Kamilə Babayevanın təmtəraqlı ziyafət libasları – FOTOLAR
Bizi izləyin

Layihə

Kamilə Babayevanın təmtəraqlı ziyafət libasları – FOTOLAR

Kamilə Babayeva Azərbaycan televiziya məkanında ağlı, hazırcavablığı və gözəlliyi ilə seçilən, müasir düşüncəli aparıcılardandır. Onu Azərbaycan efir məkanının gözəllik etalonu sayanlar da var. Xüsusən, dodağının üstündəki xalı onun cazibədarlığını vurğulayan özəlliyidir.

Publika.az-ın "Qarderob" layihəsinin buhəftəki sayında yeni verilişləri ilə pərəstişkarlarını sevindirən aparıcının geyim stilini təhlil edəcəyik.

Uşaqlıq arzusu

Dosye: 1971-ci ildə Ağdamda anadan olub. Uşaqlıqdan incəsənətə maraq göstərib. Kino kiçik yaşlarında "Bağ mövsümü" filminə çəkilən Kamilənin uşaqlıq arzusu olub. Amma taleyin öz planları var. Onun taleyinə aktrisa olmaq deyil, aparıcılıq yazılıb...

Özünü ilk dəfə əyləncəli və interaktiv ABA televiziya kanalında sınayan gənc aparıcı bu sahədə təcrübəsiz olmasına baxmayaraq, qısa müddətdə tamaşaçıların sevgisini və hörmətini qazanıb.

"Zəif bənd"dən "Beşinci element"ə

ABA telekanalı bağlanandan sonra Kamilə Babayeva fəaliyyətini "Lider" televiziyasında davam etdirib. Yeri gəlmişkən, bu telekanalda yayımlanan "Zəif bənd" verilişi ona böyük populyarlıq gətirmişdi. Kamilə Babayeva özünü peşəkar aparıcı kimi təsdiq edəndən sonra filmlərə dəvət alıb. Uşaqlıqdan filmdə oynamaq arzusunda olan K.Babayeva "Acılar bitməz" tammetrajlı bədii filmi, "Aramızda qalsın" teleserialı, eləcə də "Vəkil hanı" filmində yaddaqalan rollar ifa edib.

Hazırda ATV telekanalında bir neçə uğurlu layihə ilə efirə çıxır.

Qısqanc ana

Kamilə Babayeva 9 iyun 2012-ci ildə ailə qurduqdan sonra efirdən uzaqlaşaraq karyerasına fasilə verir. 2013-cü ildə qız anası olan aparıcı özünü bütünlüklə ailəsinə həsr edir. Ailəsinə qarşı qısqanc olan aparıcı xanım, həmkarlarından fərqli olaraq, körpəsini göstərməməkdə qərarlıdır. Hətta özünün "Instagram" hesabında da qızının üzü görünməyən şəkillərini paylaşır.

Dəbli qadın

Kamilə Babayeva yalnız peşəkar aparıcı kimi deyil, həm də gözəl qadın kimi tanınır, seçilir. Buna görə də xanımlar onun hər çıxışında nə geyindiyi ilə maraqlanır, ondan nümunə götürməyə çalışırlar. Kamilə Babayeva dəb tendensiyasına kor-koranə əməl etmir, ancaq özünə yaraşan paltarlar seçir. Aparıcının tərzi, əslində, olduqca sadədir. Aksessuarlarda da sadəliyə önəm verdiyi üçün geyimlərinin bərbəzəkli olmasına diqqət edir. Məsələn, onun libaslarındakı naxış, çiçək, gipür, kisik bantlar tez-tez diqqətimizi çəkir.

"Bunlar məni sındırmadı"

Karyerasının ilk illərində ideal bədən quruluşuna malik olan gənc aparıcı qısa ətək, don və şortlar geyinməkdən çəkinməyib. Bədənini yaxşı tanıdığından üstünlüyünün fərqində olub və gözəlliklərini nəzərə çarpdırıb. Elə indi də özünü yaxşı tanıyır. Bu dəfə isə qüsurlarını gizlətməyə çalışır. Bu səbəbdən də indi aparıcı geyim məsələsində daha mühafizəkar davranaraq bir qədər qapalı, eyni zamanda uzun geyimlər seçir. O, önəmli dəvətlərdə belində kəmər və ya müxtəlif detallar olan libaslarda görünür. Bu tip paltar modelləri ilə belinin incəliyini ön plana çıxararaq daha cazibədar görünür. Ana olandan sonra əvvəlki incəliyini itirən Kamilə yuxarısı dar, aşağı hissələri isə bol kəsimli, enli paltarlar geyinir. Onun qarderobunda yerlə sürünəcək qədər uzun, klyoş ziyafət paltarları da üstünlük təşkil edir. Açıqlamalarının birində aparıcı özü də etiraf etmişdi ki, hamiləlikdə həddindən artıq kökəldiyi üçün evdən bayıra çıxmayıb. Hətta şəkil çəkdirməkdən də imtina edib.

O "Efirə ana olduqdan sonra çıxdım. Sosial şəbəkədə çəkimlə bağlı müzakirələri xatırlayıram. Bunlar məni sındırmadı. Həyat yoldaşım, ailəm mənə dəstək oldu. Arıqlamaq üçün pəhrizə başladım. Düzdür, pəhriz zamanı insana qadağalar qoyulur. Mən isə çərçivələri, məhdudiyyətləri sevmirəm. Düzgün qidalanmağa çalışdım. Həmişəkindən iki dəfə az yeyirdim. Bir gün düyü, səhəri qarabaşaq, üçüncü gün isə ətdən istifadə edirdim. İdmanla məşğul olmurdum, amma konki sürürdüm. Şirniyyatdan əl çəkə bilmirəm. Bu gün paxlava yeyirəmsə, səhəri heç nə qəbul etmirəm. Arıqlamağımın əsas səbəbi orqanizmimin dilini bilməyimdir. İndi bilirəm ki, məni nə kökəldir, nə arıqladır. Gecə acanda soyuducuya qaçmıram. Yenicə ana olan və kökələn xanımlara demək istəyirəm ki, artıq çəki dünyanın sonu demək deyil. Əsas xoşbəxtlikdir. Artıq çəki gəldiyi kimi də gedəcək. Əlbəttə ki, burada həyat yoldaşının dəstəyi də əsasdır" – söyləyib.

Ona qırmızı çox yaraşır

Cazibədar ulduz özünə ən çox hansı rənglərin yaraşdığını yaxşı bilir. Əslində, ona yaraşmayan rəng yoxdur. Çünki dərisi ona istənilən rəngi sınaqdan keçirməyə imkan verir. Qeyd edək ki, qırmızı, qara və ağ onun ən çox bəyəndiyi rənglərdir. Önəmli dəvətlərə qırmızı libasda gəlməsi bunu bir daha sübut edir. Qırmızı ilə yanaşı, zoğalı, bənövşəyi də onun üstünlük verdiyi rənglərdir. Boy-buxunlu aparıcı onu daha da hündür göstərən geyimlərdən və dikdaban ayaqqabılardan vaz keçmir.

Hər gün cazibədar görünməyinin sirri

Cins paltarlar, xüsusilə də, cins şalvarlar həm rahatdır, həm də qadınları seksual göstərir. İstehsal edildiyi vaxtdan bu günə kimi bu şalvarlar seksual xanımların rəmzi hesab edilib. Bu dəb hiyləsindən xəbərdar olan aparıcı cins şalvarlardan həm gündəlik, həm də axşam çıxışlarında istifadə edir. Gündəlik həyatda cins şalvarını bol kəsimli maykalarla, axşam dəvətlərində isə şifon köynəklərlə birləşdirir. Hər ikisində kifayət qədər effektli görünür. Aparıcı gündəlik həyatda da, dəvətlərə gedərkən də olduqca sadə, şıq və zərif kombinləri ilə diqqət çəkir. Yəni onun stilindən bəhrələnmək istəyirsinizsə, təbii gözəlliyinizi vurğulamağa çalışmalısınız. Bu məsələdə həddini aşmaq lazım deyil.

Rahatlıq

Aparıcının gündəlik geyim tərzi daha çox rahatlıq üzərində qurulub. Amma yenə də doğru kombinlərlə olduqca gözəl görünməyi bacarır. Qışda qalın, yun sviterlər, vodolazkalar, qara rəngli parça, bəzən qısa dəri pencəklər, əsasən də, trikotaj donlar onun gündəlik stilinin əsasını təşkil edir. Rahatlığa həddindən artıq düşkün olan Kamilə Babayeva gündəlik həyatda makiyaj etməyi, saçlarını toplamağı sevmir.

Yuxarıda dediyimiz kimi, stili olduqca sadədir. Məsələn, aksessuarlardan çox az istifadə edir. Adətən kiçik, sadə sırğa və ya saatla kifayətlənir. Sallanan sırğalar isə Kamilə Babayevanın üslubunun əsas tamamlayıcıları hesab olunur.

Rəngarəng saçlar

Sevilən aparıcı geyim tərzində radikal dəyişikliklər etməsə də, saçlarının rəngini tez-tez dəyişir. Qara saçlarını o, əvvəlcə qəhvəyiyə, sonra qızılı tonlara boyamışdı. Müxtəlif saç rənglərini sınaqdan keçirən aparıcı indi saçlarını obmre etdirib.

Təbii makiyaj

Onun makiyajı da gənc qızların diqqət mərkəzindədir. Aparıcı təbii gözəlliyi ilə hər kəsi valeh etsə də, makiyajda həm gözlərini, həm də dodaqlarını vurğulamağı xoşlayır. Gündəlik həyatda makiyajdan istifadə etməsə də, tədbirlərdə gözlərinə qara, gümüşü kimi klassik rənglərdə olan göz kölgələri ilə rəng verir. Dodaq makiyajında isə daha cəsarətli addımlar atır. Məsələn, qırmızı, narıncı, zoğalı kimi dodaq boyalarına üstünlük verir. Ancaq bəzən geyiminə uyğun rəng çalarlarında da dodaq boyaları çəkir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm