Dəb: küçədə, havada, fikirlərdə və ən əsası həyatın özündədir! - FOTOLAR
Bizi izləyin

Layihə

Dəb: küçədə, havada, fikirlərdə və ən əsası həyatın özündədir! - FOTOLAR

"Dəb, yalnız geyimlərdə deyil, küçədə, havada, fikirlərdə və ən əsası həyatın özündədir!" (Koko Şanel)

Bəli, dəb təkcə təbiətdə hansı mövsüm olmasından deyil, həm də insanın ruhunda hansı fəslin hökm sürdüyündən asılıdır. Çünki geyimləri məhz əhvalımıza görə seçirik. Mövcud hava şərtləri isə ikinci planda gəlir.

Ancaq indi qapımızı döyən payız-qış mövsümü onu nəzərə almağa məcbur edir. Odur ki, qarşıdakı sərt mövsümün dəb yenilikləri ilə maraqlanmağın tam zamanıdır.

Dünyanın məşhur modelyerləri artıq 2015-2016-cı ilin payız-qış mövsümü üçün dəb proqnozunu verib, geyim kolleksiyalarını nümayiş etdiriblər.. Beləliklə, Publika.az-ın "Moda inqilabları" layihəsinin bu həftəki sayında moda həvəskarlarını payız-qış mövsümünün dəb proqnozu barədə ətraflı tanış edəcəyik.

Ondan başlayaq ki, son zamanlar moda aləmində radikal dəyişikliklər müşahidə edilmir. Yeni mövsümdə moda sahəsində müşahidə edilən ən maraqlı cərəyan köhnə dəbin geriyə qayıtmasıdır. Bu fakt özünü, əsasən, ötən əsrin son on illiyində büruzə verməyə başlayıb. Qəribə də olsa, ildən-ilə yenilənən modanın birdən-birə geriyə qayıtması və keçmişi təkrarlaması insanları qətiyyən narahat etmir. Əksinə, köhnə dəbi hər kəs böyük məmnuniyyətlə qəbul edir.

Çoxqatlı geyim tərzi

Bu tendensiya avropalı dizaynerlərin soyuq qış günləri üçün fikirləşə biləcəyi ən yaxşı yenilikdir. İndi sizin üst-üstə bir neçə paltar geyinməyə və müxtəlif materialları qarışdırmağa tam hüququnuz var.

Chalayan, DKNY

Tvid parça

Soyuq havalarda şəhərin küçələrində tvid palto və ya pencək geyən modapərəst qızlara çox rast gələcəksiniz. Əgər sizin şkafınızda tvid palto və pencək hələ də yoxdursa, bu payız birini mütləq alın.

Yeri gəlmişkən qeyd edək ki, "Chistian Dior", "Prada", "D & G", "Chanel" kimi moda evləri, eləcə də, demokratik brendlər tvid parçadan yubka, jilet və toplar təklif edirlər.

Prada, Chanel

Qurama

2015-2016 payız-qış mövsümünün əsas tendensiyalardan biri də nənələrimizin yorğan-dəşəklərdə böyük həvəslə tərbiq etdiyi qurama üsuludur. Hazır olun, qurama üsulu bu mövsüm geyimlərdə də öz əksini tapacaq.

"Burberry Prorsum", "Dsquared2", "Chloé", "Chistian Dior" kimi markalar özünün payız-qış kolleksiyalarında bu üsuldan istifadə ediblər.

Burberry Prorsum, Chistian Dior

Balon kurtkalar

Qışın şaxtalı havasına nifrət edən hər kəs bu kurtkalarda rahatlıqla küçəyə çıxa bilər. İndi belə kurtkalar zövqsüzlük əlaməti hesab olunmur. Əksinə, pərqu döşəkləri xatırladan balon kurtkalar bu il populyarlığının zirvəsində olacaq. "Chanel", "Fendi" və "Rag&Bone" kimi moda evlərin kolleksiyalarında bu cür kurtkalara rast gələ bilərsiniz.

Chanel

Qotik

Payız-qış mövsümünün növbəti fəlsəfəsi qotik tərzdir. Belə ki, zərifliyi və sadəliyi pozan, ağır çəkmələr geyinən qızlar bu il dizaynerlər üçün əsas ilham mənbələrindən biri olublar. Bu üslub daha çox "Alexander Wang", "Givenchy", "Balenciaga" və "No. 21" markaların kolleksiyalarında əksini tapıb.

Givenchy, No. 21

Vinil

Payız-qış mövsümündə laklı dərinin də aktual olacağı gözlənilir. Laklı dəri, adətən, üst geyimlərdə ön plana çıxıb. Bu dəb tendensiyalarının əsasını "Christian Dior", "Barbara Bui" və "Loewe" kimi markalar qoyublar.

Barbara Bui, Loewe

Botford-corabvari çəkmələr

Uzun donlar 2015-2016-cı ilin payız-qış podiumlarını tam ələ keçiriblər. Həmin yanaşma ayaqqabılarda da uğurla tətbiq olunub. Botfort adlanan corab-çəkmələrin mövsümün trendi olacağı şübhəsizdir. Bu dəb tendensiyasının əsas qaydası ondan ibarətdir ki, dekorlar və daban kobud olmamalıdır.

"Ralph Lauren", "Emilio Pucci", "Christian Dior" və "Versace" sübut etdilər ki, bortfodlar qadını seksual, qəşəng və son dərəcə incə göstərə bilər.

Emilio Pucci, Versace

Plisse – qırçınlı yubka və donlar

Bəzi dizaynerlər payız-qış kolleksiyalarında qırçın texnikasını yada salıblar. "Balmain" və "Alexander Mcqueen" brendi kolleksiyalarında qırçın texnikasını müxtəlif variantlarda tətbiq ediblər.

Alexander McQueen, Lacoste

Rəngli xəzlər

"Dolce&Gabbana", "Saint Laurent", "Versace", "Giorgio Armani" kimi moda evləri standart qara, ağ və qəhvəyi rəngli şubaların yerinə, orijinal rəngli kürklər təklif edirlər. Belə görünür ki, sanki "mən buradayam" deyə bağıran iddialı xəz modelləri ilə bu qış olduqca rəngli keçəcəcək.

Dolce&Gabbana, Versace

Ənənəvi heyvan təsvirləri

Heyvan təsvirləri payız və qış mövsümünün ənənəvi dəb tendensiyasıdır. Bəbir naxışlarına istər palto, istər çəkmə, istərsə də geyimlərdə rast gələ bilərsiniz. "Marni", "Saint Laurent", "Miu Miu" və "Roberto Cavalli" kimi moda evlərinin dizaynerləri kolleksiyalarının maksimum yırtıcı alınmasına çalışıblar.

Saint Laurent, Roberto Cavalli

Hərbçi tərzi

Bu tendensiya artıq neçə mövsümdür ki, davam edir. Hər il olduğu kimi bu il də hərbi üslub - palto, pencək, çəkmə, paqon, düymə və epoletlər payız-qış mövsümünün kolleksiyalarında geniş istifadə olunub.

80-cı illər

Ötən il 60 və 70-ci illərin üslubunun dəbə minməsi ilə yadda qaldısa, bu ilin payız və qış aylarında 80-cı illərin dəbi kəskin şəkildə hiss olunacaq: əlvan rənglər, böyüdülmüş çiyin və qollar, assimetrik kəsimlər, uzun çəkmələr və s. Bir sözlə, bu mövsüm həm də 80-cı illərin dəlisov dəbini yada salmalı olacağıq.

Zolaqlı köynəklər

Klassik ağ və qara zolaqlı köynəklər payızda da trend olmağa davam edəcək. Bu dəb cərayanı, əsasən, sviter və trikotaj geyimlərdə istifadə olunub.

Qalın kəmərlər

Bu mövsüm incə belləri qalın və böyük toqqalı kəmərlər "qucaqlayacaq".

Qısabalaq, enli şalvarlar

Ötən ilin yayında dəbə minən qısa balaqlı, enli şalvarlar payız-qış mövsümündə də dəbdə olmağa iddialıdır. Moda evləri sözügedən modelin qış üçün yun kimi qalın parçalardan hazırlanan variantlarını təklif edirlər. Cinsdən bezənlərə soyuq qış günləri üçün uğurlu alternativ ola bilər.

Bohem tərzi

Bohem dəb cərəyanı, o cümlədən, etnik naxışlar, yumşaq dəri, qotazlar və saçlar, uzun paltarlar, maksi ətəklər və.s payız-qış mövsümünü də işğal etməyə hazırlaşır. Məsələn, "Etro" və "Burberry" kimi moda evlərinin payız-qış kolleksiyaları sanki xüsusi olaraq bu üsluba həsr olunub.

Məxmər

Qarderobunuza zinət və ehtişam gətirən məxmər geyimlər bu qışın ən sevilən dəb tendensiyası olacaq. Dizaynerlərin əksəriyyəti kolleksiyalarında qara və göy rəngə üstünlük veriblər. Hamar və ya fakturalı trikotajdan toxunma geyimlər soyuq mövsümdə istənilən kokteyl obrazının əsası ola bilər.

Trikotaj

Qışın soyuğunu trikotaj paltarlar olmadan sağlam şəkildə başa vurmaq mümkün deyil. Həm dəblə ayaqlaşmaq, həm də canınızı isti saxlamaq üçün əvəzolunmaz geyimlərdir.

Bürüncək və ponçolar

Ponçolar yenə aktualdır. Qotaz və saçaqlı ponçolar paltolara həm rəqib, həm də yaxşı alternativdir.

Pulcuq dəbi

Fəslin dəbi parıltılı və cəlbedici geyimləri qarderobunuzda daxil etməyi tələb edəcək. Belə ki, 2015-2016-cı ilin payız-qış fəslinin ziyafət libaslarını parıltılı pulcuqlar bəzəyir. Bir sözlə, iddialı görünməyi sevən xanımlar ziyafət gecələrində ulduzlar kimi sayrışacaqlar.

Yun astar

Son bir neçə mövsümdür ki, trend olan yun astar qış dəbinə də sirayət edib.

Zamşa

Qış mövsümünün ən qəşəng və ən gözəl dəb cərəyanlarından biri də yumşaq dəridir. Zamşa donlar, yubkalar, jiletlər, çantalar, papaqlar və əlcəklər hər modapərəstin qarderobunu bəzəməlidir. Zamşa bu mövsüm müxtəlif rənglərdə qarşımıza çıxacaq, lakin aktual olan qəhvəyi tonlarıdır.

P.S Xüsusi vurğulamaq istərdik ki, 2015-2016-cı ilin payız dəbi hər kəsə təmtəraq və rəngarənglik vəd edir.

Publika.az-ın dəyərli oxucuları, 2015-2016-ci ilin payız-qış mövsümünün dəb tendensiyalarını özündə əks etdirən bu uzun siyahını görüb fikriniz qarışmasın. Bu siyahıdan ağılla istifadə edin və ancaq özünüzə yaraşanı seçin. Fəslin moda qanunlarına əməl etməklə, onun tələblərinə uyğun geyinməklə insanlarda, xüsusilə də, kişilərdə təlatüm yaradacağınız qaçılmazdır...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm