Pullar da silinir, büdcədən ciblərə axırdı
Bizi izləyin

Köşə

Pullar da silinir, büdcədən ciblərə axırdı

Elçin Alıoğlu

Qarabağ savaşı barədə hansı film xatirinizə gəlir?

Ələ gələn, yadda qalan sadəcə "Fəryad"dır - istədiyimiz qədər mübahisə də edə bilərik, bəyənərik də, bəyənmərik də, başqa əsərləri sadalayar və onların məziyyətlərindən bəhs edərik.

Fərq etməz, "Fəryad" ən üst yerdədir.

Lakin "Fəryad" gerçəkdən də, şedevrdir?

Yox.

Film çox zəifdir, sadəcə, iki nəfərin aktyor istedadı və məharəti lenti ayaqda saxlayır. Ol mərhum sənətçilərin kimliyini bilirisiniz - məkanları nur ola hərdaim, çün bütün varlıqları ilə Vətənə və ulusa xidmət etdilər son nəfəslərinədək.

Mövcud duruma gəldikdə isə, Mədəniyyət Nazirliyini illər boyu bu sahədəki yarıtmaz və yaramaz fəaliyyəti nəticəsində ermənilərə gərəkən cavab verilməyib.

.... Savaş bəladır, müharibə faciədir. Dünya kinematoqrafında savaşdan, müharibədə məhv olan və yoxluqdan sıyrılıb sağ qalmağa çalışan insanlar, talelər barədə xeyli şedevrlər var.

"Full Metal Jacket", "İnsan taleyi", "All Quiet on the Western Front", "The Bridge on the River Kwai", "Platoon", "Catch-22", "Nobi", "Letters from Iwo Jima", "Saving Private Ryan", "The Deer Hunter", "The Thin Red Line", "Good Kill", "Durnalar uçur", "İvanın uşaqlığı", "Get və bax", "Əsgər atası", "Underground", "Apocalypse Now", "Schindler`s List", "Rob Roy", "Braveheart", "La Vita è bella", "Döyüşə ancaq qocalar gedir", "Tae Guk Gi: The Brotherhood of War", "The Pianist", "Waterloo Bridge", "Le vieux fusil", "Head in the Clouds" və hətta "Fanfan la Tulipe"...

Elə indi yaddıma düşən, savaşdan bəhs edən filmlərdir.

Nəsillərdən nəsillərə keçəcək irsdir bu lentlər.

Bizdə durum necədir?

Qarabağ müharibəsi haqqında “Açar” bədii filmi çəkilib.
Film işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarların itməsi ilə evinə qayıtmaqla bağlı son ümidini də itirən Ümid kişinin timsalında dünyanın harasında yaşamasından asılı olmayaraq doğma torpağı, evi zorla əlindən alınmış, həyatda yeganə istəyi öz evinə qayıtmaq olan insanın hekayəsidir.

“OB Film” və “Epic Production”un birgə istehsalı olan filmin bədii rəhbəri Yusif Şeyxov, ssenari müəllifi və quruluşçu rejissoru Elşad ELsevər, quruluşçu operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyev, prodüseri Senur Əhədov, Mətin Ələkbərli və Orxan Behbiddir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Nəriman Qarayev, Ramiz Abbasov, Behbud Hacıyev, Eldar Cəbrayıl, Selin Cəbrayıl, Emin İsgəndərov və başqaları çəkilib.

"Açar" filminin baş qəhrəmanı Ümid adlı kişidir. O, erməni işğalında qalmış evinin açarını itirir. Ssenarinin "fenomenal" gedişinə görə, sən demə, açar Ümid kişinin keçmişi ilə yanaşı, gələcəyidir.

Ssenari müəllifi və quruluşçu rejissor Elşad Elsevərin qənaətinə görə, Ümid kişi evinin açarını itirsə də, tamaşaçı ruhdan düşməməlidir.

Subliminal mesicin nə qədər zəif və ən başlıcası, pis olmasının fərqindəsinizmi?

Ümid kişi ümidsizə dönür, açar isə itir. Metaforaları yerbəyer edəndə o açarın Qarabağ münaqişəsinin açarı olduğunu da demək olar: primitiv təşbehlərlə bəsit təhkiyələr sıralamasına davam etsək.

"Açar"da Ümid olsa da, sanki ümidsizlik filmidir bu. Və məncə, zəif lent barədə bu qədər yetər.

Problem açarı itmiş "Açar" deyil - iş kinematoqrafımızın ümumiyyətlə, Qarabağ mövzusu ilə bağlı həə də ərsəyə ciddi, yaddaqalan əsər ortaya qoya bilməməsindədir.
Fransada, Kann şəhərində, bilirsiniz, hər il beynəlxalq kinofestival keçirilir.

Builki, 73-cü kinofestivalın proqramına "The First Features" ("Tammetrajlı debüt" çərçivəsidə erməni rejissor Nora Martirosyanın "Si Le Vent Tombe" ("Külək səngiyərsə") filmi daxil edilib. Lent Ermənistan, Belçika və Fransanın birgə istehsalıdır.

Filmin süjetinə görə, auditor Alen Xankəndinə gəlir.

Onun səfərinin məqsədi ermənilərin Xankəndidə tikdikləri aeroportu dəyərləndirmək və onun istismarına icazə verməkdir.

Aeroportda isə yerli sakin, balaca Edqar dolaşır. Və onlar görüşürlər...

Film aşkar provokasiyadır. Qarabağda "Xankəndi aeroportu" yoxdur. Olan ermənilərin Xocalıdakı aeroportu təmir edərək "hava limanı"na çevirməsidir.

Nora Martirosyanın filmi əslində Xocalı soyqırımının Qərbdə unudulmasına yönəlmiş məkrli bir gedişdir: Xocalıdakı aeroportu "Xankəndi hava limanı" kimi təqdim etməklə.

"Si Le Vent Tombe" filminin koronavirus pandemiyasına görə baş tutmamış Kann kinofestivalına daxil edilməsi heç bir halda nə Ermənistan kinomatoqrafının uğuru, nə də bu filmin normal olması anlamına gəlmir.

Sadəcə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilər təbliğatda irəliləmək niyyətindədir.

Bizdə isə adekvat cavab yox.

Mən kinomatoqrafik şedevr çəkilməsini, "Pianist" və ya "Əsgər atası" kimi möhtəşəm lentin ərsəyə gətirlməsini nəzərdə tutmuram, əsla.

2008-ci ildən ötən zaman ərzində milli kinematoqrafiyanın inkişafına dövlət büdcəsindən yetərincə maliyyə vəsaiti ayrılıb. Daha dəqiq olsam, o vəsait bütün postsovet ölkələri ilə müqayisədə astronomik həcmdə olub və o pullara bir yox, ən azı 7-8 iri büdcəli, yaxşı film çəkmək olardı.

Məşhur əcnəbi aktyorları, operatorları, ssenariçiləri və rejissorları da dəvət etmək olardı.

Əvəzində isə Mədəniyyət Nazirliyi Kann kinofestivalında "təqdimat"lar keçirməyi effektiv üsul saydı.

Dövlət büüdcəsindən ayrılmış 80 milyon avroya bərabər məbləğ hara, necə və nə üçün xərcləndi?

Bunu araşdırmaq gərəkdir.

Çünki "Si le vent tombe" filminə Ermənistanın Mədəniyyət Nazirliyi 100 min dollar xərcləyib və filmin ümumi xərcləri 460 min dollardan artıq deyil.

Ermənistanın və ümumiyyətlə, ermənilərin Dağlıq Qarabağ münaqişəsi, habelə öz saxta tarixləri ilə bağlı çəkdikləri çoxsaylı lentlərin heç biri indiyədək kassa uğuru qazanmayıb. O filmlərin heç biri normal əsər olmadığından tez unudulub: çəkənlər arasında Atom Eqoyan və Fatih Akın olsalar da.

Buna rəğmən, ermənilər usanmırlar.

Bəs biz?

Kanndakı kinofestivallar zamanı Azərbaycan paviolyonlarında olmuşam bir neçə dəfə. Etiraf edim ki, hər dəfə çox mənfi təəssürat yaranıb məndə.

Səbəb bəsitdir: o pavilyonlar sanki ziyafət məkanları idi. Qonaqlar üçün superlüks yemək masaları təşkil olunur, bahalı ziyafətlərlə furşetlər verilir və bu zaman Azərbaycan kinematoqrafından danışılırdı.

Danışılanlar tezliklə unudulurdu: elə ziyafət başa çatan kimi.
Fransa kinematoqrafındakı məşhur isimlər, əsl dühaları Bakıya dəvət etmək, onlara əməkdaşlıq təklif etmək olardımı? Əlbəttə. Amma Mədəniyyət Nazirliyi Fransada çoxdan canlı ölüyə, karikaturaya dönən adamları Bakıya çağğırır, onları bahalı hədiyyələrə boğur, sonra da bu marazmatik olayı "kinematoqrafiya sahəsində əməkdaşlığın müzakirəsi" kimi qələmə verirdi.

Təbii, pullar da silinir, büdcədən ciblərə axırdı.

Fransadan Bakıya gedən və orada yeyib-içib qayıdan karikaturalar da burada, Parisdə "sadəlövh azərbaycanlılar"dan danışıb gülürdülər.

Belə "fəaliyyət"in əvəzinə Kann kinofestivalına Qarabağla bağlı hansısa filmimizin daxil edilməsinə nə mane olurdu?

Yaxşı ki, builki Kann kinofestivalının proqramında azərbaycanlı kinorejissor Teymur Hacıyeviin "Axşama doğru" filmi "Kinotənqid həftəsi" müsabiqəsində təmsil olunmuşdu.

Buna görə İTV telekanalının (İctimai Televiziya) zəhməti çox böyükdür və mən İTV-yə səmimi təşəkkürümü bildirirəm.

Müsabiqənin 59 illik tarixində ilk dəfə lentimiz orada idi. Özü də Teymur Hacıyevin fəaliyyətinə Mədəniyyət Nazirliyi illər boyu ən müxtəlif formada maneələr yaratmışdı.

Çox yazmaq, çox demək olar. Problemlər həddən ziyadədir. Lakin o müşküllləri həll etmək, nöqsanları aradan qaldırmaq vaxtı çatıb.

Yoxsa çox gec olacaq.

Ümid isə açarını itirsin, olsun.

Bizim ümidimiz və açarımız yerindədir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm