Keyt Middletonun sərvət dəyərində zinət əşyaları - FOTOLAR
Bizi izləyin

Layihə

Keyt Middletonun sərvət dəyərində zinət əşyaları - FOTOLAR

Kembric hersoginyası Keyt Middletonu tez-tez qayınanası şahzadə Diana ilə müqayisə edirlər. Çünki onların tərzi bir-birinə çox yaxındır. Hər ikisinin tərzinin əsasında sadəlik və qüsursuz zövq dayanıb.

Britaniyalılar Keytin bu xüsusiyyətini yüksək qiymətləndirirlər. Mehriban xasiyyəti və gözəl təbəssümü onu təbəəsinin sevimlisinə çevirib. Kral ailəsinə mənsub olmasına baxmayaraq, şöhrətpərəst deyil. Keyt hər çıxışında kifayət qədər ucuz marka və brendlərdən geyinərək sadəlik, incə zövqü sayəsində adi mağazalardan aldığı geyimləri bahalı zinət və bəzək əşyaları ilə birləşdirərək qüsursuzluq nümayiş etdirir. Krallığın sevimli gəlini olsa da, bəzi ulduzlar kimi bir paltarı bir dəfə geyindikdən sonra atmır. O, sadə paltarlarını müxtəlif aksessuarlarla uyğunlaşdıraraq bir neçə dəfə istifadə edir. Bir sözlə, Keyt bütün hallarda təəccübləndirir.

Publika.az “9 don” layihəsinin bu həftəki sayında Keyt Middletonun zinət əşyalarından bəhs edib.

Zinət əşyaları Keytin obrazında xüsusi çəkiyə malikdir. Bu məsələdə təvazökar olmağa üstünlük verən Keyt zinət əşyalarının ucuzuna qaça bilmir. Çünki buna icazə verilmir. Məsələ burasındadır ki, qızıl-zinət əşyaları hələ qədim dövrlərdən monarxların nüfuzunun göstəricisi sayılıb. Qısa desək, kral titulu və ciddi etiket normaları özünü brilyantlarla işlənmiş bəzək əşyalarında göstərir.

Keyt Middletonun zinət əşyaları əsl sərvət dəyərindədir. O, bir qayda olaraq “Kiki McDonough”, “Cartier”, “Bvlgari”, “Tiffany & Co” kimi məşhur zərgərlik evlərinin bahalı bəzək əşyalarını taxır. Bəzi zərgərlik məmulatlarının kral ailəsindən miras qalması da xüsusi əhəmiyyət kəsb edir. Hər bir qadın kimi hersoginyanın da sevdiyi, böyük məmnuniyyətlə taxdığı zinət əşyaları var. Keyt, adətən, sırğa, saat və nişan üzüyü taxmaqla kifayətlənir. Bəzilərini isə mücrüdə saxlmağı daha münasib bilir. Hətta ictimaiyyət qarşısına ləl-cəvahiratsız çıxdığı vaxtlar da olur.

Sonsuz sədaqət rəmzi

Kembric hersoginyasının zərgərlik kolleksiyasının şah əsəri sözsüz ki, şahzadə Dianadan miras qalmış saprif qaşlı üzükdür. Şahzadə Uilyam ona evlilik təklifini məhz bu üzüklə edib. Zərgərlik məmulatları yalnız forması, rəngi və ya maddi dəyərləri ilə deyil, həm də daşıdığı mənalarına görə fərqlənirlər. Məsələn, yunancadan “gözəl” mənasını verən sapfir, daşlar dünyasında eşqin sonsuz sədaqətini təmsil edir. Şahzadə Uilyam anasından miras qalan üzüyü Keytə bağışlamaqla ona olan sonsuz sədaqətini bildirib. Təsadüfi deyil ki, şahzadənin bağışladığı bu üzük Keytin ən çox bəyəndiyi və əzizləyərək taxdığı bəzək əşyasıdır. Xüsusi vurğulamaq lazımdır ki, Keyt bu zinət əyşasından, demək olar ki, heç vaxt ayrılmır.

Qeyd edək ki, ağ qızıldan hazırlanan üzüyü Şahzadə Çarlzın 1981-ci ildə Diana Spenser üçün 28 min dollara aldığı deyilir.

Onu da qeyd edək ki, göy sapfir dünyanın ən bahalı daşlarından biri sayılır. Bu daşla bağlı söylənənlərə inansaq, cüzi qızdırdıqda rəngi dəyişdiyindən sapfirlə ehtiyatlı olmaq lazımdır.

Sırğalar hersoginyanın ən zəif nöqtəsidir...

Sözsüz ki, onun dəbdəbəli sırğalardan ibarət böyük bir kolleksiyası var. Amma biz Keytin ən çox sevdiyi və tez-tez istifadə etdiyi sırğaları seçmişik.

Məsələn, sapfir sırğalar hersoginyanın favoritidir. Keyt bu sırğasını nişan üzüyü ilə birlikdə taxmağı çox xoşlayır. Bu zinət əşyaları hersoginyanın libaslarının rəng palitrası ilə ahəng təşkil edir. Belə ki, Middletonun ən yaxşı obrazlarının xeyli hissəsi mavi və göyün müxtəlif çalarlarındadır. Eyni zamanda şahzadə Diananın da obrazlarında bu cür oxşarlığa rast gələ bilərsiniz.

Keyti təkqaş brilyant sırğalarda da tez-tez görə bilərsiniz. Həmin sırğalar onun qadınlığını vurğulayan geyimlərlə birləşdikdə kralsayağı gözəllik ortaya çıxır.

Klassik dizaynla hazırlanan sırğalarını hersoginya digər zinət əşyaları: boyunbağı və sancaqlarla da məharətlə uyğunlaşdırır.

Hersoginyanın daha bir heyranedici bəzək əşyası - sitrin qaşlı sırğalardır. Hersoginyaya həyat yoldaşı şahzadə Uilyamın hədiyyəsi olan sitrin sırğalar Keytə çox yaraşır. Keyt ərinin bu hədiyyəsini nəinki xeyriyyə gecələrində və ya dəvətlərdə, hətta at ilə gəzinti zamanı da taxır.

Axşam tədbirləri üçün Keyt daha dəbdəbəli dəstlər və onlara müvafiq aksessuarlar seçir. Buna baxmayaraq, hətta sallanan sırğa-damcılar belə hersoginyada həddən artıq təmtəraqlı görünmür. Keytin özəlliyi də elə bundadır: minimalizm və zəriflik.

İncə təfərrüat

Titula uyğun geyinmək asan iş deyil, xüsusən də, əgər səni Britaniya dəbinin qanunvericisi hesab olunan kraliça Yelizaveta və ya şahzadə Diana ilə müqayisə edirlərsə... Lakin hersoginya çox tez başa düşdü ki, təkrarolunmaz obrazların sirri düşünülmüş detallarda gizlənib. Burada söhbət broşlardan gedir. Bu kiçik dəb hiyləsini tez anlayan Keyt birrəngli eleqant kostyumlarını adətən yaxa sancaqları ilə tamamlayır. Ağcaqayın yarpağı və ya irland üçyarpağı formasında hazırlanmış yaxa sancağı onun ən çox bəyəndiyi zərgərlik nümunəsidir.

Aristokrat əlləri

Qeyd etmək lazımdır ki, kral ailəsinin bütün nümayəndələrinin əlləri həmişə diqqət mərkəzindədir. Keyt zərif və aristokrat əllərini qolbaqların köməyi ilə vurğulayır: gündüz obrazlar üçün zəncir bilərziklər, axşam dəvətləri üçünsə brilyantlarla naxışlanmış qolbaqlar seçir.

Qadın zərif və qüsursuz olmaq istəyirsə, bütün bədənini bahalı daş-qaşlarla doldurmalı deyil. Hər hansı bəzək əşyası seçərkən unutmayın ki, minimal sayda bəzək və aksessuarlar – daha yaxşı zövqün əlamətidir. Ona görə də bəzək əşyası seçərkən sayına fikir verin. Əgər geyiminiz çox təmtəraqlıdırsa, bu halda zinət əşyaları və aksessuarlardan çox az istifadə etmək tövsiyə olunur. Gündəlik geyimi 3 bəzək əşyası ilə məhdudlaşdırmalısınız. Ziyafət paltarlarında da say eynidir. Lakin daha bahalı zinət əşyalarına üstünlük verməlisiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm