Con Kennedini nakam qoyan üzük – Son arzusu gözündə qaldı – FOTOLAR
Bizi izləyin

Layihə

Con Kennedini nakam qoyan üzük – Son arzusu gözündə qaldı – FOTOLAR

Bu gün ən zərif daşlardan olan kunzitdən bəhs edəcəyik. Rəngi, kövrəkliyi, şəfalı xüsusiyyətləri ilə daş-qaş sevənlərin diqqət mərkəzində olan kunzit son illərin ən populyar daşlarındandır.

Kunzitin faydaları, istifadə qaydaları, hansı bürclərə uyğun olduğu və ABŞ-ın 35-ci prezidenti Con Kennedinin sui-qəsdə qurban getmədən öncə həyat yoldaşına niyə məhz bu daşdan hazırlanan üzük hədiyyə etdiyi ilə maraqlanırsınızsa, Publika.az-ın "Mücrü"sünü mütləq oxuyun.

Onun cəmi 113 yaşı var...

Kunzit daşı ilk dəfə 1902-ci ildə Kaliforniyanın San-Dieqo bölgəsində kəşf edilib. Yeni tapılan daşın xüsusiyyətlərini ilk dəfə müəyyənləşdirməyə çalışan "Tiffany" brendinin əməkdaşı, dünyaca məşhur daş mütəxəssisi Corc Kunz olub. Elə buna görə də daşa öz adını verib.

Kunzitin tərkibi təbii alüminium və litium silikatdan ibarətdir. Günəş işığına və istiyə məruz qalan litium mineralları ilə maqnezium kristala çevrilir və kunzit daşı meydana gəlir. Adətən çəhrayı-bənövşəyi rəngdə olur. İşığa tutduqda bu iki rəng arasında gedib-gəlir. Tərkibindəki manqan mineralının miqdarı daşın açıq, solğun çəhrayı, ya da tünd-bənövşəyi rəngdə olmasını müəyyənləşdirir. Təbiətdə yaşıl və sarı çalarlarda da kunzit olur, ancaq belə daşlar çox nadir hallarda tapılır.

Qeyd edək ki, kunzit, sadəcə, Amerikada çıxarılmır. Kunzitin kəşfindən 8 il sonra Braziliyada kunzit yatağı aşkar edilib. Ən zəngin üçüncü kunzit yatağı isə 1970-ci ildə Əfqanıstanda tapılıb. Madaqaskar da zəngin kunzit yataqları ilə seçilir.

Hollivudu işığa qərq edən daş

Bərq vuran, inanılmaz dərəcədə parlaq olan kunzit qadınların ürəyini fəth edir. Elə buna görə də zinət əşyalarının hazırlanmasında bu daşdan geniş şəkildə istifadə edilir. Onun populyarlıq qazanmasında Hollivud ulduzlarının da az rolu olmayıb. Aktrisa Zoi Saldana və Kira Naytli qırmızı xalı dəvətlərinə kunzit daşından hazırlanan zinət əşyaları ilə damğa vurublar .

Ən qiymətli kunzitlər

Bu daş olduqca kövrəkdir, onu kəsib formaya salmaq çox çətindir. Daşla işləyən usta peşəkar olmalıdır. Bu da kunzit qaşlı zinət əşyalarının bahalı olmasına gətirib çıxarır. Ən keyfiyyətli kunzitlər Amerikada kəsilir. Braziliya ustaları da kunziti mükəmməl formaya salmağı bacarırlar. Digər ölkələrdən çıxarılan kunzitlər belə, bu iki ölkədə kəsilib formaya salınır.

Bənövşəyiyə çalan, dolğun çəhrayı rəngli kunzitlər daha qiymətli hesab olunur. Buna baxmayaraq, kunzit çəhrayı sapfir və ya çəhrayı turmalinlə müqayisədə olduqca ucuzdur. Kaliforniyadan çıxarılmış təbii kunzitin karatı 50 dollara satılır.

Şəfa mənbəyi

Kunzit, sadəcə, gözəl rənginə görə deyil, həm də insan sağlamlığına verdiyi töhfələrə görə, çox sevilir.

Qulaqlar üçün faydalıdır. Eşitmə qabiliyyətində zəif olanlar kunzitə müraciət edə bilərlər. Bu daş böyrək və ağ ciyərlər üçün də faydalıdır.

Bədənin temperaturunu sabit saxlayır. Ürəyə yaxşı təsir edir.

Beyin funksiyalarını gücləndirir. Beynin daha aktiv işləməyini təmin edir, zehni yorğunluğun qarşısını alır. Baş ağrılarını azaldır.

Həzm sisteminə müsbət təsir göstərir. Qan dövranını sürətləndirir. Qan xəstəliklərindən əziyyət çəkənlərə kömək olur. Gözlər üçün də faydalıdır. Əzələ ağrılarını aradan qaldırmaq üçün daşı ovucunuzda 3-5 dəqiqə sıxmağınız kifayətdir.Bu daş sümük və ağ ciyər sağlamlığı üçün də əvəzedilməz rol oynayır. İmmuniteti gücləndirir. Epilepsiya xəstələrinə tövsiyə edilir. Siqaret, spirtli içki, narkotik aludəçilərinin pis vərdişlərini tərgitmələrinə kömək edir. Orqanizmi radiasiyadan qoruyur.

Depresiyadan xilas ol, həyata pozitiv bax!

Bu daşın insanlar arasındakı ünsiyyəti yaxşılaşdırdığı, anlaşmazlıqları aradan qaldırdığı deyilir. İnsanı həssaslaşdırır, özünə inamı artırır. Stresi və gərginliyi azaldır. Qəlbi qırılanlar, özünü tənha və köməksiz hiss edənlər kunzit sayəsində həyata daha pozitiv baxmağa başlayırlar. Kunzit insanı sakitləşdirir, dinclik bəxş edir. Kunzit daşını boyun və ya sinə bölgəsinə qoyaraq ürək çakrasını açmaq, ürəklə bağlı problemləri aradan qaldırmaq olar. Tez həyəcanlanan, fikirlərini dilə gətirə bilməyənlər kunzit daşından faydalana bilərlər.

Kunzit sayəsində nifrət, qorxu, qayğı, gərginlik kimi mənfi duyğulardan xilas ola bilərsiniz. Depressiyadan çıxmaq üçün kunzit ən təsirli vasitələrdən biridir. İmtahanlara hazırlaşan və nəticələr barədə qayğı, stres keçirən uşaqlara yaxşı təsir edir. Kunziti çəhrayı kvars və çəhrayı turmalinlə birgə istifadə etdikdə, hər 3 daşın şəfalı xüsusiyyətləri daha tez təsir göstərir.

Eşq daşı

Kunzitə "eşq daşı" da deyilir. Bu ad təsadüfi seçilməyib. Bu daşın eşq və sevgi bağlarını gücləndirdiyinə inanılır. Hətta sevgililərin bir-birlərinə kunzit daşlı zinət əşyaları bağışlamaları tövsiyə edilir.

Hər gözəlin bir qüsuru var

Kunzitin tək qüsuru kövrək olmasıdır. Kunzit qaşlı zinət əşyaları alarkən diqqətli olmaq lazımdır. Əgər zinət əşyanızın uzunömürlü olmağını istəyirsinizsə, sırğa və boyunbağı alın. Çünki kunzit üzük və qolbaqda zərbəyə məruz qala, qırılıb tökülə bilər. Kunzitin günəşə qarşı həssas olduğunu və həddən artıq günəş işığına məruz qaldıqda rənginin solğunlaşdığını bildirən mütəxəssislər bunu da daşın qüsurlu xüsusiyyəti hesab edirlər. Əslində isə araşdırmalar göstərib ki, heç bir kimyəvi məhlula məruz qalmamış təbii kunzit illər ərzində öz parlaqlığını, sadəcə, 15 faiz itirir. Ancaq Əfqanıstan və Braziliyadan çıxarılan kunzitlərin çoxu lazer işığı ilə müalicə edildiyi, müxtəlif üsullarla daşa daha parlaq və dolğun rəng verildiyi üçün onun günəşə həssaslığı artır. Təəssüf ki daşın hər hansı prosesə məruz qalıb qalmadığını laboratoriyada belə müəyyənləşdirmək olmur. Odur ki kunziti, sadəcə, güvcəndiyiniz mənbələrdən əldə etməyiniz məsləhətdir.

Hər ehtimala qarşı kunzit daşını gündüzlər istifadə etməsəniz ,yaxşı olar. Onu xüsusi gecələrdə, şıq dəvətlərə gedərkən taxın. Beləliklə, kunzit uzun illər rəngini və parlaqlığını qoruyacaq.

Kunzit daşını necə təmizləməli?

Daşın şəfalı xüsusiyyətlərinin itməməsi üçün onu vaxtaşırı təmizləmək lazımdır. Bunun üçün kunziti axar su altında 5 dəqiqə yumaq, sirkəli və ya duzlu suyun içərisində 10 dəqiqə saxlamaq olar. Zinət əşyalarını bəzəyən kunzitləri ilə sirkəli su ilə silin.

Əqrəb bürcləri üçün əsl möcüzə

Kunzit ən çox əqrəb bürcündən olanlara təsir edir. Bu daşı üzərlərində gəzdirən əqrəblərin hər problemi həll olunur, özlərini gümrah və enerjili hiss edirlər.

Romantik Con Kennedini nakam qoyan daş

Nəhayət, növbə sizi bayaqdan bəri maraqda saxlayan Con Kennedi məsələsinə gəldi. Sən demə, ABŞ-ın 35-ci prezidenti olan Con Kennedi əsl romantik imiş. Onun həyat yoldaşı Jaklin (Ceki) Kennedi ilə böyük eşq yaşadığını tarixlə maraqlanan, maraqlanmayan hər kəs bilir. Ancaq Con Kennedinin həyat yoldaşı üçün aldığı kunzit daşlı üzüyün tarixçəsindən çox az adamın xəbəri var.

Con Kennedi 1963-cü ildə, oktyabr ayında, eynilə bugünkü kimi soyuq bir gündə yeni ilin yaxınlaşdığını nəzərə alaraq həyat yoldaşı Ceki Kennedi üçün xüsusi hədiyyə hazırlamağı planlaşdırır. Nyu-Yorkda məşhur zinət əşyaları brendi "Van Cleef and Arpels"a gedərək bir üzük sifariş edir. Bu üzüyü bir ədəd iri kunzit daşı və onu əhatələyən iyirmi ədəd kiçik almaz bəzəməli idi. Deyilənə görə, Con Kennedi Cekinin çəhrayı rəngi sevdiyini və kunzitin insana pozitiv enerji verdiyini nəzərə alaraq, üzüyün məhz bu daşla bəzədilməsini istəyib. İyirmi almaz isə Con Kennedinin həyat yoldaşı ilə keçirdiyi 10 il ilə onunla birlikdə keçirməyi arzuladığı qarşıdakı daha 10 ili təmsil edirdi.

Üzük noyabrın əvvəllərində Ağ Evə təhvil verilir. Con Kennedi Cekiyə məktub yazaraq hədiyyəsini mühafizə etmək üçün hələlik katibəsinə verdiyini bildirir. Təəssüf ki Con Kennedi həmin üzüyü arvadına verməyə nail ola bilmir. Çünki noyabrın 22-də saat 12:30-da Dallasda qətlə yetirilir. Ancaq katibəsi üzüyü Ceki Kennediyə təhvil verir. Ərinin ölümündən sonra düz bir il yas tutan, dəvətlərdə iştirak etməyən və zinət əşyaları taxmayanCeki Kennedi daim ovucunda həmin üzüyü sıxaraq ondan mənəvi güc alır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm