Məşhur jurnalistdən qızı haqqında ŞOK ETİRAF – FOTOLAR
Bizi izləyin

Layihə

Məşhur jurnalistdən qızı haqqında ŞOK ETİRAF – FOTOLAR

Məhmət Y. Yılmazı, bəlkə də, çoxları tanımır. Ancaq o, Türkiyə mətbuatının qocaman jurnalistlərindən biridir. Ən nüfuzlu qəzetlərin təsisçisi və redaktoru olub, eyni zamanda yazar kimi də fəaliyyət göstərir. Bu günə kimi iki kitabı çıxan Məhmət Yılmaz müxalifyönlü yazıları və romantik dili ilə seçilir. Məşhur jurnalist Ayşə Arman yazarın "Aşktan sonra hayat var mı" ("Eşqdən sonra həyat varmı?") adlı yeni kitabının çıxmasını fürsət bilərək ondan müsahibə alıb.

Publika.az-ın "Şirin söhbət"ində bu dəfə ənənəni pozur və sizə kino, musiqi sektorunun deyil, yazı-pozu aləminin ən məşhur simalarından birinin - Məhmət Yılmazın müsahibəsini təqdim edirik:

Ayşə Armanın ön sözü

O, mənim keçmiş redaktorumdur. Məndə bir xüsusiyyət var, bir dəfə redaktorum olan insana həmişə hörmət edirəm. Məhmət bəyin üzərimdə çox əməyi var. Uzun müddətdir ki, "Hürriyət"də yazılar yazmaqla yanaşı "Doğan Burda Dergi Grubu"nu da idarə edir. İşçilərindən həm ciddi iş tələb edir, həm də əylənmələrinə şərait yaradır.

Bu yaxınlarda yeni kitabı çıxdı. Adı belədir: "Eşqdən sonra həyat varmı". Bu müsahibəni də məhz bu kitab münasibətilə götürdüm. Məhmət Y. Yılmaz müxalif yazıları ilə yanaşı, romantik üslubda yazdığı məqalələrlə də tanınır. Yeni kitabı da həm əyləncəlidir, həm də insanı düşündürür. Kitabın içindəki bütün yazılar insanın ruhuna toxunur. Ona ən az kitabı qədər maraqlı suallar verməyə çalışdım.

- Həyatınızın hansı dövrünü yaşayırsınız?

- Yetkinlik dövründəyəm. Əvvəllər çox önəmli olduğunu zənn etdiyim bir çox şeyin, əslində, heç bir mənası olmadığını anladım. Buna görə də çox rahatam.

- Mən sizi böyük uğurlar əldə etmiş, heç kimə güzəştə getməyən, həyatın dadını çıxarmağa çalışan, heç nəyə tələsməyən və həyatın ən böyük mənasının eşq olduğunu düşünən bir adam kimi tanıyıram. Kənardan göründüyünüz kimisiniz?

- Bəli, məni belə görürsənsə, deməli, elədir. Mən bir çox insanın bacarmadıqlarını bacardım. Bunu öyünmək üçün demirəm, bəlkə də, elə başa düşülə bilər, ancaq vecimə deyil. Saysız-hesabsız jurnallar yayımlamışam. Dörd qəzetə - "Spor", "Posta", "Fanatik" və "Radikal"a redaktorluq edirəm. "Milliyət"də işləyəndə həm tiraj, həm də operativlik baxımından "Hürriyət" və "Sabah" ilə yarışırdıq. Oxunan bir köşə yazarıyam. Artıq özüm də daxil olmaqla heç kimə heç nəyi sübut etməyimə ehtiyac yoxdur. Bu arada övladım da böyüdü, ağıllı bir qız oldu, təhsil aldı. Öz ayaqları üzərində duracaq, heç kimə möhtac olmayacaq. Bundan sonra mənə ancaq həyatın dadını çıxarmaq qalır. Eşqə gələndə isə, bəli, məncə, insanın həyatındakı ən önəmli şey eşqdir. Saramaqo deyib ki, "Həyatda ən böyük inqilab eşqdir". Mən də Saramaqoistəm.

- Sizin üçün eşq nədir?

- Mən eşqin insanı həyata qarşı daha həssas etdiyinə inanıram.

- Kimi güvəni, dincliyi eşq adlandırır, kimi də ehtiras və intriqanı. Bəs siz necə?

- Məncə, ehtirassız eşq olmaz. Güvəni, dincliyi, fırtınalı dənizi unutmaq lazımdır. Eşq duyğuların, hisslərin partlamasıdır. Eşqdə dinclik olmaz.

- Asanlıqla aşiq olursunuz?

- O qədər asan olsaydı, hər altı aydan bir aşiq olmaq istəyərdim. Lakin sadəcə, şanslı insanlar həyatlarında bir neçə dəfə aşiq olub, əsl eşqi yaşaya bilirlər. Bu da maksimum 4 dəfə olur. Bundan çox aşiq olduğunu deyən varsa, yalan danışır. Onlarla səviyyəli münasibət yaşaya bilərsiniz, ancaq bu, eşq deyil.

- Bəs aşiq olanda inadkarlığınız tuturmu?

- Yox. Bu mövzuda Nazım Hikmətdən nümunə götürürəm. Deyir ki, "Sən almanı sevirsən deyə, almanın da səni sevməsi şərtdir?" Eşq insanın özü ilə əlaqəli bir duyğudur. Qarşılığı olmaya bilər, onda eşqi öz içində yaşamalısan. Bir az ağrılı olur, amma imkansız deyil.

- Eşq sizin üçün 20 yaşınızda nə ifadə edirdi və indi nə dəyişib?

- O illərdə eşq haqqında heç düşünmürdüm. Aşiq olmuşdum, amma bunun instinktlərlə bağlı olduğunu sanırdım. İndi isə düşünürəm ki, eşq seçimdir, buna məntiqlə qərar veririk. Ya təslim olursan, ya da səbəti qoluna taxıb gedirsən.

- Eşq təslim olmaqdır?

- İş dünyasının qanunlarına təslim olmuram, cəmiyyətin xoşuma gəlməyən qaydalarına təslim olmuram, amma eşqdə vəziyyət başqadır. Qarşılıqlı şəkildə qadın kişiyə, kişi də qadına təslim olmalıdır. Əks halda, buna eşq demək olmaz. Mən yazı adamıyam. Yazarkən sanki içimdən başqa bir adam çıxır. Real həyatda isə hisslərimi ifadə etməkdə çətinlik çəkirəm.

- Sizcə, eşqin böyüklüyünü nə ilə ölçmək olar, qısqanclıqla, ya sədaqətlə?

- Aşiq olduğun insanı qısqanmağın normaldır. Qısqanmırsansa, deməli, ona əhəmiyyət vermirsən. Ancaq mənasız qısqanclıqlar münasibətə zərər verə bilər. Rəhmətlik nənəm deyirdi ki, "Hər şeyin azı qərər, çoxu zərərdir". Qısqanclıq da elədir. Eşqin böyüklüyünü qısqanclıq yox, sədaqət sübut edə bilər. Əgər bir insanı sevirsinizsə, başqa insanlar sizi cəlb etməməlidir.

- Yaşlanmaqdan qorxursunuz?

- Bəli, yaşlanmaq barədə düşünmək xoşuma gəlmir. Yenə də "Sürətli yaşa, gənc öl, cəsədin yaraşıqlı olsun" fikri ilə razı deyiləm. Önəmli olan yaşlanmamaq deyil, kiminlə birlikdə yaşlanacağına qərar verməkdir.

- 50 yaşdan sonra kişilərin həyatında nə dəyişir?

- Bəziləri həyatın bitdiyini, ömrün bitməsinə az qaldığını düşünərək panikaya düşürlər. Amma məndə elə olmadı. Çünki o yaşa çatanda edə biləcəyim hər şeyi etmişdim.

- Məqalələrinizdən birində "Bir kişi hər şeyi qadın üçün edir", deyə yazmışdınız. Bu fikir sizin üçün də keçərlidir?

- Əlbəttə, kişilər hər şeyi sevdikləri qadının gözünə girmək üçün edirlər. Bu qadın ana, nənə, bacı və ya həyat yoldaşı ola bilər. Fərqi yoxdur ki, bu qadın kimdir, ancaq hər bir kişi bu qadınlardan birindən yaxşı söz eşitmək üçün çalışır.

- Saramaqonun ən böyük mükafatı sevdiyi qadın Pilardır. Sizin ən böyük mükafatınız kimdir?

- Mən də nə vaxtsa, Saramaqo kimi bir roman yazsam, sevdiyim qadına ithaf edərəm. O zaman hər kəs adını öyrənər.

- Siz sərt siyasi yazılar yazırsınız. Amma həftəsonu bir eşq adamına çevrilirsiniz. Belə yazıları niyə ancaq həftəsonu yazırsınız?

- Mən düşünürəm ki, jurnalist müxalifətçi olmalıdır. 20 ildir köşə yazıları yazıram. Çox şükür ki, bu müddətdə heç bir siyasətçiyə yaltaqlanmamışam. Jurnalist sual verməli, səsi çıxmayanları, əzilənləri müdafiə etməlidir. Ancaq şənbə günləri siyasətdən yazmıram. Bilirəm ki, oxucularım da məndən bunu gözləyir.

- Kişilər hazırda iqtidarda olmaq üçün dava edirlər. Halbuki eşq üçün dava etsələr, daha yaxşı olmazdı?

- Hakimiyyətə can atırlar, çünki onlar da sevdikləri qadının gözündə ucalmaq istəyirlər.

- Sizcə, Rəcəb Tayyib Ərdoğana eşq yaxşı təsir edər?

- Məncə, o, Əminə xanıma aşiqdir. Bir-birlərini sevdikləri davranışlarından bəlli olur.

- Qadınlar kişilərdə nə axtarırlar?

- Zəka, yaraşıqlılıq və əyləncə. Ancaq əsas əyləncəli olmaqdır. Çünki dahi olsan, bir qızın qarşısına keçib Kvant fizikasından danışsan, heç nə alınmaz. Qadını güldürməyi bacarmalısan. Bir də həyatda uğur qazanmısansa, özünə olan inamın artır, bu da qadınların xoşuna gələn xüsusiyyətdir. Məncə, qadınlar kişini görən kimi ondan təsirlənib-təsirlənmədiklərinə qərar verirlər. Əgər əvvəldən diqqətini çəkməmisinizsə, ağzınızla quş tutsanız da, heç nə alınmayacaq.

-Yaşınız artdıqca ideal qadın simvolunuzda dəyişikliklər oldumu?

- Yox, olmadı. Uşaqlıqda da sarışınları bəyənirdim, indi də. Amma "ideal qadın" dedikdə xarakteri nəzərdə tutursansa, başqa məsələ. Onda o, mənimlə birlikdə hər şeyi, hər yerdə, hər şəraitdə etməyə hazır olan qadındır.

- Daha öncəki müsahibəmizdə film çəkəcəyinizi demişdiniz. Çəkilişlərə nə vaxt başlayırsınız?

- Axı, onda da sənə demişdim ki, heç kim film çəkməyim üçün pul ayırmaz. Gördüyün kimi, bu günə kimi büdcə ayıran olmadı. Mən də vaz keçdim. İndi foto çəkib "Instagram"da paylaşıram. Daha əyləncəlidir, həm də pul xərcləmək lazım gəlmir.

- Gələcəklə bağlı xəyallarınız var?

- Bir romana başlamışam. Qızıma və bacım qızına oxutmuşam. Qızım bəyənsə də, bacım qızı romanımın yaxşı olması üçün üstündə hələ 10 il də işləməli olduğumu dedi. Gələcəklə bağlı planım bu romanı tamamlamaqdır.

- Söhbət qızınızdan düşmüşkən, soruşum. Yasəmənin eşq həyatına qarışırsınızmı?

- Qızım məndən daha ağıllıdır. Onunla hər mövzuda söhbət edirəm. Mənə məsləhət verməyini çox xoşlayıram. Amma mən, xüsusilə də, eşq mövzusunda ona heç bir məsləhət vermirəm. Eşq həyatına qarışmıram. Məncə, bu məsələlərdə hamı öz ayağından asılmalıdır. Heç kim belə mövzuda məsləhət eşitmək istəməz. Onsuz da tövsiyə versən də, əməl etməyəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm