox mühüm rol oynayır. Hazırda Mərkəzi Bank öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Prezident də bir neçə dəfə bildirib ki, banklar ancaq iqtisadiyyata zərər vurmaqla məşğuldurlar. Bu sistemdə hər hansı bir sistem və ya irəliləmə yoxdur. Çinin yaxşı bir təcrübəsi var. Vaxtilə ölkə içərisində o qədər də böyük olmayan valyuta rezervləri yaratdılar. Rezervlər 4 trilyonu keçən kimi Çinin Kommunist Partiyası qərar qəbul etdi ki, bunun 1 trilyonu xaricdə kapital kimi yerləşdirilsin və iş adamlarına kredit kimi verilsin. Onlar da investisiyaları aidiyyəti üzrə yerləşdirə bilsinlər. Amma bu keditlər o cür verilməlidir ki, bir sıra banklarımızda verildiyi kimi olmasın.
- Bəs bununla bağlı Mərkəzi Bankın üzərinə hansı öhdəliklər düşür?
- Mərkəzi Bank təlimatları, qanunvericilik bazasını hazırlamalıdır. Layihələrin kreditlərlə təmini ilə bağlı işlər həyata keçirilməlidir ki, bir qəpik də “o tərəf-bu tərəf” olmasın. Banklar elektronlaşdırılmalıdır ki, verilən pullar yeyilməsin. Nisbi olaraq götürdükdə Azərbaycanın valyuta rezervləri Çindən 3 dəfə çoxdur. Söhbət göstəricilərdən gedir. Bu pulları Amerika və ya Avropa banklarında saxlamaq da yaxşı hal deyil. Çünki sabah o pulların başına nələrin gələ biləcəyi də bəlli deyil. Əksinə, o pulları uzunmüddətli insan kapitalına çevirmək lazımdır. 52 milyardlıq rezervləri Litva, Latviya kimi ölkələrə, eləcə də Aropanın digər bazarlarına yönəltmək mümkündür. Bu gün yaradılmış rezerv ehtiyatlarımızın 180 milyard dollara yaxını kredit ehtiyatlarıdır. Böyük resurslardır. Bu kredit ehtiyatlarından daxili bazarda cəmi 10 faizə qədəri istifadə edilib. Həmin ehtiyatları 100 milyardlarla dollarlıq həcmə qədər yüksəltmək olar. Əgər kredit təklifi artarsa, dərhal faizlər 1-2 faizə qədər düşəcək. İş adamlarına 1-2 faizlə kreditlə verilsə, istehsalın həcmi artacaq. İş adamları axın edəcəklər. Yenə deyirəm, bunun üçün ilk növbədə qanunvericilik bazası yaradılmalıdır. Latviya, Litva kimi ölkələrə bu cür investisiyaların yatırılması bizim üçün çox önəmlidir. Azərbaycanın iş adamları çox böyük iş qabiliyyətinə malikdirlər. Hara getsələr, orada baş çıxaracaqlar. Sizə biz misal deyim, sovetlər dağılandan sonra Azərbaycandan çıxıb gedən iş adamlarının içərisində 7-8 milyarder var. Amma Azərbaycanın daxilində bir nəfər də olsun leqal milyarder formalaşmayıb. Milyarder leqal olanda millətə, xalqa fayda verə bilər. Əksi baş verərsə, həmin pulları qeyri-leqal yollarla ölkədən çıxaracaq. O baxımdan Litva ilə bu sahədə geniş istiqamətli işlər aparmaq olar.
- Sizcə, iş adamlarımız Litva kimi ölkələrdə, Avropa bazarlarında hansı sahələrə yatırımlar etsələr, daha çox mənfəət götürə bilərlər?
- Əsas prioritet sahəmiz texnologiya olmalıdır. İkinci ən böyük sahə tikinti sektoru ola bilər. Bu sahədə azərbaycanlı iş adamları böyük nailiyyətlər əldə ediblər. Eləcə də də iş adamlarımız Litvada kənd təsərrüfatı sahəsinə yatırım edə bilərlər. İş adamlarına göstəriş verə bilmərsən ki, get filan sahəyə yatırım elə... Onları pulla, leqal çıxışla təmin edə bilsək, iş adamlarımız hara pul yatırmağın daha sərfəli olduğunu özləri müəyyənləşdirəcəklər.
- Rusiya-Ukrayna savaşı fonunda Kremlə tətbiq olunan sanksiyalar Azərbaycanın Avropa bazarındakı çəkisinə hansı üstünlükləri qazandıracaq? Ümumiyyətlə, iqtisadiyyatdan başqa hansı sahələrdə Avropaya töhfə verə bilərik?
- Bugünkü Ukrayna-Rusiya müharibəsi Azərbaycan üçün ərzaq böhranı yarada bilər. Amma vəziyyəti düzgün təhil etsək, bu savaş və Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalar Azərbaycana çox böyük üstünlüklər gətirəcək. Bu üstünlüklərdən dərhal istifadə etməliyik. Çünki gecikirik. Yəni Rusiyanın Ukraynaya hücumu məsələsi haradasa altı aydır ki, gündəlikdədir. Amma Azərbaycan tərəfi bu üstünlükdən istifadə etmək üçün hər hansı addımlar atmaqda gecikir. Onsuz da Azərbaycanın Avropanın enerji bazarındakı yeri hər kəsə məlumdur. Hazırda Azərbaycan dövləti düzgün beynəlxalq siyasət yeridir. Hələ ki, hər hansı bir ciddi problemimiz yoxdur. Torpaqlarımız da işğaldan azad olundu və Azərbaycan bununla bağlı öz qabiliyyətini ortaya qoydu. Bu gün Azərbaycan Avropanın fiziki təhlükəsizliyində də mühüm rol oynaya bilər. Bu gün Prezidentin apardığı hərtərəfli siyasət nəticəsində çox güclü ordu formalaşdırılıb. Bu gün dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan Ordusunun Qarabağdakı şücaətindən danışmasın. Ona görə də indiki dövrdə Azərbaycanın dünyada təhlükəsizliyin qorunmasında ciddi rolu ola bilər. Bu istiqamətdə prosesləri tənzimləmək lazımdır. İlk növbədə Azərbaycan Rusiya-Ukrayna savaşı fonunda öz maraqlarını qorumalıdır. Sonrakı mərhələdə dünyada təhlükəsizliyin təmin olunmasında hansı töhfələri verə biləcəyimiz haqqında düşünməliyik. Mənə elə gəlir ki, ilk növbədə iqtisadi addımlar atılmalıdır. Rusiyanın hazırda heç bir çıxış yolu qalmayıb. Deyirlər ki, Çinlə ticarət əlaqələrini daha üst səviyyəyə çıxarmaqla Rusiya vəziyyətdən çıxa bilər. Bu, olmayacaq. Çünki Çinin öz maraqları var və Pekin öz iqtisadi maraqlarını heç nəyə qurban verməyəcək. Bu gün Çin Avropa və Amerika kapitalı sayəsində böyüyür, yenilənir. Qərb bu gün öz kapitalını geri çəksə, Çin çökəcək. Pekin bunu çox yaxşı başa düşür və ona görə də çox yaxşı qərarlar qəbul edir. Son dövrlər Çinin iqtisadi maraqları bir az büdrəyən kimi həmin yerə arxasını çevirir. Bəlkə də Çin dünyada Rusiyanın dağılmasını istəyən bir nömrəli dövlətdir. Hazırda Rusiyanın şimala, cənuba, qərbə, şərqə - bütün istiqamətlərə demək olar ki, çıxışı bağlıdır. Rusiyanın tək çıxışı yenə də Azərbaycan, Qafqaz ölkələri və Orta Asiya dövlətlərinin ümidinə qalır. Bu istiqamətdə ən önəmli yerdə yerləşən ölkə isə Azərbaycandır. Rusiyanın ehtiyatlarının mənimsənilməsində və dünya bazarına çıxarılmasında Azərbaycanın çox böyük rolu ola bilər. Təbii ki, sanksiyalardan da özümüzü sığortalamalıyıq. Amma leqal və qanuni yollarla bu işləri həyata keçirmək olar. Azərbaycanın bütün gömrük qapılarını sərbəst iqtisadi zona etmək lazımdır. Məsələn, bu gün Ələtdə bu prosesə başlanılıb. Amma proses uzanır. Azərbaycan bu prosesi dərhal sürətləndirməlidir. Məsələn, Yalamada sərbəst iqtisadi zona yaratmaq mümkündür. Eyni zamanda ofşor bankçılıq sistemi yaratmaq mümkündür. Belə olan halda hər kəs öz işlərini gəlib burada görəcək. Eyni zamanda Yaponiya, Cənubi Koreya kimi ölkələrin, eləcə də bütün Şərq dövlətlərinin məhsullarının Qərbə daşınması buradan keçə bilər. Elə bir sistem qurmalıyıq ki, gələcəkdə Rusiya və İrana qarşı sanksiyalar aradan qaldırılsa da, bu marşrutdan istifadə öz əhəmiyyəti itirməsin. Bütün bunlar Azərbaycan üçün böyük dividendlər, üstünlüklər gətirəcək. Bu da Azərbaycanın tezliklə inkişaf etmiş ölkəyə çevrilməsinə böyük töhfə verə bilər.
-
Magazin106:16
"Bir az bəzənən kimi deyirlər "Kimisə var"" - VİDEO
-
Magazin105:15
Xumar Yerin peykinə klip həsr etdi - VİDEO
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI