“Fi”nin yazarı Azra Kohen: “Bəzən şər də insana nə isə öyrədir” - MÜSAHİBƏ
Bizi izləyin

Layihə

“Fi”nin yazarı Azra Kohen: “Bəzən şər də insana nə isə öyrədir” - MÜSAHİBƏ

Adətən, bestseller oxumuram. Bir kitab nə qədər çox təriflənirsə, onu bəyənmə ehtimalımın o qədər çoxaldığını düşünürəm. Həmin düşüncə ilə Akillah Azra Kohenin Türkiyədə satış rekordları qıran "Fi" kitabını oxudum. Həyatımda ilk dəfə bir bestselleri bəyənmişdim. Bu qadın məni heyrətləndirdi. "Fi" çox fərqli tərzdə yazılan, üstəlik, süjet xətti olan özünü inkişaf kitabıdır. Digər özünü inkişaf kitablarından fərqini elə ilk cümlələrdən hiss etdirir. "Fi"-nin davamı olan kitablar da var – "Çi" və "Pi", ən qısa müddətdə onları da oxuyacağam.

Kitabı bu qədər bəyəndiyim üçün istər-istəməz yazar haqqında məlumatlar əldə etməyə çalışdım. Bu yaxınlarda Ayşə Armana müsahibə verib. A.Armanın müsahibənin girişində verdiyi məlumatlar Azra Kohenə olan marağımı daha da artırdı.

Sən demə, Akillah, onun təxəllüsü imiş, ilk kitabını bu adla çıxarsa da, sonradan öz adını açıqlamalı olub. İzmirlidir. 14 ildir ki, aşiq olduğu adamla evlidir. 6 yaş yarımlıq bir oğlu var. Əvvəl İstanbul Universitetinin Radio Televiziya və Kino fakultəsini bitirib, daha sonra Kanadanın Ottava Universitetində oxuyub, hazırda Liverpul Universitetində Davranış elmləri ixtisası üzrə aspirantura oxuyur. Bir sözlə, öyrənməkdən doymur. Onun fəlsəfəsinə görə, bu dünyaya öyrənmək üçün gəlmişik. Müxtəlif universitetlərdən və həbsxanalardan dəvətlər alan Azra Kohen bütün bunlarla həyata gəliş məqsədinə bir addım daha yaxınlaşdığını düşünür.

Bu qeyri-adi xanımın müsahibəsini dilimizə çevirməyi özümə borc bildim.

Publika.az-ın "Şirin söhbət"ində bu dəfə ilk kitabı ilə inanılmaz uğura imza atan möhtəşəm bir qadını tanıyacaqsınız...

- Həyatınızda ilk dəfədir ki, kitab yazırsınız, üstəlik, seriya halında. İlk kitabın redaktoru da özünüz olmusunuz. Bütün bunlara baxmayaraq, yazdıqlarınız bestsellerə çevrildi, 130 min kitabınız satıldı. Bu, necə baş verdi, həmişə yazar olmağı arzulamışdınız?

- Yazarlıq və ədəbiyyat vecimə deyil. Özümü yazar hesab etmirəm. Yazmaq mənim üçün ehtiyaca çevrilmişdi. Yazmasaydım, çatlayardım. Deməli, yazdıqlarımı oxumağa ehtiyac hiss edənlər var imiş ki, kitablarım bu qədər çox satıldı.

- Xoşbəxtsiniz?

- Yanında özüm ola bildiyim, sevdiyim adamla evliyəm. Onsuz da xoşbəxt idim. Amma küçəyə çıxanda özümü yalqız hiss edirdim. İndi elə deyil. Yazdığım kitablar sayəsində özüm kimi insanlarla görüşməyə başladım.

- Bəs bu uğuru necə əldə etdiniz?

- Kainatın səmimiyyətimin qarşılığını verdiyini düşünürəm. Təbii ki, yaxşı hazırlaşmağımın, çoxlu araşdırmalar oxumağımın da rolu var. Onlardan öyrəndiklərimi insanları bezdirmədən kitablarıma yerləşdirdim.

- Bu kitabları niyə yazdınız? Dünyanı dəyişmək istəyirdiniz?

- Belə deyəndə çox romantik səslənir elə deyilmi?

- Sadəcə, romantik deyil, həm də çılğın...

- (Gülür) bu kitabları yazmağımın səbəbi daha yaxşı bir dünyada yaşamağa layiq olduğuma inanmağım idi. Bir oğlum var, o, daha yaxşı dünyada yaşamağa layiqdir. Mən insanları oyandırmaq istədim. Amma bunu beyini yormadan etməyi seçdim.

- Necə?

- Beyin çox yüklənəndə, həddən artıq bilgi əldə edəndə özünü müdafiəyə keçir, sönür. Yəni, yuxunuz gəlir, sıxılırsınız. Lakin mənim kitablarımı oxuyarkən sıxılmırsınız. Roman yazmaq riyazi düstur kimidir. Bunu işləyərək öyrəndim.

- İnciməyin, ancaq bir şey demək istəyirəm. Bəzi açıqlamalarınızı oxuyandan sonra dəlisiniz, yoxsa dahisiniz, ayırd edə bilmədim. Siz özünüzü necə xarakterizə edərdiniz?

- (Gülür) bu sualın cavabını mən verə bilmərəm. Çünki dəliliklə dahilik arasında incə bir cizgi var. Ancaq xatırladım ki, dünyanı lərzəyə salan bütün dəlilərə 50 il keçdikdən sonra dahi deyilib.

- Kitablarınızdakı fikirlərdən yola çıxaraq bir sual verim. Niyə hamımız ən yaxşı bacardığımız işi tapıb onunla məşğul olmalıyıq?

- Çünki dünyanı dəyişməyin tək yolu budur. Hamımız nəyi isə çox yaxşı bacarırıq. Ancaq doğulduğumuz yerdəki sosial vəziyyət və təhsil sistemi ən yaxşı bacardığımız işi tapmağımız üçün dizayn edilməyib. Əksinə məqsəd bizi eynitipli, oxşar canlılara çevirməkdir. Getdikcə özümüzdən uzaqlaşırıq. Halbuki dünyanı dəyişənlər ən yaxşı bacardıqları işi tapanlardır.

- Sizin ən yaxşı olduğunuz iş hansıdır?

- Əkinçilik. Mən əkinçiyəm. Ən yaxşı əkinçi olmaq yolunda irəliləyərkən yazarlığa da baş vurdum. Bu yoldan da keçməli oldum. Çünki ən yaxşı bacardığımız işi tapmaq elə də asan deyil. Bunu bacaranlar sistemə təsir edən varlıqlar halına gəlirlər. Əgər hamımız bunu bacarsaq, "biz" olacağıq və Tanrının surətindəki insan doğulacaq. İndiki vəziyyətdə hətta insan belə deyilik.

- Bəs nəyik?

- Biz hazırda bakteriyalar kimi hərəkət edirik. İnsan doğulmur, insan olur. Biz isə insan kimi doğulduğumuzu zənn edirik. Yox, sadəcə, insan bədənində doğuluruq. Bu, insan olduğumuz mənasını vermir. Biz enerji seçimi etməliyik, ya nefti seçib müharibələrlə barışacaq, parazit kimi yaşamağa davam edəcəyik, ya da təmiz enerjini seçəcəyik. Yəni günəş və külək enerjisindən faydalanacağıq. Bu sayədə, bəlkə də, xilas ola bildik.

- Kitablarınız sıra ilə "Fİ", "Çİ", "Pİ" adlanır. Bu adlar nə məna verir?

- Fi - qızıl orta deməkdir. İnsan beynində gözəlliyin kodlandığı bir yer var. Biz ətrafa nəzər yetirəndə o kodlara, qızıl ortaya uyğun gələn hər şey gözümüzə gözəl, qüsursuz görünür. Bu bir masa da ola bilər, bir qızın üzü də... "Fi"də ehtirasdan bəhs edirəm. Niyə gözəllikdən başladım? Çünki bizim beynimiz görmə qabiliyyətinə hər şeydən çox önəm verir. Hətta düşüncələrimiz belə gördüklərimiz əsasında formalaşır. Gözümüzlə xoşumuza gələnləri tapmağa çalışırıq. Qızıl ortanı tapdığımız insanı sevirik. "Çi"də isə motivasiyasını itirmiş insanlıqdan bəhs edirəm. Motivasiya tapmaq üçün narkotikə, içkiyə qurşanır, ayaqqabıdan, çantadan asılı hala gəlirlər. Beləliklə, gözəllikdən başladığım mövzunu həyat enerjisi ilə davam etdirdim. Sonra "Pi"ni yazdım. İnsanları təcrübə apardıqlarına görə qınamağın düzgün olmadığını göstərdim. Mütləq bir-birimizi qınamaq istəyiriksə, onda yaşadıqlarımızdan almadığımız dərslərə görə qınayaq. Mən terapevt Can Manayın ağıllanmadığını nəql edirəm. Amma hekayədə dərs alan insanlar da var. Öyrənən insana həmişə gözəl qapılar açılır, suallarına cavab verilir.

- Sizin üçün dünyadakı ən dəyərli insan kimdir?

- Mənəm! Bu sualı oğlum da verir, "ən çox kimi sevirsən?", deyir. Deyirəm ki, özümü!. Halbuki bütün analar bu suala "səni" deyə cavab verərdilər. Mənim cavabım bir az eqoist səslənir. Əslində isə, elə deyil. Çünki yalnız özünü sevən insan özünü tanıyan insana çevrilər. Özünü tanıyan insan isə dəyər verməyi bacarar.

- Fərd olmaqla eqoist olmaq arasında fərq varmı?

- Fərq olmaya bilər? Fərd olmağı bacaran hər kəs hamının onunla əlaqədə olduğunu bilir. Kiməsə yol verəndə, özümüzün yolunu açırıq. Sizə kömək edəndə, əslində, özümə kömək etmiş oluram. Bəlkə bir saniyə sonra qayıtmayacaq, lakin etdiklərim əvvəl-axır qarşıma çıxacaq.

- Həyat yoldaşınızın və övladınızın həyatınızdakı rolu nədir?

- Oğlum rəhbərlik etmək məcburiyyətində olduğum bir varlıqdır. Ondan çox şey öyrənirəm. Əvvəl elə bilirdim ki, onun müəllimi olacağam, bir də gördüm ki, o, mənim müəllimimə çevrilib. "Uşaq bumeranqdır!" deyirdilər, başa düşmürdüm. İndi anlayıram. Övladınız bütün yanlış davranışlarınızı ayna kimi əks etdirir. Həyat yoldaşım isə dostumdur. Dəyişməyimə ehtiyac qalmadan, məni olduğum kimi qəbul edən, mənim üçün əmək sərf edən insandır.

- Siz "Hadi dərnəyi"ni qurdunuz. Bir layihəniz var...

- Bəli. Layihəmizdə hər şeyin təbii olması planlaşdırılıb. Burada hər şey günəş enerjisi ilə işləyəcək. Ekoloji sistem quracağıq. Saxladığımız balıqların nəcisindən gübrə hazırlayacaq, tarlanı suladığımız artezian quyusu sayəsində balıqları mineralla təmin edəcəyik. Bizim kimi yaşamaq istəyənlər bu modeli öz həyətlərinə tətbiq edə biləcəklər. Dünyanın ən təmiz şəhəri Frayburqdan nümunə götürürük. Mənim əsl məqsədim təmiz enerji sisteminə keçməkdir. Ancaq öncəliklə, insanlara bunun çox önəmli olduğunu izah etməli idim. Ona görə də, bu kitabları yazdım. Ədəbiyyat dünyasının axmaqlıqları vecimə deyil.

- Kitabdakı sevişmə səhnələri çox müzakirə edildi...

- Birinci kitabda 8 seks səhnəsi var. Amma bunu elə təqdim etdilər ki, sanki dünyanın ən qeyri-adi sevişmə səhnələrini yazmışam. Elə danışdılar ki, guya yazdıqlarım seks kitabıdır. Sonra onu da dedilər ki, bir qadının kişinin daxili hisslərini bu qədər yaxşı yaza bilməsi maraqlıdır. Halbuki ətrafdakıları analiz edə bilirsənsə, hər şeyi anlayırsan. Mən də həyatı, insanları başa düşmək üçün çox çalışmışam.

- Biz dünyaya niyə gəlmişik?

- Məncə, insan olmağı öyrənmək üçün gəlmişik. Bura laboratoriyadır.

- Bir dəfə gəldiyimiz bu qısa həyatda insan olmağı öyrənməyimiz mümkündür? Reankarnasiyaya inanırsınız?

- Ölürsən, o biri dünyaya gedirsən, orada bir dəftər var, onu açırlar və sənə - əvvəlki həyatında irqçi imişsən, bu dəfə səni dünyaya zənci olaraq göndəririk, - deyirlər. Bax, bu versiyaya inanmıram. Amma reankarnasiyaya inanıram. Məncə, daha mürəkkəb və mükəmməl prosesdir. Təəssüf ki, biz seriallarla keyidildiyimiz üçün bu sistemi başa düşə bilmirik.

- Yaşadığımız müddətcə öyrənməyə davam edirikmi?

- Bəli. Amma öyrənməklə probleminiz varsa, əzab çəkməli olacaqsınız.

- Bu dünyada uşaqları öldürənlər var. Onda bu, uşaqların ailələrinə verilən dərsdir? Belə düşünmək qəddarlıq deyilmi?

- Dərs, sadəcə, həmin uşaqların ailələrinə verilmir, hamımıza verilir. Bu dünyada "vəzifəli"lər var. Ölən o gənclər də "vəzifəli"lərdəndirlər. Amma dünyada kütləvi qırğınlar törədənlər, pislik edənlər də "vəzifəli"dirlər. Onlar kütlələrə dərs verir, dünyanın inkişafında rol oynayırlar. Mənim oyanmağıma onlar kömək ediblər. Bəzən şər də insana nə isə öyrədir. Məsələn, cənnətdə olduğunuzu fikirləşin. Heç şər qüvvə yoxdur, üzümlərimizi yeyib cütləşirik, övladlarımıza belə baxmırıq, ora cənnətdir axı, uşaqlara başqaları baxır. Belə həyat maraqlı olar?

- Yəni deyirsiniz ki, cənnət darıxdırıcı ola bilər. Yaşadığımız pis-yaxşı hər təcrübə bizim inkişafımıza dəstək olur?

- Əlbəttə. Sən həyatda döyülmədən inkişaf edə biləcək səviyyədəsənsə, onda daha az əzab çəkirsən. Lakin eyni dərsi almaqdan bezməyənlər də var, onda bəla daha da böyüyəcək. Sən altında əzilənə qədər... Kitabda da deyirəm bunu: "Öyrənə bilmirsənsə, lazım gəlsə, həyat səni öldürəcək! Öləcək və yenidən doğulacaqsan... Ta ki öyrənənə qədər!

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm