Layihə
Məşhur yumorist: “Burnum çirkin olsa da, özünə güvənən qadınam” - FOTOLAR
Yumor insandan qıvraq zəka və hazırcavablıq tələb edir. Təəssüf ki, bu peşə ilə məşğul olanların çoxu kişi cinsinə mənsubdurlar. Dünyada yumorist qadınların sayı isə barmaqla sayılacaq qədər azdır. Belə qadınlardan bəlkə də ən məşhuru türkiyəli yazar-yumorist Gülsə Birseldir. "Avrupa yakası" və "Yalan dünya" seriallarını izləmisinizsə, Gülsə Birselin yaradıcılığına heyran qalmamağınız mümkün deyil. O, adı çəkilən seriallarda həm aktrisa, həm də ssenarist kimi fəaliyyət göstərib.
44 yaşında olmasına baxmayaraq, hələ də cazibədar görünməyi bacaran Gülsənin təhsil və iş həyatına nəzər saldıqda əldə etdiyi uğurların təsadüfi olmadığını anlayırıq. Belə ki, Nyu-Yorkda kino təhsili alan və daha sonra Kolumbiya Universitetində magistr olan Gülsə Türkiyəyə qayıdan kimi əvvəlcə "Esquire", daha sonra da "Harpers Bazaar" jurnalının redaktoru kimi fəaliyyət göstərib. Daha sonra televiziyaya qarmaq atıb. Ekranlara "G.A.G" adlı proqramla çıxan Gülsə Birsel, ardınca "Avrupa yakası" və "Yalan dünya"nı ərsəyə gətirib. Artıq 13-14 ildir ki, gərgin iş rejimində işləyir. Bu yaxınlarda isə "Memleketi ben kurtaracağım!" ("Məmləkəti mən xilas edəcəyəm!") adlı kitab çıxarıb. Elə bu münasibətlə Türkiyənin tanınmış jurnalistlərindən olan Ayşə Arman ondan müsahibə alıb.
Publika.az-da bu dəfə iki maraqlı xanımın "Şirin söhbət"inə şahid olacaqsınız.
Məmləkəti küçədə, çayxanada xilas etməyə çalışırıq
- Gülsə, məmləkəti xilas etmək sənə qalıb?
- Mənə qaldı, həmçinin sənə də qaldı. Məncə, bu hamımızın öhdəsinə düşən vəzifədir. Başqa kim xilas edə bilər? Bəlkə də bu suala "böyüklərimiz" deyə cavab verəcəksən. Ancaq fikrimcə, özümüz də kifayət qədər böyümüşük. Həm də bu günə kimi böyüklərimizin möcüzə yaratdıqlarını görməmişəm. Ona görə də, məmləkəti küçədə, çayxanada xilas etməyə çalışırıq. Kitabıma da yazmışam, "xilas edə bilməsəm də, heç olmasa, cəhd edirəm". Vəziyyətimizin yaxşıya doğru gedəcəyini deyə bilmərəm, amma bundan pis olacağına da inanmıram.
- Seçki nəticələrini necə qiymətləndirirsən?
- Hər vəziyyətlə barışmağımıza kömək edən iki sözümüz var: "xeyirlisi" və "qismət". Mən də bu sözlərə sığınıram. Nəticə məni sevindirmədi. Amma təəccüblənmədim, şoka düşmədim.
- Necə yəni, xəyal qırıqlığı olmadı?
- Böyük xəyallar qurmamışdım. Televiziyada, küçədə rəqs edən, çox sevinən vətəndaşları görəndən sonra həmin 50 faiz insan üçün sevinməyə çalışdım. Stəkanın dolu tərəfini görmək üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, sevinən tərəf haqlı çıxar. Hamımızın istəyi eynidir: xoşbəxtlik, azadlıq, inam.
Cəmiyyət üçün nə isə et: yaz, çək, danış
- Yəni, buradan getmək sindromuna yaxalanmamısan?
- Əsla. Hara gedirəm e? Ölkə mənimdir. Əlimdə Türkiyə pasportu var. Ölkəmi çox sevirəm, ölkəm də məni sevir. Bəlkə həbsə düşməmək üçün getmək olar. Burada çörək pulunu qazana bilməzsən, qürbətə işləməyə gedə bilərsən və ya müharibə çıxar, evini gülləbaran edərlər, qaçıb gedərsən. Amma hakimiyyətdə olanları qəbul etmədiyin üçün ölkəni tərk etmək olar? Əslində, bizə ən çox indiki vəziyyətdə ehtiyac var. Belə vəziyyətdə ölkədə qalacaqsan ki, nəyi isə dəyişə biləsən. Cəmiyyət üçün nə isə et: yaz, çək, danış. Camaatın ölkəsinə gedib oturacağıq? Tətil üçün, təhsil üçün getmək olar. Amma bu vətən bizimdir, niyə həmişəlik gedək ki?
- Seçkinin nəticəsi ən çox qadınları kədərləndirdi. Sən bu mövzuda nə düşünürsən?
- Həyat tərzi ilə bağlı dəyişikliklər ən çox qadınlara təsir edir. Türkiyə Şərqdəki vahə kimidir. Ölkəmizdəki geriyə qayıdış, qadınların haqqlarının tapdanması, təbii ki, ən çox bizi narahat edir. Belə bir ingilis atalar sözü var: dağılan süd üçün ağlamazlar. Seçki keçmişdə qaldı, oldu, qurtardı. Kədərlənməyin heç bir faydası yoxdur. Narazı qalanlar bundan sonra haqqlarını tələb etsinlər, tələblərini dilə gətirsinlər. Bu seçkidə iştirak etməyənlər sonrakı hər seçkiyə gedib öz mövqeyini ortaya qoysunlar.
- Gələcəyi necə görürsən? Səncə, ölkədə yumor yaşaya biləcək? Hər şeyə müdaxilə edilir, bunun yumordan yan keçməsi mümkün deyil.
- Ölkədə medianın vəziyyəti yaxşı deyil. Senzura var. Xüsusilə də, böyük kütlələrin oxuduğu qəzetlər və izlədiyi televiziya kanallarında vəziyyət acınacaqlıdır. Əlbəttə, bu yumora da təsir edir. Xüsusilə də, siyasi yumor yox həddindədir. Ləvənt Kırcanı itirdik. Onun əfsanələşən "Olacak o kadar" proqramını indi hansı kanal yayımlayar?
- Bəs sən nə etməyi məsləhət görürsən?
- Dünyanın başqa yerləri ilə müqayisə edəndə vəziyyətimiz dəhşətli dərəcədə pis deyil. Fransa, İsveç kimi ölkələrlə müqayisədə, əlbəttə, geridəyik. Ancaq ölkəmizdə heç olmasa, müharibə və aclıq yoxdur. Xeyli sayda ağıllı, özünü yetişdirmiş insan var. Demokratik ölkə təcrübəmiz var. Məğlubiyyət kimi görünən hallarla üzləşsək belə, ayağa qalxıb yenidən yeriməliyik.
- Soyuqqanlısan.
- Xarakterim belədir. Vəkil, həkim, müəllim cəmiyyətə özü haqqında, sadəcə istədiyi qədər məlumat verir. Mən yazar-yumoristəm, aktrisayam deyə, səhər-axşam nə yeyib-içdiyimi hamı ilə bölüşməliyəm? Yenə də çoxsaylı xahişləri nəzərə alaraq kitabda avtobioqrafik 7 məqaləyə yer vermişəm. Gənc bir qız olduğum üçün avtobioqrafiyam qısa alındı. (Gülür)
Paparassilər bəzən məni də çəkirlər
- Bəs bunu necə bacarırsan? Necə olur ki, şəxsi həyatın haqqında heç nə bilmirik?
- Sosial şəbəkələrdə aktiv deyiləm. "Twitter"də cəmi 1 ildir ki, varam. "Instagram"ı isə bir ay əvvəl açmışam. Hələ də başa düşmürəm ki, niyə bezdirici həyatımla bağlı əyləncəli fotolar paylaşmalıyam? Özümü yazaraq izah edən insanam, ona görə də şəkil çəkdirib paylaşmağı sevmirəm.
- Heç küçəyə çıxmırsan?
- Çılğın gecə həyatım yoxdur. Kinoya, teatra gedirəm, dostlarıma qonaq oluram. Paparassilər oralara gəlmirlər. Bəzən məni də çəkirlər, ancaq suallar, adətən, işimlə bağlı olur.
- Gülmək üçün kimləri izləyirsən?
- İngilis yumoristləri xoşlayıram. ABŞ istehsalı olan komediya filmlərinə isə axıra kimi baxa bilmirəm, çox darıxdırıcı olur.
- Serialları izləyirsən?
- Son vaxtlar, sadəcə xəbər kanallarına baxıram. Çünki seriallar 130 dəqiqə çəkir. Ən keyfiyyətli ssenari belə 10 seriyadan sonra maraqsızlaşır. Təkcə xarici seriallardan "Louie"ni xoşlayıram.
Gənc olmaqdan bezmişəm
- Yaşlanmaqdan qorxursan?
- Yox. Əslində, gənc olmaqdan bezmişəm. Bəzən yaşlılar kimi geyinib, küçədəki uşaqlara "susun, başım ağrayır", deyə qışqırmaq istəyirəm. Amma özümdən asılı deyil. Məsələn, Haydi Kluma bax, məndən də qocadır, amma gənc model kimi görünür. 120 il yaşamağı hədəflədiyim üçün hazırda özümü 25 yaşında hesab edirəm.
- 40 yaşdan sonra həyatında nələr dəyişdi?
- Çox fərqində olmadım. Nə fiziki, nə də mənəvi baxımdan dəyişiklik hiss etdim. Ancaq qocalmaq mövzusu maraq dairəmdədir. Gözümün önündə yaşa dolan dostlarımın münasibətlərini yaxından izləyirəm. Çünki bir gün bu haqda hekayə yazmağı düşünürəm.
- Hər zaman gözəl və qüsursuz görünürsən. Bunun üçün nələr edirsən?
- Heç nə eləmirəm. Bu yay detoksa getdim. Cəmi bir həftə çəksə də, maraqlı təcrübə idi. Yumurtanı, iskəndər kababını nə qədər çox sevdiyimi, yeməklər üçün necə darıxa biləcəyimi öyrəndim. Bir də hər gün yarım saat yeridim. Həyatımda heç vaxt idmana bu qədər zaman ayırmamışdım. Üç ayda dörd kiloqram arıqladım.
- Estetik əməliyyata necə baxırsan?
- Özümə məsləhət görmürəm. Əməliyyat təcrübəm olmadığı üçün heç kimə nəsihət verə bilmərəm. Özünü çirkin hiss edən gedib əməliyyat etdirsin. Burnumun böyük olmasına baxmayaraq, pis görünmədiyimi düşünürəm. Üstılik, bu düşüncə məni özünə inamı olan qadına çevirdi.
Ləman Sultan
-
Magazin107:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı






























.png)

.jpg)




