Köşə
“Qrad”lı dünyadan 35 yaşlı atama: 27 il sonra...
Aytən Novruz
“Mənim özüm də məcburi köçkünəm. Hər evi gördükcə öz evimizi gözümün önünə gətirirəm. O kadrları 1 milyon məcburi köçkünün hissi ilə yaşaya-yaşaya çəkirəm. 50 milyon Azərbaycan xalqının gözü ilə baxıram hamısına. Çox təəssüf ki, görüləsi günlərdə deyil”.
Sirac 7 ay boyunca mənim hissimlə çəkmişdi o kadrları, mənim gözlərimlə baxmışdı erməni vandalizminin üzünə. Əvəzimə Qubadlıya da baş çəkmişdi. Şəhid reportajlarına baxarkən susan həmkarım 4 iyunda Susuzluqda əbədi susdu. Düşmənlə öz kamerası ilə savaşdı Sirac.
27 sentyabrdan qaynar nöqtələrdə çəkilişlərdə olan digər həmkarım Məhərrəm İbrahimovun isə arzusu Hadrutda yaşamaq idi. Onunçün Vətənin şirinliyi Kəlbəcərdə yediyi quru çörəyə də hopmuşdu. Şəhidimiz dağıdılmış mədəniyyət abidələrini arxivləşdirərək ürəyimizin, yaddaşımızın ən zəngin arxivinə köçdü.
Siracla Məhərrəm Vətənin portretini tam çəkə bildimi?
Mənim Vətən portretimin əsas rəngləri “Qrad”, “Alazan” zərbəsindən paramparça olub düşmən ayaqlarına sərilmişdi. Uşaqlıq travması içimdə ac canavara çevrilmişdi. Qurtuluş üçün o canavarı boğmaq mütləq görünürdü. Necə? 1993-cü ilin Qubadlısının qapısını döyməklə...
Görəsən, məni qəbul edər? Onu tərk etdiyim üçün əlbət ki, incikdir. Qapısını gec açsa da, gözləyəcəm... Vaxtsız qonaq sayılmıram hər halda. Sayılsam belə, öz boğçamdan (sevgi doyurur) yeyəcəm.
Sənli xatirələrimə sığal çəkməyini istəyirəm. Atamın bizi yola salıb müdafiəndə dayandığı yurdum, məni gücsüz uşaqlığıma əfv et! Gəl, 27 illik küskünlüyə son qoyaq.
Sənə uşaqlığımı nağıl edəcəm. Əslində, o nağılın qəhrəmanı mən yox, sən olmusan.
Yadındadır, 3 yaşımda təkbaşına meşənə gəldiyim? Mənə qıymamışdın, deyəsən qonşumuza yerimi demişdin ki, gəlib məni xilas eləsin.
Xına ətri qoxan, laləli, yasəmənli Qubadlım, burnumda tutursan! Lalələrin sanki baharda doğulmağıma özəl açırdı.
Çaylarını, üstündən keçdiyim körpülərini yaddaşımın bir köşəsinə yazmışam.
Damaq dadımı isə heyva, narın, balığın tamamlayırdı. Səndən sonra balıq yemirəm...
Evimizin qonaq-qarası əsgərlər idi. Gilizləri açıb bizə göstərənləri də vardı. Tankın içərisində oturmağı xüsusi sevirdim. Sanki savaş dərsinə hazırlaşırdım. Amma imtahandan keçə bilmədim.
Qubadlılı nağılım (gerçəyim) sona çatdı...
Tülküləri toyuq-cücəsini oğurladığı kimi, satılmışlar da onu məndən, bizdən oğurladı.
Şuşa, Laçın yolu getdi Qubadlı.
“Qayıdın! Hamınız qorxaqsız, arvadsız!” deyən Çingiz eşidilmədi. “Karlar” eşitmədi onu.
Bu torpağın bir qarışını da erməniyə vermərik deyənlər nağıl danışanda cəbhədə nəfəs alan Çingiz Mustafayev cəbhədə də son nəfəsini verdi. Kamerası onun nəfəsini izləyərək “can verdi”.
Ermənilər Şuşanı alsalar, başıma güllə çaxacağam deyənlər üçün Qubadlı sonuncu planda idi, əlbət ki. O cəbhənin nümayəndələri hələ də nəfəs alır.
Amma Qubadlı qan içində boğulurdu. Düşmən onu mərmi yağışında islatmışdı. Torpağı barıt tüstüsündən nəfəs ala bilmirdi.
Sığınacaqlar yeganə pənah yeri olub bizə qucaq açmışdı. Ailəmin “qorxma, bizimkilərdir” dediyi demək ki, erməni cəlladları imiş. Gecələrin birində həyəcan siqnalı verilmişdi. Nənəm məni kürəyinə alıb qaçanda üzüüstə yerə yıxılmışdım, sağ əlim zədə almışdı. Qubadlı deyə-deyə ata yurdunun qələbəyə boyandığını bilmədən gözlərini yumdu nənəm... Evinin açarlarını göz bəbəyi kimi qoruyurdu, bir gün həsrət bitər deyə.
Boz tonda xatırlayıram, evimiz hündürlükdə yerləşdiyindən nisbətən aşağıda yaşayan qohum evinə pənah aparmışdıq. Sonradan “Qrad”ın evimizi yerlə-yeksan etdiyini öyrəndim.
1993-cü ilin 31 avqustu – 31 mindən çox əhalinin ümid çırağının söndüyü gün. Ermənistan öz torpaqlarımızda bizə STOP düyməsini yandırdı. Demək ki, “qaçqın sindromu” altında əzilmək də varmış qismətimizdə.
Faciələr durmaq bilmədi. Torpaq qədər böyük itkim – ATAM. Qubadlının işğalından 2 il sonra, 35 yaşında gözlərini yumdu Vətənsiz həyata. Son anınadək yanında şəhid olan silahdaşlarını xatırladı.
Olanlar məni vətənpərvərlik toxumu kimin qanına daha çox səpilib sualıma cavab tapmağa sövq edirdi. Uzun, incə yola çıxdım. Beynimi didən sualıma cavabı elmi işimin nəticələrində də axtardım. Nəzəri araşdırmadan əlavə, paytaxtdakı məktəblərin birində yeniyetmələr arasında yazılı sorğu keçirdim. Onların əksəriyyətinin Mübariz İbrahimovu VƏTƏN hesab etdiklərini öyrəndim.
O VƏTƏN ki, səngər generalı Polad Həşimov, Şükür Həmidov, Xudayar Yusifzadə, Muxtar Qasımlı – nəfəsi cəsurluq qoxan 2904 şəhidimiz, qazilərimiz sayəsində bütövləşdi.
Qarabağı 5 qəpiyə satanların yerə atdıqları silahlara 27 sentyabrda ərənlərimiz sarıldı. Zaman torpaq (ANA) satanların bədəlini ödətdi onlara. 5 qəpikdən də dəyərsiz olduqlarını üzlərinə çırpdı.
Vətən yüklü sönmüş arzularım 25 oktyabrda qanad açıb uçdu. Cismim qələbə ruhunu geyindi. 93-də buz bağlayan nəbzim 2020-də öz donundan çıxdı. Torpaqlarımızda at oynadan erməniləri it kimi qovmuşduq. İçimdə kəpənəklər uçuşurdu. Bu dəfə özgür Qubadlıya aşiq olmuşdum. Kimliyim toparlanmışdı. Qarabağla bütövəm - mən Qubadlıyam!
Qarabağ isə şad şəhid ruhları ilə bütövləşib. “Pəhləvanlar taboru”nun rəhbəri Əliyar Əliyev Vətəni tələbəsinə əmanət edəndə əmin idi ki, 3 otaqlı evdən imtina edən Mais Bərxudarov torpağı özünə əbədi ev seçəcək.
Xərçəng kimisən TORPAQ, hüceyrələrim sənə təslim!
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO