Köşə
Şuşa ilə görüş kimi...
Leyla Sarabi
İnsan unutqan missiyasına dayanaraq ən dərin duyğularını zehnindən silməsəydi, yəqin yer kürəsi qapısı cırıldayan dəlixanaya dönərdi. Bəlkə də bu qüsurumuzdur rabitəmizi pozulmağa qoymayan. Məsələn, xoşbəxtliyin həcmini hesablamısan? Damarından axan qanınadək sevindiyin məqamı ölçü şkalasına vurmusan?
Bəlkə də yanılıram, amma insan sevincini, kədərini, lap elə mərhəmətini nanohüceyrələrinədək hiss etsəydi, yəqin bu qaynar enerji selinə tab gətirməzdi.
Şuşa ilə görüş kimi...
Nə qədər primitiv səslənsə də, sevinc göz yaşları ifadəsini yenidən kəşf edirəm. Bütün nəhəng sevgilərin içində elə o miqdarda ağrı, hüzn, bütün büsatların mərkəzində acısı xəfifləməyən yas oturub.
Ağrımasan sağalmazdın, itirməsən tapmazdın, zorla ayrılmasan qucaq-qucaq qovuşmazdın.
Şuşa ilə görüş kimi...

Mübarəkdir. İndi ölkə insanının tək arzusu Şuşaya getmək, Şuşanı görməkdir. Kortəbii sevgisini süni intellektinə qatıb Şuşayla bütövləşməkdir. Nə gözəl tendensiyadır. Şuşaya ayaq basanlara qibtə etmək, dünyanın ən zəngin xəzinəsinin işartısına doğru yol almaq. Şuşanı bir vaxtlar gəzməyə can atdığımız dünya şəhərlərinin tacı etmək.
Şuşada olduğum iki günün cəmi bir saatı bütün doğma tellərimi qırıb yad kimi gəzməyə cəhd etdim. Özümü həm şəhərə səfər edəcək əcnəbilərin yerinə qoymaq, həm də bədənimi gizildədən sevinc qarışıq sancıdan arınmaq istədim. Alınmadı. Ümumiyyətlə, şəhərlərin canlı orqanizm olduğuna inanıram. Şuşanın yolları səni mənzil başına özü aparır. Yeridikcə qulağına şəhidlərin son nəfəsini üfürür.
Yenidən qurulur Şuşa, doğma sakinləri onu bərpa etdikcə o da bizim kimliyimizi duruldur, vətən anlayışının bünövrəsini tökür zehnimizə.
Bütün təriqətləri səfərbər edib Yuxarı Gövhər Ağa məscidində azan verən, çiyin-çiyinə namaz qılan əsgərlərimiz düşür yadıma. Heç unutmuram, Allahın özünü də danan tanışım gözündəki qığılcımı kirpikləri ilə söndürə-söndürə "Şuşada 3 saat durmadan namaz qılacam" demişdi. Demək, bütün inanclardan, dinlərdən üstün müqəddəs kitab var. Adı da Şuşadır. Demək, bütün ziyarətlərdən uca vüsal var.
Şuşa ilə görüş kimi...

Şuşa şaxtadan sonra gələn bahar səhəri kimidir. Alnını üşüdür, gözünü qamaşdırır. Ən əsası, yaşıl günlərin gələcəyinə, qaranquşların dönəcəyinə inandırır.
Tarixi zəfərimizdən sonra Vətənində məskunlaşan ilk Şuşa sakini Fəzilə nənədən danışım sizə. 36 yaşında Şuşasından qovulanda qucağına sıxdığı oğlunun qollarında qayıdıb evinə. Demək, dünyanın ədalət porsiyası nə az, nə çox, lap miqdarında düşüb payımıza.
Fəzilə nənə deyir, inanırdım. Ağ atlı oğlanın gələcəyinə, bizi evimizə qaytaracağına şübhə etmirdim.
Şuşada dili ağzına dolaşıb ancaq bu cümlələri təkrarlayır: "Minnətdaram, cənab Prezident! Sizə borcluyam, torpağın altını da, üstünü də bəzəyən qəhrəmanlarımız! Ağdam, Laçın, Zəngilan üçün, Qarabağın hər torpaq dənəsi üçün, Şuşa adlı ləzzəti ruhumuza səpdiyiniz üçün təşəkkür edirəm!"
Rabitəsiz yazımdan da gördünüz ki, Şuşa duyğularımı düşüncə dolabıma səliqə ilə yığa bilməmişəm. Kim deyir ki, bütün cümlələr, düşüncələr riyazi qanunlara dayanmalıdır. Xoşbəxtlik də elə bu bohem dağınıqlıq deyilmi?
Şuşa ilə görüş kimi...
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava



































.jpg)
