Məşhur aparıcı: “Uzun müddətdir ki yalnızam” - MÜSAHİBƏ
Bizi izləyin

Layihə

Məşhur aparıcı: “Uzun müddətdir ki yalnızam” - MÜSAHİBƏ

Son illər Türkiyə televiziyalarında dəb yarışmaları reytinq rekordları qırır. Bu populyarlıq yarışmaların aparıcılarından da yan keçmir. "Bu tərz mənim" verilişinin aparıcısı Öykü Sərtər əvvəl də kifayət qədər tanınan, məşhur simalardan olub. Ancaq indi şöhrətin başqa bir mərhələsini yaşayır. Hazırda tamaşaçıların qarşısına "Rising star"da çıxan Öykü Sərtər olduqca maraqlı müsahibə verib.

Aparıcını daha yaxından tanımaq istəyirsinizsə, gözünüz Publika.az-ın "Şirin söhbət"ində olsun!

- "Rising Star Türkiyə" ilə yenidən ekranlardasınız. Bu günə kimi yer aldığınız layihələrdən ürəyinizə ən çox yatan hansı olub?

- "Rising Star Türkiyə" mükəmməl layihələrdən biridir. Kamera arxasında onlarla insanın əməyi var. Mənə də bu əməyi ekranda əks etdirmək qismət oldu. İnsan təkbaşına heç bir işin öhdəsindən gələ bilməz. Demək olar ki, həmişə xaricdə rekordlar qıran verilişlərin Türkiyə versiyalarında aparıcı olmuşam. Bunların da hamısı yarışma formatlı olub. Mənim üçün ən gözəli isə hər bir kadrında əməyim olan, ekrana çıxdığım ilk proqram "5T5"-dir. Onun yerini heç nə doldura bilməz.

- Əvvəlcədən belə bir karyera qurmağı addım-addım planlaşdırmışdınız, yoxsa hər şey təsadüfən belə alındı?

- Universitetdə oxuyarkən radio aparıcılığına başladım. Ankarada "Capital Radio"da gecələr yayımda olurdum. İstanbula köçdükdən sonra da radio ilə davam etdim. "5T5"-in sayəsində ilk dəfə ekranla tanış oldum. Mən həyatı plan quraraq yaşamağın mümkün olmadığını çox erkən yaşda öyrənmişəm. Amma təsadüflərə də inanmıram. Qismətin haradadırsa, yol səni ona doğru aparır. Madam ki, istiqaməti biz seçə bilmirik, onda mənzərəni izləməli və dadını çıxarmalıyıq.

- Televiziya aləmində qalıcı ola bilmək çətindir?

- Mən sektorla iç-içə deyiləm. Necə ki, bir satıcı hər səhər dükanının qapısını açır, mən də eləcə yayıma çıxıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Amma kameralar söndükdən sonra öz sadə həyatıma qaldığım yerdən davam edirəm. Sadə və dinc həyat seçmişəm. Məni təəccübləndirən odur ki, heç tanımadığım insanlar məni özlərinə yaxın bilib sevirlər. Belə bir zamanda hissləri və vicdanları ilə yaşayan insanlarla ünsiyyətdə ola bilmək mənə çox yaxşı təsir edir. Çox şanslı olduğumu düşünürəm.

- Öykü Sərtər televiziyada gördüyümüz kimidir, yoxsa şəxsi həyatda tam fərqli bir qadına çevrilir?

- Yaşam fəlsəfəm Kafkasayağıdır. Frans Kafkanın dediyi kimi: "Çölə qapanmaq, içəriyə açılmaqdır. Az əşya, az insan". Mən də belə düşünürəm. Amma "əsla" dediyim heç nə yoxdur. Çünki "əsla" dediyiniz şey gəlib sizi tapır. Ona görə də böyük danışmaqdan çəkinirəm.

-Sizin üçün vazkeçilməz olan 3 şey?

- Ailəm, dostlarım və körpələrim – yəni iki itim.

- Çox arıq görünürsünüz. Belə qalmaq üçün xüsusi olaraq nə isə edirsiniz?

- Vaxt tapdıqca üzürəm və yeriyirəm. İdmana çox vaxt ayıra bilmirəm. Vaxtsızlıqdan yuxu rejimimə də əməl etmirəm. Ona görə də vaxt tapan kimi yatıram. Sağlam qidalanmağa çalışıram. Həzmlə bağlı problemlər yaşayıram. Səhhətimdə problem olduğu üçün hər istədiyimi yeyib-içə bilmirəm. Diyetoloqum Numan Ünsal maddələr mübadiləmə yaxşı təsir edən qidaları nəzərə alaraq xüsusi pəhriz proqramı hazırlayıb. Həmin proqrama uyğun qidalanıram.

- Dəblə aranız necədir? Trendləri təqib edirsiniz, yoxsa öz tərzinizi yaratmağa üstünlük verirsiniz?

- Dəb gəlib-keçir, stil isə qalıcıdır. Trendləri təqib edirəm. Amma tərzimə uyğun geyimləri alıb, onları vazkeçilməzlərimlə kombinə etməyi daha çox sevirəm.

- Evdən tələsik çıxmalı olanda sizi xilas edən geyimlər hansılardır?

- Əsasən, əhval-ruhiyyəmə uyğun geyinirəm. Ancaq xilaskar paltarlarım da var. Ağ bluzlar, köynəklər və maskulən tərzdəki pencəklərim buna misal ola bilər.

- Hansı tərzdə geyinməyi xoşlayırsınız?

- Bütün tərzlərə müraciət edirəm. Bəzən rok tərzindəki pencəyi vintaj çanta ilə tamamlayıram.

- Mükəmməl ayaqqabı necə olmalıdır?

- Məncə, mükəmməl ayaqqabının modası keçməməlidir. Hər şeylə uyğunlaşmalıdır. Ən əsası isə onu geyinəndə özümü rahat hiss etməliyəm. Ayaqqabıları çox sevirəm. Büdcəmin çoxu onlara gedir.

- Gündəlik həyatda hansı markaların məhsullarından istifadə edirsiniz?

- "Beymen Academia", "Iro", "Sandro", "Eleven Paris" və "Victoria Beckham" vazkeçilməz markalarımdır.

- Bəs lüks moda evlərindən hansılarını bəyənirsiniz?

- Təbii ki, "Saint Laurent" və "Celine". Türk dizaynerlərdən isə Eda Güngör və Özgür Masuru bəyənirəm. Hər ikisi də çox keyfiyyətli kolleksiyalar hazırlayırlar.

- Xaricə gedəndə ən çox haradan alış-veriş edirsiniz?

- "Modanın qəlbi" olan Paris, daha sonra London, Milan və Nyu-York alış-veriş etmək üçün sevdiyim şəhərlərdir. Stokholm və Los-Ancelesda da bəyəndiyim butiklər var.

- Bəs eşq? İşdən başınızı qaldırıb şəxsi həyatınızla məşğul ola bilirsinizmi?

- Uzun müddətdir ki, yalnızam. Əslində, tək qalmağa ehtiyacım var idi. Deməli, hələ də sağalmayan yaralarım var. Ürəyim yeni bir eşqə düşməyimə imkan vermir. Hələlik belə yaxşıdır.

- Həyatınızı dəyişdirmək imkanı olsa idi, nələri dəyişərdiniz?

- Heç nəyi dəyişməzdim, yenə indiki həyatımı istəyərdim. Məhməd Əroğlunun "Yaddaşın qış yuxusu" adlı romanını oxumuşdum. Bir səhər oyanan və yaddaşını itirdiyini zənn edən adamın fantastik səyahətindən bəhs edirdi. Əsərdə yaşadıqlarımızın bizi biz edən şeylər olduğu çox gözəl vurğulanıb. Pis xatirələr, qəmgin dəqiqələr də olmalıdır.

Sonda "5 qısa sual və cavab"a keçək:

- Nəyi öyrənməyə çalışırsınız?

- Səbirli olmağı.

- Həyatda sizi ən çox güldürən şey nədir?

- Qardaşımın söhbətləri.

- Günə necə başlayırsınız?

- Südlü çay içərək və itlərimlə təmiz havada yeriyərək.

- Həyatınızı dəyişdirən kitab hansıdır?

- İbn əl-Ərəbinin "Fütuhat əl-Məkkiyyə" adlı kitabı. Bu kitab məni hələ də dəyişməyə davam edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm