Ən uzun yuxunu nə vaxt görürük?
Bizi izləyin

Köşə

Ən uzun yuxunu nə vaxt görürük?

Leyla Sarabi

Hər il yaşamağa səbəb tapırıq. Bir azca da... pandemiya bitəcək, il dəyişsin, müharibənin ağırlığı da canımızdan çıxacaq. Nəsimi gələcək, Nizami gedəcək, təqvim yenilənəcək. Xatırlayıb, unutmağa bəhanələrimiz olacaq.

Yaddaşımızın ən oxunaqlı səhifəsində hər ildən bir yarpaq qurudub saxlayırıq.

****

Sübhün 5-ci saatı axıb gedir. Gecəni həyəcan qarışıq xoşbəxtliyimdən, ağrı boyda qürurdan yata bilməmişəm. Təzə ayaqqabısını məktəb çantasına çarpazlayıb, gözünü qırpmağa qıymayan məktəbli kimi...

İllər sonra Şuşada ilk dərs günümə hazırlaşıram. Bir yandan da hüdudsuz sevincim Şəhidlərin xəyali səddinə dəyib üstümə çırpılır.

20 dəqiqədən bir pəncərəni açıb, dumanı içimə çəkmək ritualım... Kilsəsinin, məscidinin nəfəsi yanağımı sığallayan şəhər... Şəhərin küçələrində avaralanan itlərə ad verə-verə heç nəyi, kimsəni bütləşdirməyən mən Cıdır düzündən tapdığım boş patronu da müqəddəs dua kimi cibimdə Bakıya aparacağımın xəyalını qururam. O patron bu gün iş masamın üstündədir. Birinci Qarabağ savaşında bombaların bozartdığı səma altında boş patronlar axtarmaq əyləncəmdən qalmış yuxulu vərdişimin tozunu silirəm.

Bədənim parça-parça qış yuxusundan oyandıqca, gözlərim yumulur. Təsəvvür et, Şuşada təmiz, səliqəli mənzilin yataq otağında isti yorğanımı qucaqlayıram. Cəmi 15 dəqiqənin mürgüsü bəlkə də ömrümün ən uzun yuxusudur.

Uzaqdan yuxumun içinə tanış melodiyanın notları töküldü. Tütək səsi idi. O səhər Şuşanın torpağını, günəşini tütəyin ifasında Nizaminin “Sənsiz”i oyadırdı. Mənim üçün simvolik, bir az da fantastik məqam idi. Buna bənzər hadisəni Paris vağzalında da yaşamışdım. Göz qırpımında tuneldə qeybə qarışan qatarların uğultusunun insan səsi ilə danışan divarları susdurduğu soyuq məkanda Bülbülün “Sənsiz” ifası dolmuşdu qulağıma. Çox qəribə idi.

Fransızlar Bülbülü, üstəlik Üzeyiri, hələ bir Nizamini haradan tanıyır?!

Bəlkə də bu nəhəng soyuq divarların arasında azərbaycanlı da çalışır. Bəlkə də Şərqə meyilli avropalının son kəşfidir.

Bilmirəm, hər nə sehr idisə, məndən başqa heç kim dinləmirdi. Bu, necə olur? Vicdansızların heç birinin ayağı qrammofonun xırıltısına ilişib, yıxılmırdı. Yuxulu beynimdə zövqsüz qərbi lənətlədikcə, sırğamın kilidinə ilişən qulaqlığımı çıxardım. Hər şey olmalı olduğu kimi - göz qırpımında tuneldə qeybə qarışan qatarların uğultusunun, insan səsi ilə danışan divarları susdurduğu soyuq məkan - amma Bülbül mənim qulaqlığımın içində oxuyur.

Qatar gözləyə-gözləyə yuxuya dalmışam məgər. “Sənsiz”ə oyanıb, özümü konsert salonunun lap mərkəzində tapmışam.

Bura Şuşadır, Paris deyil. Qulaqlığımı yox, qulaqlarımı da bədənimdən ayırsam, tütək Bülbülün səsi ilə “Sənsiz” oxuyur.

Məntiqimin daşları ard-arda yerinə oturmağa başlayır. Axı bu gün Şuşada konsert olacaq. Musiqiçilərdən biri də şəhər əhlini Üzeyirsayaq oyatmağa çalışır. Şuşanın dumanı da sənsizliyi, səssizliyi götürüb uzaqlara qovur.

Bu ilin ən yaşıl yarpağı hansıdır soruşsan, Şuşanın Nizamiyə açılan səhərini deyərəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm