4 milyard yaşı olan bu daşın tilsiminə düşəcəksiniz! - FOTOLAR
Bizi izləyin

Layihə

4 milyard yaşı olan bu daşın tilsiminə düşəcəksiniz! - FOTOLAR

4 milyard yaşı olan bu daşın tilsiminə düşəcəksiniz! - FOTOLAR

Bu gün Publika.az-ın "Mücrü"sünə bir qiymətli daş da əlavə etdik.

Bu dəfə zirkondan bəhs edəcəyik.

Zirkon saxtakarlığı

Zirkon adı ilə satılan daşların çoxu sintetik olur. Hətta əksər daş-qaş satıcıları daşın həqiqi, yoxsa süni olduğunu ayırd edə bilmirlər. Zirkonun özü isə almaz və brilyant adı ilə satılır. Beləliklə, sitetik zirkon əslindən, həqiqi zirkon isə brilyant və almazdan ucuz olduğu üçün ləl-cəvahirat satıcılarının çoxu bu varianta əl atır. Hətta süni zirkonu müxtəlif rənglərə boyayıb ametist, sitrin, topaz adı ilə satanlar da var. Odur ki, ləl-cavahirat alarkən ziyana düşməmək üçün mütləq zirkon daşı haqqında məlumatlı olmalısınız. Əvvəlcə onu vurğulayaq ki, bu daş almazdan daha xəfif və kövrəkdir. Buna diqqət etsəniz, zirkonu sizə almaz adı ilə sata bilməzlər.

4 milyard yaşı olan daş

Zirkon daşı, adətən, qəhvəyi rəngdə olur. Tünd-göy, qırmızı, sarı, narıncı, qara və mavi rənglərdə olan zirkonlara da rast gəlinir. Ən qiymətli növü mavi zirkondur. İkinci sırada isə şəffaf zirkon gəlir. Əslində, şəffaf zirkon qəhvəyi daşın yüksək temperaturda saxlanılması ilə əldə edilir. Şəffaf zirkon olduqca parlaq görünür, bərq vurur.

Zirkonu təşkil edən minerallar olduqca qədimdir. Hətta onu dünyanın ən qədim daşı da hesab etmək olar. Çünki Avstraliyada tapılan zirkonun 4 milyard yaşı olduğu hesablanıb. Kamboca, Avstraliya, Tanzaniya, Mozambik, Madaqaskar, Nigeriya, Pakistan, Əfqanıstan kimi ölkələr zirkon yataqları ilə zəngindir. Ən zəngin yataqlar isə Myanmar, Şri-Lanka, Tailand, Vyetnam şəhərlərində yerləşir.

O qədər bahalıdır ki...

Ən dəyərli növ olan mavi zirkon Kamboca və Myanmardan çıxarılır. Bu yataqlardan nadir hallarda yaşıl zirkon tapılır ki, çox bahalı olduğu üçün onu, sadəcə, ləl-cavahirat kolleksiyaçıları ala bilirlər.

Kişilərin ürəyini fəth edib

Zirkondan daha çox sırğa, boyunbağı, qolbaq, üzük hazırlanır. Onu digər daşlardan fərqləndirən xüsusiyyətlərindən biri də qadınlarla yanaşı, kişilərin də ürəyini fəth edə bilməsidir. Belə ki, zirkondan kişilər üçün cürbəcür üzüklər hazırlanır. Yüksək zövqlə hazırlanan üzüklər kifayət qədər baha qiymətə satılır.

Yuxu problemlərinin çarəsi bu daşdadır

Zirkon daşı da bütün qiymətli daşlar kimi şəfalı xüsusiyyətlərə malikdir. Belə ki, onun zehni qüvvətləndirdiyi, insanın duyğularını ifadə etmək qabiliyyətini artırdığı, yuxu problemləri ilə üzləşənlərə kömək etdiyi bildirilir. Yorğunluq və halsızlığı aradan qaldırır. İnsana rahatlıq verir. Ailə üzvlərinin, dostların, sevgililərin bir-birlərinə zirkon daşı hədiyyə etmələri tövsiyə olunur. O, qarşılıqlı münasibətləri istiləşdirir.

Xərçəng və ürək xəstəliklərinə qarşı

Deyilənə görə, zirkon daşı nazik və yoğun bağırsaqlara yaxşı təsir edir, həmin orqanları xərçəngdən qoruyur. Zirkon xroniki ürək xəstələrinə kömək edir. Burun qanaması zamanı tövsiyə edilir. Həmçinin zob və qaraciyər xəstəliklərinə qarşı təsirlidir.

Zirkonla arıqla!

Bu daşın iştahanı azaltdığı və arıqlamağa kömək etdiyi deyilir. Mədə şirəsini artırır, qəbizliyi aradan qaldırır, bağırsaqları təmizləyir. Zirkon epifiz və hipofiz vəzinin fəaliyyətini artırır. 6-cı hissi qüvvətləndirir, yaşlanmanı ləngidir.

Mavi və sarı zirkonun inanılmaz faydaları

Mavi zirkondan köklüyə qarşı istifadə olunur. Mavi zirkon maddələr mübadiləsinə yaxşı təsir edir, həmçinin görmə qabiliyyətini artırır.

Soyuqlamaya qarşı ən təsirli növü isə qara zirkondur. Bəzi ölkələrdə təbiblər yuxusuzluq və kabus görmək kimi problemlərə qarşı zirkon daşından istifadə edirlər.

Sarı zirkondan da xalq təbabətində istifadə olunur. Sarı zirkon qəbizliyi aradan qaldırır, digər zirkon növlərindən fərqli olaraq iştahanı artırır. Dalağı xəstəliklərdən qoruyur. Qadın bədənində istənməyən tüklərin çıxmasına mane olur. Qırmızı zirkondan da bu məqsədlə istifadə etmək olar. Bunun üçün tüklərin çıxmasını istəmədiyiniz yerlərə zirkon qoyub 2-3 saat gözləmək lazımdır. Prosedur 10 gün təkrarlanmalıdır.

Tilsimli daş

Zirkon, sadəcə, şəfalı xüsusiyyətlərinə görə deyil, həm də tilsimli hesab edildiyi üçün tarix boyu yüksək qiymətləndirilib. Qədim Hindistanda zirkon daşının tilsimli olduğuna inanılıb. Cadugərlər, falçılar bu daşdan istifadə ediblər. İndiki dövrdə belə hindlilər istənməyən hamiləliyə qarşı bu daşdan istifadə edirlər.

Qədim zamanlarda ticarətlə məşğul olanlar yanlarında zirkon daşı gəzdiriblər. Onlar daşın sehirli gücü sayəsində ticarətdə uğur qazanacaqlarına, daha çox gəlir əldə edəcəklərinə inanıblar. Hazırda rusiyalılar bu inancı yaşadırlar. Bu ölkədə zirkon daşı bərəkət rəmzi hesab edilir. Pul yığmaq, sərvət sahibi olmaq istəyənlər bu daşdan mədət umurlar.

Uzaq səfərə çıxanlar yanlarında narıncı və ya qırmızı zirkon daşı götürərək özünü yoldakı təhlükələrdən qoruyacaqlarına inanıblar.

Daşın tilsimli olduğuna təkcə hindlilər və ruslar inanmır. Yoqlar da bu daşdan geniş şəkildə istifadə edirlər. Onlar daşın xüsusi bioenerjisi olduğu qənaətindədirlər. Yoqların fikrincə, zirkon daşı insana qeyri-adi güc bəxş edir.

Deyilənə görə, dünya siyasətini müəyyən edən gizli təşkilatların üzvləri də daşın gücündən ilham alırlar. Onlar zirkonun bilgini gizlətməyə kömək etdiyini düşünürlər.

Hansı bürclərə tövsiyə edilir?

Zirkon daşı qız, qoç, şir, oxatan və sutökən bürcləri ilə harmoniyadadır. Bu bürclərdən olanlar mütləq yanlarında bu daşı gəzdirməlidirlər. Zirkon qoç və sutökən bürcündən olanlar üçün, xüsusilə, faydalıdır. Onun faydalarından yararlanmaq üçün zirkon qaşlı üzük alıb sol əlin orta barmağına taxmaq lazımdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm