Köşə
Yesenin mənim yerimdə olsaydı...
Ulucay Akif
Sosial şəbəkələr hər gün daha böyük sürətlə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Müxtəlif sahələrdə çalışan insanlar sosial şəbəkələrdən təkcə əlaqə, əyləncə vasitəsi kimi yox, həm də gördükləri işi təqdim etmək üçün tribuna kimi istifadə edirlər.
Həkimlər, müəllimlər, dərzilər, bizneslə məşğul olanlar, hüquqşünaslar və yazıçılar....
Yazıçıların feysbuk sahəsində qazandığı ad da var - “feysbuk şairi”, “feysbuk yazarı”. Hərçənd, digərlərinin gördüyü iş belə xarakterizə edilmir. Hansısa həkimə “feysbuk həkimi”, hansısa hüquqşünasa “feysbuk hüquqşünası” deyildiyini nə görə, nə də eşidə bilərsiniz.
Müsahibələrimin birində mənə belə bir sual verilmişdi: “Sizi çox vaxt feysbuk şairi adlandırırlar, buna münasibətiniz necədi?”.
Cavabım belə olmuşdu: “Hə, şeirlərimi də feysbuk vəznində yazıram”.
“Feysbuk şairi” adı necə qazanılır.
1. Bir şair şeirlərini feysbukda paylaşırsa və bu şeirlərə çoxlu “like” və “komment” gəlirsə
2. Saytlarda, qəzetlərdə şeirləri az dərc olunursa, ya da heç dərc olunmursa
3. Kitabı çap olunmayıbsa
Gəlin, görək bu qeyd olunanlar bir yazıçı üçün nə qədər əhəmiyyətlidir.
Qəzet oxucusu ilə sosial şəbəkə istifadəçisi arasında intellekt fərqinin olduğunu qəbul edirəm, amma artıq bu fərq yoxa çıxmaqdadır. Sosial şəbəkələrdə şeirlərin paylaşılması tamamilə normal haldır və sosial şəbəkələr vasitəsilə tanınanlara lağ etmək sosial şəbəkələrdən istifadə edən hər kəsə lağ etməkdən heç nə ilə fərqlənmir..
“Səni feysbukdan tanıyırlar” - demək isə çox gülünc səslənir. Çünki indi sosial şəbəkələrdən, demək olar, hər kəs istifadə edir və oxucu kütləsini qəzet, sayt, yaxud sosial şəbəkə vasitəsilə yığmağın elə də fərqi yoxdur. Həm də, qəzetlərin auditoriyasının günü-gündən daha da azaldığını nəzərə alsaq, bu həqiqət özünü daha çox təsdiqlədir.
Kitabının çap edilib edilməməsinə gəlincə, məncə, bu çox məsuliyyətli işdir. Ölkəmizdə hər gün “n” qədər kitab çap olunur və bu kitabların içindəkilərin ədəbiyyata yararlı olması mübahisəlidir, çünki bu məsələ nəşriyyatları heç narahat etmir.
Bir çox məsələlərdə olduğu kimi, burada da pul çox şeyi həll edir. Bu dövrdə 500 manat bəs edir ki, az sayla da olsa, kitabını çap etdirəsən. Bir sözlə, pulu verən kitabını çap etdirər. Sonra bir təqdimat, yağlı təriflər, kitabın haqqında yazılan bir-iki yazı və sən artıq “ciddi yazıçı” sayıla bilərsən.
Hə, bu arada, feysbuk yazıçısının əksi da elə bu dediyim “ciddi” yazıçıdır. Çox vaxt səliqəli kostyum və xirtdəyəcən sıxılmış qalstukda olan bu “ciddi” yazıçı mümkün olduğu qədər az gülməyə çalışır, tədbirlərdə şeirlərini oxumağı çox sevir, sosial şəbəkələrdə isə çox əndrəbadi davranır. Yadımdan çıxmamış onu da deyim, qəzetlərdə mütəmadi olaraq dərc olunmağı sevir.
