Şuşada imzalanan qurtuluş bəyannaməsi: Regionun təhlükəsizliyinin yeni qarantı
Bizi izləyin

Köşə

Şuşada imzalanan qurtuluş bəyannaməsi: Regionun təhlükəsizliyinin yeni qarantı

Tural Turan

Azərbaycanın Milli Qurtuluş Günündə - 15 iyunda Şuşada imzalanan Şuşa Bəyannaməsi təkcə Azərbaycanın və Türkiyənin deyil, ümumilikdə regionun milli təhlükəsizlik maraqları baxımından olduqca əvəzsiz bir sənəddir. Bu bəyannamə ən yaxın gələcəkdə regionun sülh, sabitlik və inkişaf qarantına çevriləcək. Şuşa Bəyannaməsi Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, hesablanmış və balanslı siyasətinin ən pik nöqtəsi hesab olunmalıdır.

Hətta onu deyə bilərik ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra hazırda xaos və anarxiya hökm sürən, bir dövlət olaraq öz idarəetmə və cilovlama funksiyasını itirən Ermənistanın gələcəyi üçün də böyük ümidlər vəd edir. Mübaliğəsiz demək istəyirik ki, Ermənistan Şuşadakı müqavilələrdən sonra “it hürən tərəfdən” işıq gələn tərəfə addımlaya bilər. Təbii ki, 20 iyunda nəzərdə tutulmuş parlament seçkilərindən sonrakı nəticələr də buna təsir edəcək. Bəyannamənin elanından təxminən 2-3 saat sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Qarabağ məsələsinin onlar üçün bitdiyini elan etməsi də sənədin əhəmiyyətinin əyani göstəricisidir.

Şuşa Bəyannaməsi özündə nələri ehtiva edir?

Birincisi, Azərbaycanın mədəniyyət paytaxtında imzalanan müqavilələrlə və Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək.

İkincisi, regionun əsas oyunçuları Rusiya və İran deyil, Azərbaycanla Türkiyə olacaq. Cənubi Qafqaz bu iki türk dövlətinin diktəsi ilə irəliyə gedəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması daha mümkün olmayacaq.

Üçüncüsü, bu müqavilə bütün region dövlətlərinin gələcək əməkdaşlıq imkanlarını öz qanadları altına alan 3+3 formatını daha işlək mexanizmə çevirmək üçün böyük katalizator rolunu oynayacaq.

Dördüncüsü, Azərbaycan və Türkiyənin orduları bundan sonra birgə hərəkət edəcək. Dövlətlərdən birinə hər hansı təhlükə yaranarsa, ölkənin güc və beyin mərkəzləri, təhlükəsizlik sistemləri birgə fəaliyyət göstərəcək. Bu da o deməkdir ki, Azərbaycan Ordusu NATO standartlarına bundan sonra daha da yaxınlaşacaq və blokun əsas güclü iki ordusundan biri ilə birgə təlimlər apararaq öz döyüş qüdrətini daha da artıracaq.

Beşincisi, 1921-ci Moskva və Qars müqavilələrindən sonra Naxçıvanın təhlükəsizliyini qarant altına alan Türkiyə bu dəfə 2021-ci ilin 15 iyununda Qarabağın və Zəngəzurun təhlükəsizliyinin təminatçısına çevrildi.

Altıncısı, Şuşa Bəyannaməsi Ermənistana və Rusiyaya, eləcə də Qərbdəki müəyyən dairələrə də bir mesajdır. Yəni, bundan sonra addım atarkən qarşınızdakının kim olduğunu mütləq nəzərə alın...

Yeddincisi, türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq.

Səkkizincisi, Azərbaycan Prezidentinin Türkiyə ilə strateji tərəfdaşlıq müqaviləsini Şuşada imzalaması ölkə başçısının siyasi düha olduğunun növbəti isbatıdır.

Doqquzuncusu, Şuşada imzalanan müqavilələr işğaldan azad olunan ərazilərin yenidənqurulmasını və keçmiş məcburi köçkünlərin oraya qayıdışını daha da sürətləndirəcək.

Onuncusu və ən nəhayəti; Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd kimi hazırda Rusiya sülhməramlılarının nəzarətində olan və ermənilərin yaşadığı Azərbaycan ərazilərində ölkəmizin suverenliyi qısa müddətdə təmin ediləcək. Bu da o deməkdir ki, Rusiya sülhməramlıları növbəti 5 ildə Azərbaycanda olmayacaq. Hətta ilk beşillikdəki missiyasını daha qısa müddətə başa vuraraq geri qayıdacaq. Yəni, Ermənistan ordusunun Xankəndi və Ağdərədəki qalıqları da tezliklə tərk-silah ediləcək və Qarabağa 30 ildən sonra əbədi sülh qayıdacaq. Bir sözlə, 15 iyunda imzalanan Şuşa müqavilələri əsl QURTULUŞ BƏYANNAMƏSİdir!!!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm