Köşə
Bizim şirin cinayətkarlar və amerikalı qatillər
Ulucay Akif
Hərdən fikirləşirəm ki, nə yaxşı bizim insanların çoxu varlı-karlı deyil. Hətta əllərimi göyə qaldırıb, dua edirəm ki, Allahım, nə olar, bizə pul göndərmə, həmişə belə qalaq.
Dünən yenə Amerikadan çox böyük cinayət xəbəri gəldi. Deməli, 18 yaşlı yeniyetmə məktəbdə 17 şagirdi öldürüb, 16-nı isə yaralayıb. Artıq belə xəbərlər adiləşsə də, üzərində düşünsək, nə qədər ciddi məsələ olduğunu görərik. Uşaqların asanlıqla silah tapa bilməsi bir cür bəla, belə vəhşiliklə cinayət törədə biləcək psixoloji duruma çatmağı isə başqa cür bəladır.
Bizdə nəinki uşaqların, heç əksər vaxtlarda polislərin də silahı olmur. Dəfələrlə polis görəndə silah qabına baxmışam ki, görüm bunun silahı var, ya yox. Həmişə boş olub. Uzağı rezin dəyənəklər olur, o da ekstremal hallar üçün lazımdı.
Bir dəfə avtobusda uşaq polisin silah qabını göstərərək sual etdi:
- Polis əmi, o nədir? Tapançadır?
Polis silah qabından telefon çıxardı və uşağa dedi:
- Tapança nədir? Telefon qabıdır.
Bu dialoqu eşidib, elə sevindim ki... Deməli, insanlarımız o qədər vəhşiləşməyib ki, onlara qarşı silahdan istifadə etmək gərəyi duyula.
Əslində, polislərimiz kimi, cinayətkarlarımız da çox şirin olurlar. Keçən səfər bir nəfər marketdən iki yumurta, bir çörək oğurlamışdı. Xəbəri oxuyanda fikirləşdim ki, oğurluğu edən şəxs tutulmasa, bəlkə də çörəyin yarısını doyduğu üçün geri qaytaracaqdı. Hətta buna əminəm də.
Bir həftə əvvəl telekanallarımızdan birinin xəbər buraxılışında belə anons eşitdim:
“Şok! Şok! Şok! Bakıda uzun müddətdir axtarılan cinayətkar dəstə yaxalandı!”
Tez həyəcanla televizorun səsini artırdım. Cinayətkarları göstərərək, dəstə haqqında danışmağa başladılar. Sən demə, üzlərini gizlətməyə çalışan bu gənclər mağazalardan siqaret və kontur oğurlayırlarmış. Dəstənin “başçısı”ndan oğurlanan malları nə etdiklərini soruşanda, “Neyləyəcəyik e, rəis? Siqareti çəkirik, konturla da dost-tanışa zəng edirik, ya qıza. Olar sevgilimə salam göndərim? Leyla səni sevirəm, məni gözlə!” - deməsi məni həm çox güldürmüş, həm də çox sevindirmişdi. İçimdən dedim ki, “Allah evini tiksin, sənin tay-tuşların nələr oğurlayır. Bir özünə bax, bir də onlara! Hələ utanmır bu fərasətsizliyi ilə Leylaya da salam göndərir!”.
Həmişə cəmiyyəti təkcə qınamağı bacarmaqda ittiham etmişəm. Deyəsən, özüm də bu dəfə onlara qarışmışdım.
Sonra düşündüm ki, məncə, ölkəmizin elm, incəsənət, idman və digər sahələrində baş verənləri xaricdə baş verənlərlə müqayisə etdiyimiz kimi belə hadisələri də müqayisə edə, hətta qınaya bilərik. Təsəvvür et, yumurta oğurlayan dayıya deyirsən ki, “Ay dayı, heç olmasa, bir mayonezdən, “ketçup”dan da oğurlayardın da! Quruca yumurtanı necə yeyəcəkdin?! A fərasətsiz!” Ya da o cinayətkar dəstədəki gənclərə deyirsən ki, “Dünyada sizin tay-tuşlarınız kompüterlə banklardan milyonlar oğurlayırlar, cahillər!”
Hələ dünən də bir xəbər oxumuşam:
“Sevgililər günündə qanunsuz şəkildə gül satan gənc saxlanıldı! (FOTO)”
Şəklini də paylaşmışdılar. Bölmədə, əlində güllər, boynunu büküb durmuşdu. Sən demə, bu gənc satdığı gülləri qəbiristanlıqdan oğurlayırmış.
Sən bu yaramazın hərəkətinə bax e!
Ölülər qala-qala, dirilərə gül satmaq nə deməkdir?!
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA