Köşə
18+ və Nizami
Ulucay Akif
Əvvəllər ümidim vardı ki, nə vaxtsa, bizim ölkədən də dünyanı heyran edəcək yazıçı çıxacaq. Kimsə "Nobel", "Pulitzer", ya da "Buker" mükafatı alacaq, biz də özümüzü dünyaya ədəbiyyat sahəsində istedadlı xalq kimi təqdim etməyi bacaracağıq.
Axır vaxtlar isə qəti nəticəyə gəlmişəm ki, bizim heç vaxt dünyanı heyrətləndirəcək yazıçımız olmayacaq.
Yaxşı, yaxşı! O dəqiqə Nizamini, Füzulini araya qatma! Onlar qaldı min il bundan əvvəldə. İmkan ver rahat yatsınlar. Hər xırda səsdə rəhmətlikləri narahat etmə. Saxta ədəbiyyat patriotluğunun da heç yeri deyil. Normal söhbət etməyə çalışıram.
Bu ümidsizliyimin əsaslı səbəbləri var. Bir az bu səbələrdən
danışmaq istəyirəm:
İlk səbəb cəmiyyətin özüdür. Ədəbiyyatdan bu qədər uzaq düşmüş bir
cəmiyyətdə böyük, ciddi ədəbiyyatdan heç vaxt danışmaq olmaz.
Haşa! Cəmiyyəti pisləmək mənim nə həddimə? Bir bildiyi var ki, bu lazımsız ədəbiyyatla məşğul olmur. Ədəbiyyata vaxt ayırmırsa, yəqin daha faydalı məşğuliyyəti var. Elmi kəşflər, ixtiralar, kimiyada, astronomiyada irəliləyişlər!
Yox! Bunlar da yoxdur.
Bəs bizim cəmiyyət bunları da etmirsə, nə ilə məşğul olur? Dəyərli zamanını nəyə sərf edir? Deməyə utanırsan? Utanma, hamımız yaxşı bilirik.
Hamımız yaxşı bilirik ki...
Bizim insanlar bir araya gələndə mükəmməl qeybət edə bilir. Qeybət
olan yerdə ədəbiyyatdan, elmdən danışmaq olar? Bizim insanlar
gündəmə bir mövzu düşən kimi təhqir etməyi, qınamağı yaxşı bacarır.
Qınamaq, düşünmədən təhqir etmək varkən, empatiya qurmaq, özünü
həmin şəxsin yerinə qoymaq nəyə lazımdır? Hə?!
Bizim insanlar saytlara "18+" başlıqlı xəbərləri oxumaq üçün
girirlər. Ölkədə heç nə "Məktəbdə şagirdlər sevişərkən yaxalandı"
xəbəri qədər oxuna bilməz. Hələ bu xəbərin yanına "FOTO" yazılsa,
tıklayanların sayı ölkəmizdə Tolstoyu, Floberi oxuyanların sayını
toz-tozanaqda qoyar. Hələ, hələ xəbərin sonunda "VİDEO” yazılsa,
inandırım səni, heç o bəh-bəhlə adını çəkdiyin Nizami, Füzuli o
qədər oxunmayıb Azərbaycanda. Təkcə indi yox ha, yazdıqları gündən
indiyə qədər.
Oxunsaydı, şübhəsiz bu vəziyyətdə olmazdıq. Kim oxuyub ki, Nizamini, Füzulini? Oxuyanlardan neçəsi dərk edib? Nə isə… Yenə rəhmətlikləri narahat etməyək.
Bizim cəmiyyətin qüsurlarını saymaqla bitməz. Yaxşı, yaxşı! Qaş-qabaq tökmə. Səni nəzərdə tutmuram. Təbii ki, istisnalar var. Amma, əzizim, xətrinə dəyməsin, istisnalara görə sevinən adam deyiləm. Axı istisnalar ümumi mənzərəni dəyişə bilmir. Məsələ, tək ağacda deyil, meşədədir.
İcazənlə, keçək növbəti səbəbə.
Azərbaycan yazıçıları çox kasıbdırlar. Niyə əsəbləşirsən axı? Bilirəm, hə, heç kim acından ölmür. Amma acından ölməmək yaxşı yazmaq üçün yetərli deyil.
Yazıçılar maddi rahatlıq, mənəvi dəstək tapmadıqca düz-əməlli nəsə yazmayacaqlar, bacarmayacaqlar. İndi yəqin ki, ürəyində keçmişlə indiki dövrü müqayisə edirsən. Etməgil!
İndi zaman əvvəlkindən daha sürətlidir. Yazıçılar da digər insanlar kimi bu sürətə məğlub olmaq istəmirlər. Məğlub olmaq qorxusu, çətinliklər isə onlarda aqressiya yaradır. Bu aqressiya isə imkan vermir ki, istedadı bir işə yarasın.
Gəl müasir dövrdə şöhrət qazanan, əla əsərlər yazan yazıçılara baxaq. Elə son illər Nobel laureatı olan yazıçıları götürək, əksəri imkanlı ailədəndir. "Yazıçı səfalət içində olmalıdır ki, yaxşı yazsın" dövrü çoxdan bağlanıb.
Dünyada pulu olan düşür ədəbiyyatın, incəsənətin, elmin üstünə. Pul o az-maz istedadına yaxşıca təkan verir, adam da gedib Nobel alır. "Alır" yox ha, alır!
Bizdə isə yazıçı pul tapan kimi ədəbiyyatı itirir. Keçir biznesə, qəşəng qaz vurur, bəzəkli qazan doldurur. Ac olanlar da yazıdan başqa nəsə görmürlər. Alınmadığını anlayanda isə ya sabun bişirirlər, ya da "sabun" olurlar.
Bax, dostum,əksər yazıçılarımız heç 5 ölkədə olmayıblar ki, kənarda nə var, nə yox, bilsinlər. Dünyanı görməyən, tanımayan adam dünya üçün nə yazacaq axı? Təbii ki, Biləcəridən o yana çıxa bilməyən yazıçı elə uzağı Biləcəri üçün də yazacaq.
Nə qədər ki, rahatlıq və stimul yoxdur, bu belə də davam edəcək. Və… heç vaxt dünyanı heyrətləndirəcək yazıçımız olmayacaq!
Yaxşı, yaxşı! Nizamini, Füzulini demirəm...
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA