Ukrayna tarixinin ən gözəl birinci xanımı prezidenti necə yoldan çıxartdı? - FOTOLAR
Bizi izləyin

Layihə

Ukrayna tarixinin ən gözəl birinci xanımı prezidenti necə yoldan çıxartdı? - FOTOLAR

Ukraynanın prezidenti bülletendə ona səs verən on milyonlarla ukraynalının etimadını doğrultmaq üçün hələ çox böyük işlər görməlidir. Ukraynalılar öz prezidentlərinə inanır və ölkəni qarşıda yeni inkişaf mərhələsinin gözlədiyinə ümid edirlər. Lakin Ukrayna prezidenti mətbuatda təkcə gördüyü işlərlə deyil, həm də gözəl həyat yoldaşı olması ilə diqqət çəkir. Məsələn, Ukrayna mətbuatı iddia edir ki, Marina Poroşenko Ukrayna tarixində ən gözəl və dəbli birinci xanımdır. Bu mənada Pyotr Poroşenkonun bəxti gətirib ki, onun Marina Poroşenko kimi məlahətli, kübar və gözəl həyat yoldaşı var.

Publika.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə Ukraynanın birinci xanımı Marina Poroşenkodan danışacağıq.

Marina Poroşenko 1962-ci ilin iyununda Kiyevdə anadan olub. Kiyev Tibb İnstitutunu bitirən birinci xanım ixtisasca həkim-kardioloqdur. Universiteti bitirdikdən sonra o, uzun müddət Kiyev xəstəxanasının kardioloji şöbəsində həkim işləyib. Ana olduqdan sonra özünü bütünlüklə ailəsinə həsr etmək üçün karyerası ilə vidalaşıb və buna görə qətiyyən peşman deyil.

Tibb elmləri namizədi olan Marina Poroşenko sadə ailədən deyil. Belə ki, onun atası uzun illər Ukraynada səhiyyə nazirinin müavini postunda çalışıb. Hazırda isə Marina Poroşenko Pyotr Poroşenkonun adını daşıyan Xeyriyyə Fondunun İdarə Heyətinin sədridir. İctimai işlər və aktiv fəaliyyəti ilə yanaşı, Marina Poroşenko qayğıkeş anadır. Birinci xanım 4 uşaq anasıdır. Onun iki qızı və 2 oğlu var.

Gələcək prezident və gələcək birinci xanımın sevgi hekayəsi təxminən 30 il əvvələ təsadüf edir. Onlar tələbəlik illərində universitetin təşkil etdiyi diskotekalardan birində tanış olublar. Marina Poroşenkonun sözlərinə görə, bu, ilk baxışdan sevgi idi. Amma cütlük düz bir ildən sonra dostları ilə birlikdə piknikə çıxanda yaxından tanış olub və görüşməyə başlayıblar. Birinci xanım müsahibələrinin birində etiraf edir ki, bundan sonra onlar az qala hər gün görüşürdülər. Onu da qeyd edək ki, Marina Poroşenko prezident Poroşenkodan üç yaş böyükdür.

Müsahibələrinin birində Pyotr Poroşenko ilə sevgi tarixçəsindən danışan Marina Poroşenko qeyd edib ki, onlar olduqca romantik cütlük olublar: Biz demək olar ki, hər gün görüşürdük, bir-birimizdən ayrı qala bilmirdik. Ancaq küsülü olanda görüşmürdük. Bir dəfə aramızda ciddi mübahisə oldu. Həmin gün gecə səhərədək ağlamışdım. Düşünürdüm ki, bu, sondur və biz ayrılırıq. Ertəsi gün isə yenidən barışmışdıq. Bizim münasibətlərimiz romantik və gözlənilməz idi”.

Romantik cütlük evlənmək üçün çox gözləmir. Təxminən bir il sonra onlar evlənmək qərarına gəlirlər. Lakin birgə ailə həyatı 2 il təxirə düşür. Çünki toydan bir həftə sonra Pyotru sovet ordusuna xidmətə aparırlar.

“İlahi, mən ona görə necə hönkür-hönkür ağlayırdım”

Prezidentin xanımı həmin illəri belə xatırlayır: "Vağzalda həyat yoldaşımı yola salanda mənim üçün həyat sanki başa çatmışdı. İlahi, mən ona görə necə hönkür-hönkür ağlayırdım. Düşünürdüm ki, ayrılığa dözə bilməyəcəm. 2 il onsuz yaşamaq mənə dəhşətli görünürdü. Bu cür faciəni mən həyatımda heç vaxt hiss etməmişəm”.

Həmin illərdə bir-birini dəlicəsinə seçən aşiqlər yeganə təsəllini məktublarda tapırdı: "Biz görüşə bilmirdik, əvəzində bir-birimizə demək olar ki, hər gün məktub yazırdıq. O məktubları indiyədək saxlayıram..."

Pyotr Poroşenko hərbi xidmətdə olduğu üçün oğlu dünyaya gələndə həyat yoldaşının yanında ola bilmir: "Böyük oğlum dünyaya gələndə tək idim, onda heç kimə lazım olmadığımı düşünürdüm. Aleksey dünyaya gələndə keçirdiyim tənhalıq hisslərini ömür boyu xatırlayacağam... Sanitarlar, həkimlər üstümə qışqırırdılar”.

Növbəti uşaqları dünyaya gələndə isə gələcək prezident həyat yoldaşını bir an belə tək buraxmır.

Marina Poroşenkonun sözlərinə görə, onun əri hər bir qadının arzuladığı güclü və ona arxa-dayaq ola bilən kişidir: “Pyotr ciddi ailə başçısı və yaxşı ərdir. Onun sözü qanundur. Sağ olsun, o, mənə və uşaqlarıma hər an kömək edib. O yalnız mənim əvəzimə əmizdirə bilmirdi. Ümumiyyətlə, bizim ailədə hamı öz öhdəliklərini mütləq yerinə yetirir. Əgər nəsə mənim vəzifəmə daxildirsə, mən bunu mütləq edirəm. Çünki onun vəzifəsi onsuz da mürəkkəbdir”.

Xüsusi vurğulamaq lazımdır ki, Poroşenkolar ailəsi evdə siyasətdən danışmağı xoşalmırlar. Marina bildirir ki, uşaqlar ciddi tərbiyə əsasında böyüyüb. Məktəb, repetitorlar, dərnəklər, dərslər uşaqların bütün vaxtını alır. Boş vaxtlarda isə qızlarına tikiş tikməyi, naxış vurmağı, toxumağı öyrədir. Marina inanır ki, nizam-intizam qaydalarını uşaqlara çox kiçik yaşlardan öyrətmək lazımdır. Bu, onlar üçün çətin olsa da, sonradan buna görə valideynlərinə təşəkkür edəcəklər. Məsələn, Ukrayna prezidentinin oğlu etiraf edir ki, bütün gün dərslərlə məşğul olduğundan, oba-bura qaçdığından siqaret çəkməyə vaxtı və həvəsi olmayıb. Dünya mətbuatı Poroşenkonun sahib olduğu böyük sərvəti (“Forbes”in reytinqinə görə, o, Ukrayna milyarderləri arasında 7-ci sırada dayanır. Sərvətinin həcmi nə az-nə çox 1,3 milyard dollardır. 2013-cü ildə bu rəqəm 1,6 milyard dollar olub) haqqında çox yazsa da, Marina hesab edir ki, ailəsinin ən böyük sərvəti həyat yoldaşı və övladlarıdır.

30 ildir ki, evli olan cütlük aralarında olan romantik münasibətləri qoruyub saxlamaq üçün bəzi ayinlərə əməl edir. Məsələn, onlar hər il birinci xanımın doğum günündə bir ölkəyə səyahət edirlər. Tədbirlərdə bir-birinin əlini buraxmırlar. Təsadüfi deyil ki, bu rituallarla onların ailə həyatı sülh və əmin-amanlıq içində keçib. İndi isə Marina Poroşenko Ukraynanın birinci xanımı kimi daha çox səyahət etməli olur. Marina özü isə etiraf edib ki, birinci xanım ifadəsi ona elə də xoş gəlmir: "Mən bu sözləri xoşlamıram. Bu, təklik deməkdir. Əvvəllər hər hansı problemi özüm müstəqil şəkildə həll edirdim. İndi isə buna icazə verilmir. Birinci tək və bir kənarda olmaq deməkdir. Amma mən öz ərimə kömək etməyə həmişə hazıram. Onu narahat edən bütün bu məsələləri qollarımı çırmalayıb onunla birlikdə çiyin-çiyinə həll edə bilərəm” – deyib.

Ukrayna tarixinin ən dəbli birinci xanımı

Marina tədbirlərdə və ziyafətlərdə ərinin müşayiəti ilə və yalnız çox nadir hallarda görünür. Lakin hər çıxışı ilə ictimaiyyətin diqqətini cəlb edir, dəb tənqidçilərində isə həmişə heyranlıq doğurur. Ən maraqlısı odur ki, 53 yaşlı Marinanın təkrarolunmaz üslubu var.

Ukraynanın birinci xanımı Marina Poroşenko əksər ölkələrin birinci xanımları kimi bahalı brendlərə deyil, milli geyimlərə üstünlük verir. Çanta və ayaqqabılarda isə bu qaydaya əməl etmir. O, milli obrazını “Fendi”-nin lakonik çantaları, həmçinin “Christian Louboutin” ayaqqabıları ilə tamamlayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm