Məşhur model: “Qızım mənə lezbiyan olduğunu desə...” - MÜSAHİBƏ
Bizi izləyin

Layihə

Məşhur model: “Qızım mənə lezbiyan olduğunu desə...” - MÜSAHİBƏ

Türkiyənin ən məşhur modellərindən biri də Dəniz Akkayadır. 1997-ci ildə "Best Model of Turkey"də qalib olduqdan sonra ulduzu parlayan Dəniz Akkaya daha sonrakı illərdə aktrisa kimi fəaliyyət göstərib. "Maskalı beşlər: Kipr", "Vizontele Tuba", "Okul" kimi bir sıra filmlərdə rol alan model şöhrətini gördüyü işlərdən çox, qalmaqallı həyatına borcludur. Daha öncə sevgilisinin ağır təzyiqlərinə məruz qalması, sonra isə qızı Ayşənin atası Efe Önbilgin ilə uzun müddət davam edən davaları onu daim gündəmdə saxlayıb.

Hər zaman cəsur addımları ilə seçilən model Türkiyənin həmcinslərinə marağı ilə seçilənlərə dəstək verən "GZone" jurnalına maraqlı açıqlamalar verib.

O sadəcə, açıqlamaları ilə deyil, həm də "Bozun 50 çaları"ndan ilham alaraq verdiyi seksual pozları ilə diqqət çəkib.

Publika.az "Şirin söhbət" layihəsi çərçivəsində Dəniz Akkayanın yeni müsahibəsini və möhtəşəm fotosessiyasını təqdim edir:

- Homoseksuallar və lezbiyanlar sizi çox sevirlər. Hətta LGBT (Lezbian, gey, biseksual və transseksual) yönümlü səhifələrdə sizin üçün "Cinsi seçimini dəyişdirə biləcək tək qadındır", - deyənlər var. Bu sevgini nə ilə əlaqələndirirsiniz?

- Məşhur olmağa başladığım ilk dövrlərdə belə cəsarətli olmuşam. O dövrlərdə çoxlu homoseksual, lezbiyan, hətta transseksual tanışlarım, dostlarım var idi. Yenə o dövrdə "gey-bar"larda çox vaxt keçirirdim. Onların həyatı mənə çox maraqlı gəlirdi, çünki bizdən daha əyləncəli yaşayırlar. Bizim kimi işıqlar altında yaşayan insanların daxili çox qarışıq, təlatümlü olur. O vaxtlar ən rəngli, bizi ən çox cəlb edən yerlər homoseksualların məkanları idi. Mən Türkiyədə "gey-bar"da müsahibə verən ilk məşhuram. O müsahibədən sonra bir çox məşhur LGBT-yə dəstək verdiyini açıqladı.

- Görünür, ana olmaq sizi heç dəyişdirməyib.

- Mən tək bir çətirin altında durmaq istəmədim. Həm anayam, həm də LGBT-lərin ən çox sevdiyi insanlardan biriyəm. Gözəl qadınam. Məhz belə düşündüyüm üçün göyqurşağı bayrağını sevirəm. Üstündə bütün rəngləri əks etdirir.

- Türkiyənin üzünü Orta Şərqə çevirdiyi bir dövrdə LGBT-lərin səslərini bu qədər böyük bir kütləyə eşitdirməsini, dəstək ala bilməsini nə ilə əlaqələndirirsiniz?

- Siyasi parametrlərin dəyişməsi özünü azad şəkildə ifadə etmək istəyənlərin sayını azalda bilməz. Milyonlarla belə insan var. Onlar azadlığa inanırlar. Mən azad olmayan cəmiyyətlərin getdikcə daha da manyaklaşacağını düşünürəm. Bəziləri lezbiyan və ya homoseksualları normal qarşılamır. Amma məncə, anormallıq başqalarının həyat tərzinə qarışmaqdır, insanların azadlığını əlindən almaqdır. LGBT heç kimin şəxsi həyatına burnunu soxmur, ona görə də qarşılığında eyni münasibəti gözləyirlər.

- Moda sektorunda homoseksualların və lezbiyanların sayı olduqca çoxdur. Sizcə, LGBT ilə moda niyə belə sıx əlaqədədir?

- Sadəcə, modada deyil, sənətin bütün sahələrində bu hiss edilir. Çünki sənətçi fərqli ruha, həyat tərzinə sahib olan insandır. Əks halda, yeni və maraqlı bir şey yarada bilməz. Mən modanı da sənət sahəsi kimi qəbul edirəm. Bu mənada modada və ümumiyyətlə, sənətdə həmcinslərinə maraq göstərənlərin sayının artması təəccüblü gəlmir. Amma elə nəticə çıxartmasınlar ki, mən fərqli olmaq üçün mütləq belələrinə ehtiyac duyduğumuzu deyirəm. Sadəcə, onu vurğulamaq istəyirəm ki, eynicinslilərin həyatı heteroseksuallardan çox fərqlidir. Sizcə, Madonna niyə həmişə səhnə şoularında bu mövzuya yer verir. Çünki qidalanmaq üçün nə isə yeniliyə, fərqliliyə ehtiyac var. Bunun sayəsində ayaqda durur.

- Hazırda analar və uşaqlar üçün nəzərdə tutulmuş geyimlər hazırlayırsınız. Öz markanız var. Buna baxmayaraq, bizə belə cəsur pozalar verə bildiniz. Yəqin ki, çoxları sizdən bunu gözləmirdi.

- Daha münasib və asan həyat tərzi seçənlər belə düşünə bilərlər. Mən həmişə üsyankar olmuşam. Təbii ki, həyat tərzimdə qızım Ayşəyə görə bəzi dəyişikliklər olub. Amma özümdən tamamilə uzaqlaşa bilmərəm, öz ruhumdan vaz keçə bilmərəm. Əgər ruhuma azadlıq verməsəydim, qızım depressiyalı, mütəmadi olaraq dırnaqlarını yeyən, əsəbi ana ilə yaşamalı olacaqdı. Artıq uşaqlar dəyişiblər. Onlar qürur duya biləcəkləri, öyünə biləcəkləri ana istəyirlər. "Sənin üçün saçımı süpürgə eləmişəm" demək artıq onlara təsir etmir. O dövr bitdi, geridə qaldı.

- Hazırda dünyada ən çox müzakirə edilən mövzulardan biri eynicinslilərin nikahı və övladlığa uşaq götürmələridir. Bir tərəfdən də eynicinsli valideynlərlə böyüyən uşaqların psixologiyası araşdırılır. Sizin bu mövzudakı düşüncələriniz necədir?

- Bu fikir məntiqimə uyğun gəlmir. Amma təbii ki, nəyin düz, nəyin yanlış olduğunu zaman göstərəcək. Uşaqların həssas olduqlarını nəzərə almalıyıq. Məsələn, Ayşə hələ 5 yaş yarım olduğu üçün homoseksual dostlarımın yanında olanda diqqətli davranıram. Onu hələlik onların həyat tərzi ilə tanış etmək istəmirəm. Çünki uşaq ağlı ilə hər şeyi yanlış anlaya bilər. Homoseksualların evlənməsi mövzusuna gəlsək, onu deyə bilərəm ki, Türkiyədə heteroseksuallar belə istəmədikləri adamlarla zorla evləndirilirlər. Qadınlar onlara təcavüz edən şəxslə evlənməyə məcbur edilirlər. Belə bir vəziyyətin olduğu ölkədə homoseksual evlilikdən danışmağın mənası yoxdur. Məncə, istəksiz, zorla baş tutan evlilikdənsə, eynicinslilərin nikahı daha qəbul ediləndir. Mənim üçün evlilik iki insanın öz istəkləri ilə və eşqlə bir araya gəlmələridir. Amma uşaq məsələsində fikrim fərqlidir. Məsələn, deyək ki, uşaq böyüyüb məktəbə gedir. Evində iki atası var, amma anası yoxdur. Məktəbdə hamı ona lağ edər, barmaqla göstərərlər, dost qazana bilməz. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Siz övladınızı çox sevə bilərsiniz. Ancaq gələcəkdə o, sizə bu səbəblərə görə nifrət edə bilər.

- Bir gün qızınız sizə lezbiyan olduğunu desə, necə reaksiya verərsiniz?

- Bir gün bunu desə, yəqin ki, normal qarşılayaram. O, kimisə öldürmədiyi, kiminsə azadlığına müdaxilə etmədiyi, ölkəsinə xəyanət etmədiyi müddətcə ona dəstək olacağam. Seçimlərə qarşı çıxmaq heç nəyi həll etmir. Ayşə mənə motosikletdən istifadə edəcəyini desə, daha çox narahat olaram. Çünki həyati təhlükə daşıyır.

- Son layihələriniz haqqında bir az məlumat verərdiniz.

- "Beyaz TV" ilə yeni bir layihəyə başladıq. Mənəvi və maddi olaraq çox zərbə almış qadınları tapıb onlara daha gözəl həyat bəxş edəcəyik. Türkiyədə qadınlar, uşaqlar və heyvanlar çox yalnızdırlar. Onlar üçün əlimizdən gələn hər şeyi etməliyik. Eynicinslilər isə həm yalnızdırlar, həm də təhdid altındadırlar. Qoy insanlar azad iradə ilə seçim etsinlər. İstədikləri insanı sevə bilsinlər. Türkiyə azad insanların ölkəsidir və belə olmağa davam edəcək. Çünki din, dil, irq, cinsiyyət baxımından çoxçeşidlilik var.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm