Köşə
Rəsulzadə “Əkinçi” haqqında
Dilqəm Əhməd
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə Azərbaycan mətbuatının yaradıcısı Həsən bəy Zərdabi haqqında bir neçə yazı qələmə alıb. Həmin yazılarda Rəsulzadə Həsən bəyin və “Əkinçi”nin Azərbaycan tarixində oynadığı rolu mükəmməl şəkildə izah edib.
1 mart 1926-cı ildə “Yeni Kafkasya” jurnalındakı “Azəri mətbuatının şanlı xatirəsi” adlı məqaləsində Rəsulzadə yazır:
““Əkinçi”nin zühuru yalnız milli deyil, eyni zamanda demokratik bir hadisə idi. Xanlıqlar dövrünün şairləri kimi o, saraylara və saray ətrafında toplanan mümtaz zövq ərbabına deyil, bütün xalqa xitab edirdi; məhəlli deyil, milli məqsəd güdürdü. Xalqı işıqlandırmaq onun ən böyük məqsədi idi. Xalqı işıqlandırmaq! Bundan 50 il əvvəl ortaya atılan bu şüarın necə işıqkeçirməz qaranlıq bir mühit içərisində parlamış bir nur olduğunu təsəvvür etmək mümkündür... Qutenberqin ecazkar makinasından bixəbər bir mühitdə ilk qəzet zühurunun nə demək olduğunu onsuz da təqdir edə bilərik”.
“Əkinçi” niyə bağlandı?
Həmin məqaləsində Rəsulzadə bunun cavabını çox dəqiq şəkildə verib:
“Belə ali bir məqsəd və ülvi bir dəvət ilə nəşriyyata başlayan “Əkinçi” yolu üzərindəki ən böyük müşkülü yox edə bilmədi. İstilaçı rus idarəçiliyi Həsən bəyin milli şüur toxumlarını saçan bir əkinçi olduğunu çox keçmədən fərqinə vardı, “Əkinçi” bağlandı”.
Rəsulzadə Həsən bəyin arzusuna çatdığını bildirir:
“Həsən bəy saçdığı toxumların 26 il qədər uzun sürən bir qışdan sonra gələn bərəkətli baharda göyərib səmərələr verdiyini şəxsən gördü; son çağlarında olsa da, Bakıda intişar edən türkcə qəzetlərdə şəxsən iştirak etmək səadətinə nail oldu. Həsən bəy öldü, fəqət saçdığı toxumun səmərə verdiyini görən müvəffəq bir əkinçi kimi fəxrli və sevincli şəkildə bu dünyadan köçdü. Həmin gün mətbuat qaraya büründü, şairlər mərsiyələr yazdı, teatrlar pərdələrini endirdi, bazar və dükanlar bağlandı. Bir kəlmə ilə millət matəm saxladı”.
“Yeni Kafkasya” da yazdığı “Zərdablı Məlikzadə Həsən bəy” adlı məqaləsində isə Rəsulzadə Azərbaycan türklərinin milli intibah və mədəni hərəkatının ilk böyük simasının Mirzə Fətəli Axundzadə olduğunu yazır, bu ənənənin yetişdirdiyi ikinci böyük şəxsiyyətin Həsən bəy olduğunu bildirir:
“İlk mücahid ölərkən xitab etdiyi mühitin laqeydliyi içində
həyatı tərk etdi, hətta cahil fanatiklərin düşmənanə təzahürlərinə
belə məruz qalmışdı. Həsən bəy ondan daha məsud çıxdı. 1905-ci ildə
baş verən ölümü milli intibah tarixində bənzəri nadir görülən bir
nümayiş halını aldı”.
Rəsulzadə illər sonra böyük izdihamın olduğu həmin təntənəni
xatırlayırdı. Çünki onun özü də həmin mərasimdə nitq
söyləmişdi:
“...Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər. İştə bu yolda da təşyinə yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdir. İştə bi qoca ədib də haman cəmaətin hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir ki, bu barələrdə çox danışıldı və vaxt müsaidət etmədiyindən nitqimi uzun etməyib qurtarıram”.
-
Nida Xəbər 09:18
Dünya mediası təyyarə qəzasından yazır - FOTO
-
Hadisə08:36
Xəzərdə bir gündə ikinci zəlzələ - YENİLƏNDİ
-
Nəqliyyat08:34
Bu yollarda tıxac var
-
Hadisə08:22
Azərbaycan FHN-nin psixoloq, həkim və xilasediciləri Aktau şəhərindədir - VİDEO
-
Nəqliyyat02:43
Təyyarəni istehsal edən "Embraer" şirkətindən AÇIQLAMA: "Buna hazırıq!"
-
Hadisə01:05
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU
-
Hadisə00:45
Nazir xəsarət alanların son vəziyyətini AÇIQLADI
-
Elm və təhsil00:14
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto