Monika Belluççi “50 yaşından sonra intim həyat...” – FOTOLAR
Bizi izləyin

Layihə

Monika Belluççi “50 yaşından sonra intim həyat...” – FOTOLAR

51 yaşında olmasına rəğmən, klassik üz cizgiləri, zərifliyi, seksuallığı ilə hər kəsi heyran qoyan italyan aktrisa Monika Belluççinin Ceyms Bond seriyasından "007: Spektr" adlı yeni filmə çəkilməsi ictimai maraq doğurub.

Publika.az-ın “Kokteyl” layihəsinin bu sayında Monika Belluçinin “Grazia” jurnalına verdiyi müsahibəni təqdim edirik. Əfsanəvi casusun sevgilisi obrazını oynadığı üçün qürur keçirən Monika Belluççi filmdəki rolu ilə yanaşı, kişilər haqqında da maraqlı açıqlamalar verib.

- Doğrudurmu ki, Lyuçi Skyari rolu sizin üçün sürpriz oldu?

- Bəli, rejissor Sem Mendeslə söhbətimizdə ona ilk sualım belə oldu: "50 yaşım var, mənim Bondun yanında nə işim var axı?

- Məgər Bondun sevgilisi roluna hər yaşda aktrisanın çəkilə bilməsi yaxşı deyil?

- Bu, əlbəttə, inqilabdır! Sem ona verdiyim sualdan dərhal sonra hər şeyi izah etdi və dedi ki, bu rol üçün 50 yaşlı qadın istəyir. O, 40 və ya 45 yaşında görünə bilməz. Mənim qarşımda ağlı və zəkası ilə Bondla dialoq apara biləcək ümidsiz qadını canladırmaq vəzifəsi qoyulmuşdu. Bu rolun öhdəsindən gənc qız gələ bilməzdi. Çünki mənim artıq müəyyən yaşım var. Mən onun gənc sevgilisi yox, qadınıyam. Kişilər fikirləşirlər ki, qadın daha uşaq dünyaya gətirə bilmirsə, o, qocalıb. Amma rejissor Sem Mendes düşüncədə inqilab etdi. Rolu mənə verməklə belə düşünənlərin yanıldıqlarını göstərdi.

- Elə hesab edirsiniz ki, 30 yaşlı aktrisa ümidsizliyi yaxşı ifadə edə bilməzdi?

- Gəlin mənim timsalımda 30-dan sonra həyatımda hansı dəyişikliklər olduğunu sizə danışım. Vensan Kasselə ərə getdim, ilk övladımı 40 yaşımda, ikinci qızımı isə 45 yaşımda dünyaya gətirdim. Cəmi 4 il bundan əvvəl qızımı ana südü ilə bəsləyirdim, indi isə kino dünyasına yenidən qayıtmışam. Bir çox qadınların həyatı 50 yaşından sonra başlayır. Rejissor bu filmdə Lyuçi Skyarinin gözlərində məhz bu dərinliyi ifadə etmək istəyirdi. İki gözəl nənəm olub, onlar mənə hətta anamdan daha yaxşı məsləhətlər verirdilər. Bu, onu göstərir ki, biz hələ daha çox şeyə qadirik.

- Əvvəlki müsahibələrinizə baxanda adama elə gəlir ki, indi tamamilə başqa insansınız. Doğrudur?

- Əlbəttə, qızlarımın doğulması məni tamamilə dəyişib. Analıq duyğusu həyata baxışımı tamamilə dəyişdirib. Müdrikləşir, daha mülayim və sakit olursan. Əvvəllər səni narahat edən məsələlər öz əhəmiyyətini itirir.

- Uşaqlarınızın xətrinə işdən imtina etmək lazım gəlib?

- Daha əvvəlki kimi səyahət etmirəm. Əvvəllər filmin çəkiliş heyəti ilə birlikdə yaşayırdım. Qızlarım artıq böyüyüb. Düşünürəm ki, indi 11 və 5 yaşlı qızlarımı qoyub filmə çəkilmək üçün uzunmüddətli səfərlərə yollana bilərəm. Məsələn, bu film düz 5 aya çəkildi.

- Bu qədər uzun müddətdə uşaqları tək qoymuşdunuz?

- Yox, əlbəttə, mən onlardan 2 həftədən artıq ayrı qala bilmirəm! Ya Parisə qayıdıram, ya da onlar məni ziyarət edirlər. Yeri gəlmişkən, qızlarım da səyahəti çox xoşlayırlar. Şou-biznesdə elə məşhur ailələr tanıyıram ki, uşaqları dayə himayəsinə tapşırırlar, özləri isə səyahətə yollanırlar. Belə uşaqlara yazığım gəlir, mən qızlarımla münasibəti itirməməyə çalışıram. Ataları da imkan daxilində onlarla görüşür.

- 50 yaşlı bir qadının seksual olması insanları niyə təəccübləndirir ki?

- Biz Mik Caqqer, Tom Consu bu yaşda da yaraşıqlı hesab edirik, Madonna isə alt paltarında səhnəyə çıxıb mastrubasiya ilə məşğul olur. Əks cinsin nümayəndələri 50 yaşdan sonra qadını evdə, ən yaxşı halda aşpaz kimi görmək istəyirlər. Rahibələr kimi intim həyatı da olmamalıdır. Madonnanın isə işinə olan sevgisi, ehtirası ölməyib. Ümumiyyətlə, kişilərdən fərqli olaraq, yaş artdıqca qadının ehtirası azalmır. Əgər “Bondun qadını” kimisə ruhlandırsa, demək ki, mən öz missiyamın öhdəsindən gəlmişəm.

- Model kimi sizin şəkilləriniz ilk dəfə İtaliyanın “Grazia” jurnalında dərc olunub. O vaxtları necə xatırlayırsınız?

- Mən gənc və sadəlövh model idim. Məni hansı sürprirzlərin gözlədiyindən xəbərsiz idim. Onda sadə italyan qızının yeganə məqsədi Milanı fəth etmək idi! Paris və Nyu-York barədə heç düşünmürdüm. Bu, elə çoxdan olub ki...

- İndiki ağlınız olsaydı, ona hansı məsləhətləri verərdiniz?

- Özünə inanmağı, hiss və instinktinə qulaq asmağı. Onlar həmişə doğru yola aparıb çıxarırlar...

- Bəs, kastinqlərə gedib aktrisa kimi fəaliyyətə başlamağı tövsiyə etməzdiniz?

- Yox, Helmut Nyuton və ya Bryus Veber kimi fotoqrafların çəkdiyi fotolar insanlara böyük zövq verdi. Məhz bu fotolardan sonra kinoda çəkilməyə dəvət almağa başladım.

- Bəs, doğrudur ki, siz gənclik illərində Bondun sevgililərindən biri olmaq istəmisiniz?

- (sükutdan sonra). Məlum oldu ki, elə də qoca deyiləm (gülür). Bəli, bu hadisə 25 il əvvəl baş vermişdi. İndi hətta sevinirəm ki, məhz belə də olub. O vaxtlar ingilis dilini çox bərbad bilirdim, elə indinin özündə də məndən qat-qat yaxşı aktrisaların olduğunu düşünürəm. Ancaq peşəkar kimi indi özümə daha çox əminəm.

- Bununla belə, qəhrəmanımızın gözəlliyi əvvəlkilərlə müqayisədə cəlbedici dərəcədə seksual deyil.

- Hər natamamlıqda da bir gözəllik gizlənib. Duyğuları gəncliklə bağlamaq doğru deyil. Bu baxımdan filmin konsepsiyası çox xoşuma gəlir. Rolumla tamaşaçını düşündürə biləcəyim üçün çox xoşbəxtəm. Filmə baxan tamaşaçı da başa düşəcək ki, qadın gözəlliyini onun bədəni və xarici görünüşü ilə ölçmək düz deyil. Onun həm də böyük ürəyi var.

- Çəkiliş meydançasında filmin baş qəhrəmanı Daniel Kreyqlə necə yola gedirdiniz?

- O, məni yaxşı mənada təəccübləndirdi. Kreyq çox istedadlı aktyordur. O, ciddi roldan asanlıqla şəhvət və ehtiras epizodlarına keçid edə bilər. Bond isə mükəmməl insandır. Çünki o, mövcud deyil.

- Sizcə, bundan sonra karyeranızda böyük yüksəliş olacaq?

- Bu rol karyeramda xüsusi qürur yerim olacaq. 51 yaşım var, amma o da faktdır ki, kanadalı, serb və ingilis rejissorlarla işləyirəm. Yaxud da müsahibədə seks barəsində suallar verirlər. Bundan əla nə ola bilər? Nə olursa-olsun, mən bunu tortun üzərinə düzülən meyvə kimi qəbul edirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm