Cazibədar aktrisa: “Seksual olmağın dekolte geyinməklə heç bir əlaqəsi yoxdur” - FOTOLAR
Bizi izləyin

Layihə

Cazibədar aktrisa: “Seksual olmağın dekolte geyinməklə heç bir əlaqəsi yoxdur” - FOTOLAR

Bu günə kimi 10-dan çox serialda rol alsa da, əsas çıxışını "Yarpaq tökümü"ndəki Leyla obrazı ilə edən aktrisa Gökçə Bahadır "Hürriyyət"ə maraqlı müsahibə verib. Ekranlara "Hatırla Gönül" ("Xatırla, Könül") adlı serialla qayıtmağa hazırlaşan aktrisa həm yeni rolundan, həm də şəxsi həyatından danışıb.

Aktrisanın müsahibəsini Publika.az-ın "Şirin söhbət"ində oxuya bilərsiniz.

- Yeni serialınız "Xatırla, Könül"də Könül obrazını canlandırırsınız. Könül yaddaşını itirib. Eyni vəziyyətdə olsaydınız, ilk nəyi xatırlamaq istəyərdiniz?

- Yaşadığım heç bir anı unutmaq istəmərəm. Çünki mən yaşadıqlarımdan öyrənirəm, qidalanıram, dərs götürürəm. Elə anlar var ki, onları unutmağım mümkün deyil. Elə xatirələrim var ki, hər dəfə ağlıma gələndə məni xoşbəxt edirlər.

- Sizcə, insan hətta yaddaşını itirsə də, gerçək eşqini unuda bilərmi?

- Əgər özünün kim olduğunu unutmusansa, aşiq olduğunu da unudarsan. Eynilə, Könül kimi... Belə deyəndə çox qəddar səslənir, amma reallıq belədir.

- Serialda eyni qadına aşiq olan 2 kişi var. Sizcə, 3 nəfərlik münasibətə eşq demək olar?

- Eşq iki nəfərlikdir. Vəssalam!

- Eşq sizin üçün nə ifadə edir?

- Mən eşqin haqqını verərək yaşayanlardanam. Ürək döyüntülərimin səsini eşitməyə başlayıram. Eşq romantik, yalansız olmalı, yaşanacaqsa, adam kimi yaşanmalıdır. Yağışda əl-ələ yeriməli, mahnılar dinləməli, gözəl mesajlar yazmalı, sürprizlər etməli... Arada bir didişmək də olar, amma o da çox sevməkdən...

- Sanki ətrafınıza görünməz divar hörmüsünüz. Həmin divarları necə kişi yıxa bilər?

- Düzdür, divarlarım var. Anidən kiminsə həyatıma daxil olmağına imkan vermirəm. Bu həm dostluq, həm də sevgi münasibətləri üçün keçərlidir. Amma o görünməz divar aşdıqdan sonra çox bağlanıram, çox sevirəm. Həyatıma daxil edəcəyim insanlar üçün xüsusi kriteriyalarım yoxdur, bəzən bir insanla qarşılaşırsan, tanımağa başlayırsan. Bundan sonra hər şey öz-özünə baş verir, səndən ixtiyarsız.

- Sizinlə axırıncı dəfə söhbətləşəndə ailənizlə yaşadığınızı demişdiniz. Hələ də onlarla yaşayırsınız?

-Yox. Artıq pişiyim Rita ilə birlikdə yaşayıram. Amma evim ailəmə yaxındır.

- 30 yaşın qadınların həyatında önəmli rolu olduğuna inanılır. 30 yaş sizin həyatınızda nələri dəyişdirdi?

- Hər yeni yaş bizdən nə isə alıb aparır, eyni zamanda da bizə nə isə bəxş edir. Məncə, 20 ilə 30 yaş arasındakı əsas fərq budur ki, əvvəllər vaxtın çox yavaş axdığını, həmişə gənc və enerjili qalacağımı düşünürdüm. Amma indi vaxtın çox sürətlə getdiyini və yaşamaq istədiyim hər şeyə çətinliklə vaxt ayırmalı olduğumu düşünürəm. Ən sevdiyim dövrümü yaşayıram. Özümlə üzləşmişəm, özümlə barışmışam. İndi nələrin məni xoşbəxt etdiyini bilirəm. Çox düşünüb az danışmağa başlamışam.

- Sizin üçün "kişi kimi qadındır", deyirlər. Bu fikirlə razılaşırsınız?

- Bilmirəm, bəlkə də eləyəm (gülür). Heç vaxt şahzadələr kimi olmamışam. Məhəllədə futbol oynayan, hər yeri yara içində olan bir uşaq idim. Həmişə problemlərimi özüm həll etməyə çalışıram. Bəlkə də bu xarici görkəmimə, səs tonuma da təsir edir.

- "Kayıp şehir" ("İtmiş şəhər") serialından sonra daha seksual bir xanıma çevrildiniz. Bu ruhunuzdan gələn bir dəyişiklik idi, yoxsa rol belə tələb edirdi?

- Orada Aysel obrazının elə görünməsi lazım idi. Yəni rol tələb etdiyi üçün dəyişdim.

- Mənə elə gəlir ki, siz gündəlik həyatda da dekolteli paltarlar geyinməyi xoşlayırsınız.

- Mən də bundan bəhs edəcəkdim. Məncə, seksual olmağın dekolteli geyinməklə heç bir əlaqəsi yoxdur. Elə qadınlar var ki, heç açıq geyinmədikləri halda çox seksual görünürlər, elələri də var ki, nə qədər dekolteli geyinsələr də, cazibədar görünə bilmirlər. Məncə, bu, tamamilə aura, enerji ilə bağlıdır.

- Sizə seksual olduğunuzu dediyim üçün sanki əsəbiləşdiniz...

- Əsəbiləşmək? Yox, mən bunu kompliment kimi qəbul edirəm (gülür). Əslində, cazibədar görünmək üçün heç nə etmirəm. Elə görünürəmsə, hər qadın kimi bu mənim də xoşuma gələr. Bu gün hamı daha gözəl, daha cazibədar olmaq üçün əlindən gələni edir.

- Siyasətlə maraqlanırsınız?

- Mən sənətlə maraqlanıram. Amma gündəmi təqib edirəm, hamı kimi mən də ölkənin gələcəyindən narahatam. Sənətin azad ola biləcəyi bir dünya arzu edirəm.

- Son dövrlərdə ölkəmizdə baş verənləri necə şərh edərdiniz?

- Hər ölkə çətin dövrlərdən keçə bilər. Məni ən çox narahat edən və kədərləndirən insanların həssaslığını itirməsidir. Yolda bir-birimizin üzünə baxmırıq, eyni torpaqda yaşayırıq və hər an bir-birimizdən qorxuruq. Yaxşı insan olmaqdan uzaqlaşmışıq, yaxşılıq kəlməsinin mənasını unutmuşuq. Bütün bunlar məni qorxudur.

- Türkiyədə qadın olmaq çətindir?

- Çətindir, çünki burada qadına fərqli baxış bucağı var. Sanki qadınla kişi arasında sadəcə cinsiyyət fərqi deyil, həm də sinif fərqi var. Qadınsansa, həyata 1-0 məğlub başlayırsan. Əvvəlcə, öz ayaqların üzərində durmalı, sonra da mövqeyini qəbul etdirməlisən.

- Serialdakı bir öpüşmə səhnəsinin, tamaşada geyindiyiniz bir paltarın işinizdən daha maraqla qarşılanmasını nə ilə əlaqələndirirsiniz?

- Bunu qadağalarla, qadına olan baxış bucağı ilə, aktrisalığın hələ də iş, peşə olaraq qəbul edilə bilməməsi ilə əlaqələndirirəm. Biz obrazı canlandırırıq, orada etdiklərimiz, geyindiklərimiz obraza aiddir, bizimlə heç bir əlaqəsi yoxdur.

- Ölkəmizdə sənətə bir çox qadağalar qoyulur, ekran işləri senzuraya uğrayır. Bununla bağlı nə deyə bilərsiniz?

- Qadağalar həmişə əks-effekt verir. Nə qadağan edilirsə, həmin şey daha çox gündəmə gəlir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm