Köşə
Seymur niyə intihar etmişdi?
Qan Turalı
Müharibə insanın həyati mövcudluğunu mübahisələndirərək onu yenidən təyin edən dəhşətli bir təsisatdır. Ancaq bununla belə demək olmaz ki, ədəbiyyatda, fəlsəfədə müharibə haqqında deyiləsi bütün sözlər deyilib, qurtarıbdır. Bu elə bir dəhşətli fenomendir ki, onun dəhşətini simulyasiya etmək, yenidən yaşamaq hər nə qədər mümkün olsa belə onu başqalarına ötürmək olduqca çətindir. Çünki müharibədə birinci həqiqətlər ölür, həqiqətlər... Həqiqətlər olmadan da insanları inandırmaq çətindir.
Mən öz payıma müharibə haqqında ən gözəl əsəri I Dünya Müharibəsinin əsgəri olan Erix Mariya Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını sayıram. Bir də Selincerin “Banan balığının asan ovlanan günü” (A Perfect Day For Bananafish) hekayəsini... Selincer də II Dünya Müharibəsində iştirak etmişdi.
Selincerin qəhrəmanı Seymur həyat yoldaşı Muriellə tətilə çıxır. Hekayənin əsas hissəsi Murielin anası ilə telefond danışıqlarından bəhs edir. Biz ancaq ötəri şəkildə Seymurun müharibədən qayıtdığını bilirik. BU danışıq zamanı isə Seymur okeanda çimməyə gedib, orda balaca Sibilə banan balıqları haqqında danışır. Hekayə Seymurun otağa qayıtması ilə son abzasa keçir: “Beş yüz yeddinci otağa girdi. Otaqdan dəri və lak iyi gəlirdi. Bir müddət dinməzcə dayanıb, qoşa yerli enli çarpayıda yatmış qıza tərəf baxdı, sonra gedib çamadanını çıxardı, açdı, tapançasını götürdü. Onun darağını çıxardı, baxdı, sonra qaytarıb yerinə soxdu. Çaxmağını geri çəkdi. Gəlib qızın böyründə oturdu, onun sifətinə baxdı, sonra tapançanı sol gicgahına dirədi və barmağını tətiyə basdı”.
Heç bir izah yoxdur. Heç bir təfərrüat da. Eləcə sol gicgah və tətik... Köhnə bir amerikan nəğməsində deyildiyi kimi, əsgərlər ölmürlər, sakitcə qeybə çəkilirlər...
Ancaq o sükutun içində o qədər çox söz var ki. O qədər sözlə dolub ki, sükut danışmağa söz tapmır, boğulur sözlərin çoxluğundan, hisslərin tündlüyündən... Sözdən tıncaxanlardır intihar edənlər...
Rasim Qaracanın “Ən yaxın dostun müharibədə ölmüşsə, əgər” şeirində deyildiyi kimi... “Əgər ən yaxın dostunun kəllə çanağını düşmən mərmisi parçalamışsa/gözlərinin önündən getmirsə qan hopmuş kəfəni/nədənsə sənə həddən artıq dərin görünən qəbirdə/onun hansı hislər keçirdiyini düşünürsənsə...”
Selincer müharibədən sonra dostlarına yanmış insan ət qoxusunun heç vaxt burnundan getmədiyini deyirdi. Seymurun intiharının bir sirri də bu idi...
Ölüm qorxusu ilə burun-buruna yaşamaq... Bir minamyot mərmisi ilə ən yaxın dostunun bağırsaqları sənin üzünə yapışırsa... Beyni parçalanıb düz qarşına düşürsə... Yaşamaq o qədər də asan olmamalıdır...Bunlar çox sadə ancaq müharibədə iştirak etməyənlər üçün çox mürəkkəb həqiqətlərdir.
Amerika ordusunun İraq və Əfqanıstan mühaibələrindən sonra hazırladığı hesabatın sərlövhəsi də bu idi: “İntiharla döyüşü uduzduq”. 1868 əsgər intihar etmişdi. Hər 80 dəqiqədə qazi intihar edirdi.
Qaziləri anlamaq gərəkdir...
Çünki əsgərlər ölmürlər, sakitcə qeybə çəkilirlər...
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

