Xülasə, sosial şəbəkələrin yazıçı üçün yaratdığı ən böyük problem onun oxucu ilə üz-üzə gəlməsidir. Sosial şəbəkələr yazıçını oxucu üçün daha əlçatan edir. Oxucu sevdiyi yazıçı ilə asanca söhbət edir, hətta görüşə dəvət edir, bir yerdə yeyib-içirlər. Oxucu rahatlıqla yazıçıya öz fikirlərini, tənqidlərini, təriflərini çatdıra bilir. “Bu şeirdir?”, “Çox əla, bəyəndim”, “Mən olsam, ikinci bəndi elə yox, belə yazardım” kimi şərhlər, ya da mesajlar yazır.
Təsəvvür edin, kimsə Mikayıl Müşfiqə yazır ki, “Qaqa, yaxşı yazmısan, amma ikinci bənd artıqdır”. Ya da kimsə Mirzə Ələkbər Sabirin “Harada müsəlman görürəm qorxuram” şeirini paylaşmasından sonra, belə bir şərh yazır: “Müəllim, bütün müsəlmanlara aid eləmə, yaxşısı da var, pisi də”, hətta, bu şeir gündəmə çevrilir və bütün müsəlmanlar Sabirə dişinin dibindən çıxanı deyir.
Yəni, oxucu sevdiyi yazıçılar, klassiklər feysbukda status yazmadığı üçün, sevdiyi yazarlarla dialoqa girə bilmədikləri üçün sosial şəbəkələrdəki yazıçılara qeyri-ciddi baxır. Yazdıqları şərhə, mesaj cavab gəlməsə, yazıçıya rahatlıqla “lovğa, özündənrazı, yekəxana” damğasını vururlar.
Dünya şöhrətli yazıçı Umberto Eko Ceyms Coys haqqında belə yazırdı: “Əgər Ceyms Coysun dövründə internet olsaydı, o, bütün günü onlayn olardı”.
Əmin olun, internet, sosial şəbəkələr digər yazıçıların, klassiklərin də dövründə olsaydı, onlar çox aktiv istifadəçi olardılar. Düşünün, Mirzə Ələkbər Sabir hər saatbaşı ironiyalı bir status yazır, oxucular da, “layk” edib “smaylik” qoyur. Kimsə, “Güya sən mırtsan da, qaqa” yazaraq, Sabiri “sındırmağa” çalışır. Səməd Vurğun dəqiqəbaşı təbiət qoynunda “selfi” çəkib paylaşır, hansısa şeirindən bir misra yazır. Məsələn, “Sıra dağlar, gen dərələr / Ürək açan mənzərələr”.
Ya da Kafka hər gecə qəmgin statuslar yazır. Həştaq da açır: “Ünvanlı”, “Milenaya”.
Təsəvvür edin, Puşkinlə Yesenin qızların şəkillərinə ürək qoyur və şərhlərdə kompliment yazırlar, bəzən şeirlərindən misra paylaşırlar.
Yəqin, Tolstoy gülməli status yazmazdı. Heminquey feysbuk dostlarını balıq ovuna dəvət edərdi, ovladığı balıqların şəkillərini paylaşaraq qürrələnərdi.
Remark tez-tez hansı restoran və kafedə olduğunu “tag” edərək, yazardı: “Yenə içirəm”.
Nitsşe isə insanların elə də yaxşı dərk edə bilmədiyi fikirlərini paylaşardı.
İnanın ki, belə də olardı.
Dövr dəyişdikcə həyatın da dəyişməsi biz yazıçıların günahı deyil. Sizin ürəyinizcə olsun deyə, şam işığında lələklə şeir yazası deyilik, necə ki, faytonlar atları, maşınlar isə faytonları əvəzlədi. Yəqin, qələmlə yazanlara da lağ edirdilər, sonra çap maşını çıxdı, sonra “noutbuk”.
Əlqərəz, bir şeyə fikir bildirəndə çalışın, yaranmış şəraiti nəzərə alasınız.
Hörmətlə, sizin feysbuk şairiniz...
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA