Köşə
Oqtay Rza ilə “Yol”dan yola...
Qurban Yaquboğlu
Şair Oqtay Rzayla ilk dəfə ötən əsrin 90-larında tanış olduq. Mən "Yol" ədəbiyyat qəzetinin əməkdaşı kimi onun dəvətiylə Azərbaycan Dövlət Pedaqoji Universitetində özünün təşkil elədiyi ədəbi dərnəkdən yazmalıydım. Coğrafiya fakültəsində işləyən (bir ara fakültə dekanı da olub, amma onda dekanıdı, ya yox, xatırlamıram) Oqtay müəllimin ədəbi dərnəyindən bir cümləlik mətn də çıxmadı...
Doğrusu, nəsə komik bir vəziyyətidi; lap doğrusu, çox komik vəziyyətidi. Tələbələr dərnəyin keçirildiyi otağa sərbəstcə girib-çıxır, zarafatlaşıb gülüşür, heç kəs heç kəsə qulaq asmaq istəmirdi. Bu azmış kimi, tərcümələriylə tanınan Ağasən Bədəlzadə adlı güman ki, qulaqdan qalmış qocaman bir qələm adamı ətrafı zərrəcə vecinə almadan, tamam təcrid olunmuş tövrlə şeir də yox, uzun bir hekayə oxuyurdu.
Dərnəyin yığıncağından "Yol"a heç nə "götürə" bilmədim, təbii səbəbdən bu məsələnin altı-üstü olmadı.
2001-ci ildə Sabir poeziya günlərinin Şamaxıdakı açılışından qayıdanda Macarıstan istehsalı olan o zamanın köhnə "İkarus" avtobusunda, lap arxadakı cərgə oturacaqda Oqtay Rzayla yanaşı oturub yol bitənəcən söhbət elədik.
Deyəsən, bu söhbət avtobusdan düşəndən sonra da qısa bir müddətdə, yəni şəhərdə ayrılana qədər davam elədi.
Oqtay müəllim mərhum şair Əli Kərimdən danışırdı, o söhbətin alovlu, sirli emosiyası əhvalatın süjeti və məzmunuyla əməlli-başlı rəqabət apara bilərdi – bunu heç vaxt unutmamışam. Emosiya yaxşı yadımdadı, təfərrüatı isə tam xatırlaya bilmirəm. Ona görə çox ehtiyatla bir-iki qeydlə kifayətlənəcəm.
Amma öncə bir nüansa toxunum. Mühüm hadisələrin əhatəsinə düşən, tanınmış adamlarla üz-üzə gələn hər kəs heç olmasa, həyatının ötüşməkdə olan son dəmlərində oturub memuarını yazmalıdı. Memuar yazmağa beləsi borcludu, parlament bu barədə ayrıca qanun qəbul edəsi deyil ki?.. Qəbul eləsə, lap yaxşı olar.
Xatirənin kuliminasiyası bir günün üzərində qurulmuşdu.
Tələbə vaxtı təzə-təzə çap olunan Oqtay Rza mərhum şair Əli Kərim və sonralar intihar eləmiş Sərdar Əsədlə bir gün şəhəri dolaşmalı olur. Bu iki şairin həyatında və aqibətində içkinin mənfur rol oynadığını hamı yaxşı bilir. Axşamacan çəkən şəhər seyri Oqtay Rzanın cibindəki qonorarın hissə-hissə, amma son qəpiyə qədər alkoqola xərclənməsiylə yekunlaşır, hərçənd "üçlük" bu məbləğin bir tələbə üçün həyati əhəmiyyətini yaxşı başa düşürmüş.
Onlar pula toxunmayacaqlarını dönə-dönə sözləşir, vədələşirlər – Oqtay müəllim belə dedi, – amma alkoqolun da ipə-sapa yatmayan öz iddiaları var.
Mənim yaddaşımda həmin gəzintinin dəhşətli, boz bir xəritəsi qalır – o xəritədə 3 siluet, 3 teyf sanki hər şeyin yarıda qalacağından qorxa-qorxa, amma inamla hərəkət eləyir. Bütün bunların hamısını – başına gələn hadisələri bircə-bircə Oqtay Rza sağlığında özü yazaydı gərək.
Yazan adamın üzləşdiyi hadisələr bəlkə daha artıq memuarlarda yaşamağa haqq edir.
Zənnimcə, adamlar iki mətni öz istedadlarının üst səviyyəsində yazırlar: sevgi məktubunu və xatirələri. Nə qədər sağsınız, öz memuarınızı özünüz yazın, amandı, onu öləndən sonraya saxlamayın. Məlum olduğu kimi, ölülər heç nə yaza bilmir.
Tanıyanlar, hətta tanımayanlar da bilir: Oqtay Rza müsbət adamıdı, onun özü və insanlığı haqda ancaq xoş söz demək olar; qalanı boş şeydi.
Oqtay Rzaya Allah rəhmət eləsin!
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO