Elnur Əşrəfoğlunun ovcundakı xətlər
Bizi izləyin

Köşə

Elnur Əşrəfoğlunun ovcundakı xətlər

Qurban Yaquboğlu

Uzun müddət jurnalistikada çalışan, üstəlik bioqrafiyası 90-cı illərin dəyişkən-çevik, qəzetlərin tez-tez açılıb-bağlanan dövrünə düşən adam ölkənin demək olar ki, əksər jurnalistləriylə hansısa qəzetdə, mətbuat orqanında, hansısa bir zaman kəsiyində qarşılaşmış, bir yerdə işləmiş olur.

Elnur Əşrəfoğluyla ötən əsrin 90-larında "525-ci qəzet"də, səhv salmıramsa, cəmi bir neçə ay sürən qısa müddətdə (bəlkə də 5-6 ay) işlədik. Çox gəncidi, dünyasını dəyişəndən sonra tərcümeyi-halına baxdım: onda 20 yaşı varmış. 1994-cü ilidi...

Bu barədə Qalib Toğrul da yazıb, əsas yaddaqalan xüsusiyyətləri səliqə-sahmanı, diqqət yetirdiyi geyimiydi, hətta isti aylarda da işə fəslə uyğun qalstuk-kostyumda gəldiyini görmək mümkünüdü. Qəfil yoxa çıxırdı, ayıq gəncidi, hətta bəzi incəlikləri özündən yaşca böyüklərə öyrətməyə də çalışırdı. Zəngilan şəhərində doğulmuşdu.

Gənc kollektividi deyə 94-cü ilin qəzet çıxmayan böhranlı günlərində yığışıb kiməsə qonaq gedirdik, ya gəzməyə çıxırdıq, bax mənim heç vaxt unutmadığım, qəribə şəkildə beynimə ilişib qalmış, tapmacaya çevrilmiş hadisə - çox dəqiq xatırlayıram - İqtisad Universitetinin Dərnəgüldəki yataqxanasında onda hələ həmin ali məktəbdə oxuyan Qalibin qaldığı otaqda oldu. Suda qaynadılmış göy lobyanı təam edə-edə kimsə ovcumuzdakı xətlərə baxmağı təklif elədi. Növbə Elnurun əllərinə çatanda heç nəyi vecinə almayan tərzdə gülə-gülə "Məndə həyat xətti yarıda qırılır" dedi. Dərin quyuya baxan kimi ovcuna boylandıq. Biz də gördük, özü də göstərdi: Hər iki ovcunda uzun quyruqlu çarpaz xətlər həyat xəttini yarıda "qarşılayırdı".

Elnur "525"dən ayrılandan sonra, mənim müşahidəmə görə, karyerada sürətlə irəlilədi; idman jurnalistikasını seçmişdi. Niyə idman jurnalistikası, şüuraltı olaraq insanı sağlam saxlayan bir sahəyə yaxınlaşmaqmı saymaq olar bunu?.. Yoxsa sadəcə jurnalist marağı, karyera canatımıydı?

Bizimlə işləyəndə Elnurun futbola marağını görürdük, nəinki görürdük, bir ara kollektivin "Məhsul" stadionunda futbol oynamasına təşkilatçılıq elədiyi də yadımdadır.

İllər ötdü, Elnuru ekranda gördükcə, səsini efirdə eşitdikcə, sorağını müxtəlif vəzifələrdən aldıqca ovuc xətlərinin boşa çıxdığını, qorxulu yuxu kimi unudulmağa layiq olduğunu düşünürdüm.

Kim deyir hər şey qabaqcadan müəyyənləşib? Kim hansı üsullarla empirik şəkildə sübuta yetirə bilər ki, Tale var və ondan qaçmaq qeyri-mümkündür?

Qəzetdə qısamüddətli iş yoldaşlığından sonra Elnurla bir daha heç vaxt, heç yerdə, heç ayaqüstü də qarşılaşmadıq.

Elnur Əşrəfoğlunun koronaya yoluxması xəbəri yayılanda həmin məşum öngörü yenidən özünün amansız marağını tam gücüylə bərpa elədi. Hər şey indi bilinəcək: Tale, yoxsa Boş inanc? Bəlli bir həyat yolu, yoxsa insan fəaliyyəti; 21-ci əsrin təbabəti; bəşəriyyətin bir yerə cəmlədiyi elmi güc?..

COVID-19 hardan çıxdı belə?

Təəssüf ki, Taleyin qüdrəti qarşısında insan yenə aciz qaldı. Cızılan cizgilərdən çıxmaq cəhdi yüksək səviyyələrdən gəlmiş tapşırıqla işləyən həkim pesonalında belə alınmadı. Xətlər amansız dövrə gətirmişdi...

20 yaşında ovcundakı erkən ölüm soraqçısı olan "yol nişanları"na gülə-gülə baxmış güləş bir gəncin təbəssümü, inanıram, 47 yaşına da o cür saf gəlib çıxmışdı.

Təbəssümlər əbədidir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm