• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

Salam, xanım!

  • Köşə
  • 27 İyun 2020 15:03
  • 1 424 Baxış
Salam, xanım!

Ulucay Akif

Keçən dəfə taksi xidmətlərindən birinə taksi sifariş etmək üçün zəng etmişdim. Xanım operatorla dialoqumuz məni bir az əsəbləşdirdi və belə hal artıq neçənci dəfə başıma gəlir deyə istədim bu haqda yazım.

Taksi xidməti şirkətinə zəng etdim. Xanım operator dəstəyi götürdü:

- Alo! "..." taksi xidməti, buyurun!

Ümumiyyətlə, mən təkcə telefonda yox, həmişə, hər yerdə ilk olaraq salamlaşıram. Marketdə kassaya yaxınlaşanda kassirlə, avtobusa minəndə sürücü ilə, restoranda ofisiantla, hansısa binaya girəndə mühafizəçi ilə mütləq salamlaşıram. "Yorulmayasınız!" deyirəm.

Bəlkə kiməsə bu anormal görünə bilər, amma mənə görə anormallıq salamlaşmamaqdı. Elə operator xanımla da salamlaşdım:

- Alo! Salam, xanım!

Dəstəyin o tərəfindən səs gəlmədi. Yenə təkrarladım:

- Alo! Salam, xanım!

Yenə cavab gəlmədi. Qarşı tərəfdən başqa səslər gəlirdi deyə xanımın məni eşitdiyini bilirdim. Bir daha, bu dəfə bir az daha intonasiyalı, amma qətiyyən əsəbi olmayan tonda dedim:

- Salaaaaam, xanım!

Artıq özümü gənc qızların inboksuna "salam xanım chox gozalsınız" yazan dayılar, qaqaşlar kimi hiss edirdim. Elə ağlımdan bu keçmişdi ki, əsəbləşib sözlərin yerini dəyişmək taktikasını seçdim.

Qərarlı idim, salamlaşmadan söhbətə keçməyəcəkdim:

- Xanım! Salam!

Xanım deyəsən doğrudan elə bilirdi ki, mən onun şəxsi nömrəsinə tanışlıq üçün zəng eləmişəm. Bunu səs tonu və deyiliş formasından hiss elədim. Minnət və naz ilə dedi:

- Buyuruuun!

Bu məni lap əsəbləşdirdi:

- Salamımı alın ki, buyurum da! Bayaqdan salam verirəm axı!

Xanım yalandan səsin gəlmədiyini bəhanə etdi. Yalan dediyini ona görə bilirəm ki, əgər o məni eşitməsəydi, mən ona salam verdiyim müddətdə mənə bir neçə dəfə "alo!" deyərdi.

Sözümün canını nəyə gətirirəm. Mənim o xanıma, ümumiyyətlə xidmət sektorunda çalışan adamlara salam verməyimin ən əsas səbəbi onlara qarşı mədəniyyətsiz davranan müştərilərin olduğunu bilməyimdi. Onlara hörmətsiz davranan insanlar olur deyə, bəzən çox həvəssiz işləyirlər.

Buna görə də, mütləq salam verirəm ki, özlərini rahat hiss eləsinlər. Əgər kimsə onlara qarşı mədəniyyətsizlik edirsə, hörmətsizlik edirsə, düşünməsinlər ki, hamı onlara yuxarıdan aşağı baxır.

Yəni ki, ey operator xanım, ey kassir xanım, ey ofisiant xanım! Heç olmasa iş zamanı belə fikirləri ağlından çıxar. Bütün salamları, sualları feysbukdakı "salam xanım cox gozalsınız" tonunda qəbul etmə.

Düzdür, bəlkə də bu sizə çox primitiv bir məsələ kimi görünə bilər, amma biz bir-birimizlə ünsiyyəti azaltdıqca, həm salamlaşma mədəniyyəti yoxa çıxacaq, həm də təşəkkür etmək mədəniyyətimiz qalmayacaq.

Məhz bu baş verməsin deyə, həm salamlaşmağı bacarmalıyıq, həm də təşəkkür etməyi.

Təşəkkür edirəm!

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR