Paşinyan masada baş tutmayan oyununu cəbhəyə köçürür
Bizi izləyin

Köşə

Paşinyan masada baş tutmayan oyununu cəbhəyə köçürür

Asif Nərimanlı

Uzun səssizlikdən sonra işğalçı Ermənistan cəbhədə yenidən təxribata əl atdı. Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun zabiti Aqil Omarov şəhid edildi. Bu, atəşkəsin pozulması nəticəsində hərbi qulluqçunun düşmən gülləsinə tuş gəlməsi kimi işğalçının adi hala çevrilmiş təxribatı deyil, snayperlə Azərbaycan Ordusunun mayoru, batalyon komandirinin şəhid edilməsidir. Hədəf cəbhədə hərbi gərginliyin yaradılmasıdır: çünki bir ölkənin zabitinin vurulması müharibəyə təhrikdir.

Nikol Paşinyan hakimiyyəti cəbhədə müharibəni istəyir, yaxud kiçikmiqyaslı olsa belə hərbi eskalasiyanın baş verməsində maraqlıdır. Bunun özündə Ermənistan daxilində baş verənlərlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları birləşdirən səbəbləri var.

Paşinyan hakimiyyətə gələndən sonra keçmiş hərbi xuntanın qalığı olan Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimlə onun arasındakı kulis müharibəsi davam edir. Koçaryan və Sarkisyanın “mehriban düşmən” ittifaqı altında hərəkət edən “Qarabağ klanı” separatçı rejimdən Paşinyana qarşı “son qala” olaraq istifadə edir. Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərdi və bununla övladını girov qoyaraq, separatçı rejimi öz yanına çəkmək gedişi etdi. Ardınca 1 mart işi üzrə Robet Koçaryanı həbs etdirdi. Koçaryanın həbsi Ermənistan daxilində kulis müharibəsinin səhnəyə çıxması ilə nəticələndi. Separatçı rejimin indiki “rəhbəri” Bako Saakyan və keçmiş “rəhbəri” Arkadi Qukasyan keçmiş prezidentin məhkəməsinin keçirildiyi zala gələrək, onunla birlikdə müttəhim kürsüsündə dayandılar və bununla Paşinyana açıq şəkildə “Qarabağ klanı”ndan ayrılmadıqları mesajını verdilər. Daha sonra Koçaryan hər iki separatçının zəmanəti ilə mayın 18-də həbsdən azad edildi və bu, qarşıdurmanın pik nöqtəsi oldu. Azərbaycan zabitinin şəhid edilməsinə Ermənistanın daxili mübarizəsi kontekstində baxdıqda məhz mayın 20-də və ondan sonra baş verənlərə diqqət yetirmək lazımdır.

20 may – günün birinci yarısı: Paşinyan tərəfdarlarını küçəyə çıxmağa çağırdı və nəticədə İrəvandakı bütün instansiya məhkəmələrinin binaları mühasirəyə alındı. Məqsəd Koçaryanı həbsdən azad edən keçmiş hakimiyyətdən qalma məhkəmə sistemini dəyişdirmək idi. Paşinyanın “inqilabın ikinci mərhələsi” adlandırdığı bu qiyam günün birinci yarısı davam etdi, daha sonra Nikol “Saat 13:30-dan etibarən məhkəmə binalarının bloklanması aksiyasını dayandırmağa çağırıram. Bugünkü aksiya öz məqsədinə çatdı. Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması prosesi başlandı” deyə bildirdi. Məhkəmə sisteminin qurulması prosesi başlanmamışdı, sadəcə olaraq, baş nazir ölkədə “hakim mənəm” mesajını verirdi. Və bu mesajın ünvanlandığı “Qarabağ klanı”na qarşı ikinci addımı elə həmin gün atdı.

20 may – günün ikinci yarısı: Paşinyan gələcək müharibənin ssenarisini müəyyən edən açıqlama verdi: “Ermənistan və Qarabağ xalqları (Azərbaycan torpaqlarına yerləşdirilmiş ermənilər – red.) arasında ziddiyyətlər yaratmaq istəyən qüvvələr var. Onlar korrupsiyalaşmış sistemin təmsilçiləridir. Keçmiş hakimiyyət Qarabağda Ermənistan hakimiyyəti haqqında yalan məlumatlar yayırlar. Bu qüvvələr hərbi təxribatlar törədərək, əraziləri Azərbaycana qaytarmağa və bunun məsuliyyətini Ermənistan hakimiyyətinin üzərinə atmağa çalışırlar. Bu, dövlətə xəyanətdir. Bu planların qarşısını almaq üçün sərt addımlar atacağıq. Artıq “aprel müharibə”sində vəziyyəti öyrənmək üçün parlament komissiyasının yaratmağın vaxtıdır”.

Bu açıqlama özündə Paşinyanın cəbhədə atacağı addımların anonsu ehtiva edirdi.

24 may: Paşinyan oğlu Aşotu Dağlıq Qarabağ ərazisində yerləşdirilmiş erməni hərbi hissəsindən İrəvandakı hərbi hissələrin birinə köçürtdü.

30 may: Azərbaycan Ordusunun zabiti düşmən snayperindən açılan atəşlə şəhid edildi.

Hadisələrin analizi bu təxribatın Paşinyanın “Qarabağ klanı” ilə müharibəsinin nəticəsi olduğunu deməyə əsas verir.

Nikol “Bu qüvvələr hərbi təxribatlar törədərək, əraziləri Azərbaycana qaytarmağa və bunun məsuliyyətini Ermənistan hakimiyyətinin üzərinə atmağa çalışırlar” sözləri ilə Qarabağda mümkün müharibənin günahkarlarını öncədən müəyyən etdi; Girov olaraq göndərdiyi oğlunu ona qarşı istifadə etməsinlər deyə Qarabağdan çıxartdı; Azərbaycan zabitini şəhid edərək, “müharibə qapısını” araladı;

Paşinyanın planı belədir: Azərbaycan zabitini şəhid etməklə Bakının müharibəyə təhrik etmək, yaxud hər-hansı cavab zərbəsi nəticədə cəbhədə gərginliyin yaranmasına nail olmaq və bu gərginlikdən “Qarabağ klanına qarşı istifadə etmək. Çünki o, anlayır ki, I Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən və “qaliblər” kimi hələ də siyasi maraqlarını təmin edən “Qarabağ klanı”nı səhnədən silməyin yolu “məğlubiyyətdir”. Hərçənd, onun “məğlubiyyət” ssenarisi işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi yox, baş verəcək hərbi eskalasiyada erməni hərbi birləşmələrinin çoxsaylı itki verməsidir. Bu olacağı təqdirdə, itkilərin günahkarı kimi “Qarabağ klanı” və bu klanın uzantıları olan separatçılar göstəriləcək, erməni ictimai rəyində onların “qalib” imici sındırılacaq.

Burada sual yaranır: Paşinyanın cəbhədə təxribat törətmək üçün Qarabağdakı separatçıların “əmrində” olan erməni hərbi birləşmələrinə təsir qüvvəsi varmı? Qarabağdakı erməni hərbi birləşmələrinə separatçı rejim rəhbərlik edir, lakin unutmamalıyıq ki, bu hərbi hissələrdə “xidmət edən” zabitlər və əsgərlər Ermənistan Müdafiə Nazirliyinin kadrlarıdır və onlar İrəvandan gələn istənilən əmri həyata keçirə bilərlər.

Proseslərin inkişafı təsdiqləyir ki, Azərbaycan zabitinin şəhid edilməsi ilə nəticələnən təxribatın arxasındakı səbəblərdən biri Ermənistan daxilindəki siyasi mübarizədir. Bu kontekstdə Paşinyanın zəifləyən reytinqi də diqqətdən yayınmır. Mayın 22-də “Gallup” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, 2018-ci ilin sentyabrından indiyə kimi ermənilərin 20 faizi həyatından tam, 53,1 faizi qismən razı olduğunu bildirib. Ötən illə müqayisədə həyatlarından razı olan ermənilərin sayı cəmi 5 faiz artıb. 11 faiz erməni ölkədəki iqtisadi situasiyanı yaxşı dəyərləndirdiyi halda 54,4 faiz orta, 33,4 faiz isə pis qiymətləndirib. Respondentlərin fikrincə, hazırda Ermənistanın ən böyük problemi işsizlik (45 faiz), iqtisadi situasiya (40 faiz), aşağı əməkhaqqı (26,8 faiz), Qarabağ münaqişəsi (26,1 faiz) və miqrasiyadır (10,5 faiz). Bu nəticələr Paşinyanın reytinqinin alt-üst olduğunu göstərir. Halbuki o, Qarabağ münaqişəsinin ermənilərin problemləri içində 26,1 faiz yox, ən azı 70 faizdən yuxarı təşkil etməsində maraqlıdır. Bunun üçün yeganə yol cəbhədə gərginliyin yaradılması və “xarici düşmən” obrazının güclənməsidir. Çünki cəbhədə sabitlik ermənilərin diqqətini iqtisadi məsələlərə yönəldir və Paşinyan diqqəti daxili problemlərdən yayındırmağın yeganə yolu kimi hərbi eskalasiyanı görür. Klassik üslubdur.

Hərçənd, bu klassik üslubun ən böyük hədəfi danışıqlar prosesinin dalana salınmasıdır. Zabitimizin erməni snayperi tərəfindən məhz ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı şəhid edilməsi buna hesablanıb.

Masada baş tutmayan oyun cəbhəyə keçirildi: Sonuncu dəfə martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən rəsmi görüşündə İrəvanın danışıqlar prosesinin formatını dəyişdirmək planı alt-üst oldu və danışıqların mahiyyəti üzrə davam etdirilməsi qərarı verildi. Paşinyan prosesi uzatmaq və status-kvonu saxlamaq üçün son variant kimi məhz separatçıları danışıqlara daxil etmək tezisini irəli sürmüşdü. Bu planın baş tutmaması və Vyanada əldə edilən nəticələr növbəti danışıqlarda münaqişənin konkret həll variantı üzərində müzakirələrin aparılmasına zəmin yaradır. Həmsədrlərin regiona səfəri də danışıqların növbəti raundunu hazırlamaq məqsədi daşıyırdı. Prosesi masada uzatmaq üçün irəli sürdüyü bəhanələr sıradan çıxandan sonra Ermənistan status-kvonu saxlamaq üçün klassik üsluba – hərbi təxribata əl atdı. Paşinyan bu addımla öz sələflərinin səhvlərini təkrarladı. Lakin onun sələfləri məhz belə səhvlər buraxdığı üçün Azərbaycan Ordusunun gücü ilə qarşılaşdı, nəticədə hakimiyyətdən getdilər. Belə davam edəcəksə, Paşinyanı da eyni tale gözləyir. Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, işğalçı ölkənin dinc sakinlərə və hərbi qulluqçularımıza qarşı istənilən təxribatına adekvat cavab veriləcək. İndiyə qədər belə cavablar verilib və bundan sonra da davam edəcək. Bu proseslərdən beynəlxalq ictimaiyyət, xüsusilə həmsədr ölkələr də nəticə çıxarmalıdır. Birincisi, Ermənistan sülh danışıqlarını imitasiya etməklə onları aldadır, ikincisi, belə təxribatlar regionun təhlükəsizliyinə qarşı ciddi təhdiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm