Dünyanın ən dəbli və cazibədar bacıları - FOTOLAR
Bizi izləyin

Layihə

Dünyanın ən dəbli və cazibədar bacıları - FOTOLAR

Dünyada ulduza çevrilmiş bacı-qardaşlar çoxdur.

Elə biz də onları araşdırmışıq. Publika.az-ın “9 don” layihəsi çərçivəsində ən dəbli bacılardan söhbət açacağıq. Hansı ki, geyim üslubu ilə hər kəsə nümunə ola bilərlər. Onların əksəriyyəti eyni peşədə çalışsalar da, hər biri öz fərdi geyim üslubu ilə seçilirlər.

Keyt və Pippa Middlton bacıları

Keyt kral ailəsinin ən populyar nümayəndələrindən biridir. İngiltərə xalqı Keyt Middltona xüsusi sevgi və rəğbət bəsləyir. Bu xalq məhəbbətinə görə Keyt Middlton həm də diqqətlə düşünülmüş qarderobuna borcludur. İngiltərənin sevimlisi tanınmış dizaynerlərin geyimlərini bir-biri ilə ustalıqla birləşdirərək öz qüsursuz obrazını yaradır. İstər rəsmi tədbirlərdə və ya sevimli uşaqları ilə gəzinti zamanı, istərsə də həyat yoldaşı, şahzadə Uilyamla rəsmi tədbirlərdə həmişə ideal görünür.

Keytin kiçik bacısı Ketrinin titulu olmasa da, onun da öz üslubu ilə öyünmək üçün tam haqqı var. Pippa Keytdən fərqli olaraq, konservativ geyimlər seçmir. Pippa Midllton, adətən, parlaq rənglərə və cəlbedici naxışlara üstünlük verir.

Beyons və Solanj Noulz

Solanj Noulzun musiqi karyerası bacısınınkı kimi parlaq olmasa da, geyim məsələsində o, böyük bacısından bir addım öndədir. Onun gözəl və özünəməxsus tərzi olduğunu bir çox dəb tənqidçiləri də təsdiqləyib. Onların fikrincə, Solanj öz bədən quruluşuna yaraşan geyimləri seçməkdə ustadır. Beyons isə bədən quruluşunu ön plana çıxaran dar və dekolteli geyimlərə daha çox üstünlük verir. Buna görə də pop ulduz zaman-zaman uğursuz geyinən ulduzların siyahısına düşür. Halbuki onun kiçik bacısı bu kimi halla heç vaxt üzləşməyib. Solanj gənc dizaynerlərdən geyinməyə üstünlük verir və həmişə mürəkkəb siluetli geyimlər seçir. Lakin onları öz aralarında ideal şəkildə birləşdirməyi yaxşı bacarır. Obrazını parlaq rəng çalarları və qeyri-adi aksessuarlarla tamamlayır.

Kendal və Kayli Cenner bacıları

Kendal və Kayli Cenner bacıları 10 mövsüm ərzində yayımlanan “Keeping Up with the Kardashians” realiti-şousunda tanınıblar. Erkən yaşda televiziyada uğur qazanan qızlar indi də dəb sahəsində at oynadırlar.

Yeri gəlmişkən qeyd edək ki, Kendal Cenner dövrümüzün məşhur modellərindən biridir. Kendal həm də “Chanel” moda evinin direktoru Karl Laqerfeldin ilham pərisidir. Gənc model stil ikonası adına da layiq görülüb. Buna görə, qızcığaz haqlı olaraq özü ilə fəxr edə bilər. Bacısı Kayli da ondan geri qalmamağa çalışaraq, özünü dizayner kimi sınayıb. Saçını tez-tez mavi rəngə boyayan qız artıq tanınmış brendlər ilə əməkdaşlıq edərək bir neçə kolleksiyasını buraxıb.

Cici və Bella Hadid

Bu qızların gözəlliyi unudulmazdır. Cici Hadid model karyerasına 2014-cü ildən başlasa da, indi heç bir mərasim onsuz keçmir. Model bu yaşda əldə etdiyi uğuru Tom Forda borcludur. Gənc modeli öz himayəsinə alan dizayner onu öz brendinin düz üç reklam kampaniyasına cəlb edib. İndi, deyəsən, Cicinin kiçik bacısı da onu təkrarlamaq və karyerasında sürətlə yüksəliş əldə etmək niyyətindədir. Bella Hadid bir neçə model agentliyi ilə müqavilə imzalayaraq dünyanın tanınmış dizaynerlərinin rəğbətini qazanıb.

Kara və Poppi Delevin

Kara bacısı Poppidən yaşca kiçik olmasına baxmayaraq, daha çox məşhurdur. Onun moda sahəsindəki uğurlarını saymaqla bitmir. 22 yaşında super model adını qazanan Kara dəb sahəsində bütün mümkün uğurları əldə edib. Buna görə də özünü aktrisa kimi sınamağa qərar verib. Bu il Kara Delevinin iştirakı ilə düz üç film ekranlara çıxacaq. İndi isə ulduz “İntihar edənlərin dəstəsi" filmi üzərində çalışır. Bu filmdə Cared Leto ilə Vil Smit onun tərəfmüqabili kimi çıxış edirlər. Böyük bacısı Poppi isə 2014-cü ildə ailə qurduqdan sonra model kimi fəaliyyətinə ara verib.

Meri-Keyt və Eşli Olsen

Dünyanın ən məşhur əkiz bacıları aktrisalıq karyeralarına kiçik yaşlardan başlayıblar. İstedadlı bacılar aktrisalıq qabiliyyətindən əlavə, maraqlı geyimləri və imicləri ilə də daim diqqət mərkəzində olublar. Onlara qüsursuz zövq anadangəlmə ötürülüb. Buna görə də, bacılar özlərini dəb sahəsində də sınamağa qərar veriblər. Onlar özlərinin “The Row” brendini yaradıblar. Brendin mövsüm kolleksiyası “CFDA” kimi nüfuzlu mükafatın qalibi seçilib. Hətta bu yaxınlarda brendin əməkdaşlarının ağır əmək şəraiti ilə bağlı səsləndirdikləri şikayətləri və yaranmış qalmaqala baxmayaraq, “The Row” hələ də Amerikanın ən məşhur markalarının siyahısında ilk yerlərdədir.

Syuki və İmmi Uoterxaus

Syuki Uoterxaus “Burberry” moda evinin kreativ direktoru Kristofer Beylinin ən sevimli modellərindən biri sayılır. O, bir neçə mövsüm dalbadal dəb sənayesinin ən yaxşı geyinən modeli olub. 22 yaşında başgicəlləndirici məşhurluq əldə etdikdən sonra Syuki də Kara Delevin kimi modellik karyerasını kinoya fəaliyyətinə dəyişmək qərarına gəlib. Məlum olduğu kimi onun boş yeri qalmayıb. Öz səltənətini bacısına həvalə edib. İmmi Syuki bacısının işlədiyi eyni model agentliyi ilə müqavilə imzalayıb. Bu bacıların hər iksinin geyim tərzi bir-birinə yaxındır.

Daniel, Esti və Alana Xaym bacıları

Bu, 3 bacı da qarışıq tərzləri ilə daim dəb tənqidçilərinin diqqətini çəkirlər. Bacılar qarderoblarını dəri əşyalar, mini yubkalar, cırıq cinslər olmadan təsəvvür edə bilmirlər. Nəticədə Haym bacıları Kortni Lavın həddən artıq açıq-saçıq imicinin müasir və təzə versiyası kimi görünürlər.

Keyt və Lotti Moss

Keyt və Lotti Moss arasında böyük yaş fərqi - təxminən 24 il fərq var. Amma bu yaş fərqi ailənin kiçik qızına ulduz bacısının yolu ilə getməyə mane olmayıb. Qız özünün ilk müqaviləsini 16 yaşında imzalayıb. Lotti Mos da bacısı kimi böyük moda evləri ilə işləyir. O, “Calvin Klein” markasının reklam kampaniyasına çəkilməsi ilə sözün əsl mənasında öyünə bilər. Görünür, Moss soyası dəb sahəsində hələ uzun illər böyük səs-küy yaradacaq.

Nkol və Sofiya Riççi

Nikol və Sofiyanın ögey bacı olması onların hər iksinin dəb sahəsində nəzərəçarpacaq uğurlarına əngəl olmayıb. Nikolun geyim və imic dəyişikliyini bütün dünya mətbuatı müzakirə edir. Bu, modellik karyerasını seçən bacısı üçün də yaxşı nümunə olub. Belə ki, Sofiyanın etirafına görə, fotosessiyalar və moda çəkilişləri onun üçün həmişə çox maraq kəsb edib. İndi isə bu arzusuna çatıb. Sofiya karyerasında sürətlə irəliləməsə də, bir neçə demokratik (ucuz) brendlərin çəkilişlərində iştirak edib. Jurnalistlər isə proqnozlaşdırırlar ki, Sofiya tezliklə Kendall Jenneri ötüb keçə bilər.

Penelopa və Monika Kruz bacıları

Penelopa ilə Monika Kruz bir-birinə çox bənzəyirlər. Biri-birinə qarşı mehriban olan bacılar zahiri oxşarlıqlarından işdə də faydalanırlar. Məsələ burasındadır ki, Penelopa Kruzun çəkildiyi bir çox filmlərdə dubluyoru məhz bacısıdır. Yeri gəlmişkən qeyd edək ki, aktrisanın bacısı Monika Madrid institutunun klassik balet məzunu, peşəkar rəqqasədir. Penelopa Kruzun kino karyerasında əldə etdiyi uğurları isə saymağa ehtiyac yoxdur. Yəqin ki, çoxlarınızın onun "Oskar" mükafatı sahibi və Hollivudun ən istedadlı aktrisalarından biri olduğundan xəbəriniz var.

Penelopa Kruzun rolları qədər sadə geyim tərzi də bəyənilir. Moda dünyasında baş verən yenilikləri yaxından izləyən bacılar bu səbəbdən özlərini dizayner kimi də sınayıblar. Belə ki, onlar bir neçə moda evinin kolleksiyalarının yaradılmasında iştirak ediblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm