Layihə
Türkan Şoray: “Həyatımdakı kişilər inciməsin, lakin…” – FOTOLAR
Türkan Şoray - Türk kinosunun yaşayan əfsanəsi… "Selvi boylum, al yazmalım" filmi ilə yaddaşımıza həkk olunan, hər filmində sürməli gözləri, məlahətli gülüşü ilə ağlımızı başımızdan alan qadın…
Türkan Şorayı aktrisa kimi tanısaq da, o özünü bir neçə dəfə rejissor kimi sınayıb. Son vaxtlar ulduzdan səs-soraq gəlmirdi. Qızı Yağmurun baş rolda çəkildiyi "Uzaqlarda axtarma" adlı filmə rejissorluq edərək, nəhayət, yenidən görüşümüzə gəldi. Məşhur jurnalist Ayşə Arman bu fürsətdən istifadə edərək aktrisadan müsahibə almağa nail olub.
Yaşına baxmayaraq, hələ də cazibədar olan aktrisanın bir-birindən maraqlı açıqlamalarını oxumaq istəyirsinizsə, gözünüz Publika.az-ın "Şirin söhbət"ində olsun!
-Yeni filminiz nağılı xatırladır. Zamansız, məkansız, möhtəşəm bir nağıl yaratmısınız. İnsan filmi izləyərkən həm gülür, həm kövrəlir.
- Belə hiss etməyinizə sevindim. Elə məqsədim bu idi. "Yeşilçam" nağılı anlatmaq istəyirdim. Çox gözəl insanlarla işlədim, hamısına təşəkkür edirəm.
-Qızınız Yağmur müsahibələrindən birində sizin qəzetlərdən film ssenarisinə çevrilə biləcək xəbərləri kəsib götürdüyünüzü demişdi.
-Düz deyir. Bu məndə bir vərdişdir. Hətta bu filmin də hekayəsi qəzetdə oxuduğum xəbərdən sonra ağlıma gəlib. Özümü professional qəzet oxucusu hesab edirəm. Məncə, bizim peşə maariflənməyi tələb edir. Yaşadığımız cəmiyyəti tanımalıyıq. Kino bir növ dövrün şahidirir. İlk filmimdə Almaniyaya işçi kimi gedənlərin hekayəsindən bəhs etmişdim. Onda da yenə qəzetdə gördüyüm xəbərdən ilham almışdım.
- "Uzaqlarda axtarma" filmində rol alan hər kəs peşəkar idi?
- Peşəkar olmayanlar da vardı. Lakin hər kəs arzulu, yaradıcı, istəkli idi. Gözümün içinə baxan kimi nə istədiyimi başa düşürdülər. Çəkilişlər bitdikdən sonra ağlayaraq ayrıldıq.
-Rejissor kimi ən güclü xüsusiyyətiniz nədir?
- Heç vaxt rejissorluqda iddialı olmamışam. Əslində, aktrisalıqda da iddialı deyildim. Rejissor kimi tək hünərim hissləri tamaşaçıya çatdıra bilməkdir. Eyni hekayəni 10 rejissor işləsə, hamısının filmi bir-birindən fərqli alınar. Çünki hamı öz dünya görüşünə uyğun film çəkir. Mən duyğu insanıyam. Son vaxtlar filmlərdəki duyğulu sənhələr xoş qarşılanmır. Bunun tamaşaçıların hissləri ilə oynamaq olduğunu deyirlər. Mən isə elə düşünmürəm. Allah insanlara analıq duyğusu, sevmə instinkti, eşq, şəhvət verib. Biz də hər bir hekayəni həyata uyğun şəkildə əks etdirməliyik.
-Bir ara bərk xəstələnmişdiniz…
- Heç soruşmayın, iki il öncə kuşinq sindromuna yaxalandım.
-Sezen Aksu da bu xəstəliyə yaxalanmışdı.
- Mənimkinin əlamətləri fərqli idi. Ancaq eyni xəstəlikdir. Böyrəküstü vəz kortizon hormonunu həddən artıq ifraz edir.
-Bu xəstəlik hansı səbəbdən baş verir?
- Bilinmir. Nadir xəstəliklərdən biridir. Diaqnoz qoymaq da çətindir. Xəstəliyə yaxalandıqdan sonra bir anda çox kökəldim.
-İndi yaxşı görünürsünüz.
- Çünki əməliyyat keçirdim, həmin vəzlər götürüldü. Ona görə də, bədənimdəki şiş yavaş-yavaş çəkilir.
Amma asan deyil. Nə qədər pəhriz saxlasam da, faydası yoxdur. Xəstəliyin inkişaf etdiyi dövrdə tanınmaz hala düşmüşdüm. Yanaqlarım, dodaqlarım şişmişdi. Məni görənlər "Aman, sənə nə olub? Botoks etdirmisən?", deyə soruşurdular. Mütəmadi olaraq açıqlama vermək məcburiyyətində qalırdım. Əhvalım pis idi. Hər şeydən əlimi üzmüşdüm. Bundan sonra bir də film çəkməyəcəyimi fikirləşirdim. Özümə qapanmışdım. Yaxşı ki, mələyim var, o məni həyata qaytardı.
-Kimdir o mələk?
- Qızım, Yağmur. Məni bu işə o razı saldı. Filmin prodüsseri Yağmur oldu. Onun sayəsində yenidən işləməyə başladım. Əvvəlki Türkan oldum.
Yağmur həm qızım, həm anamdır. Məni qoruyur. Uşaqlığından bəri dəfələrlə serial təklifləri gəlib, o, heç birini qəbul etməyib. Göz önündə olmağı sevmir.
-Yağmura aktrisalıq yaraşıb. Sizcə, bundan sonra aktrisalığa davam edəcək?
- Dəqiq deyə bilmərəm. Amma fikrimcə, davam edəcək. Çəkiliş meydanında o mənim qızım kimi yox, peşəkar aktrisa kimi davranırdı.
-Yağmura çox bağlısınız…
-Həddən artıq. O, 3 il Amerikada yaşadı. Əgər mobil telefonlar olmasaydı, dayana bilməzdim. Özümdən asılı deyil, daim onu düşünürdüm. İsveçrədə oxuyanda on beş gündən bir, hətta bəzən həftədə bir dəfə onun yanına gedirdim.
-Sevginizin onun azadlığına kölgə saldığını düşünmürsünüz?
- Yox. Çünki azadlığını əlindən almamışam. Biz onunla dostuq. Mən anamdan bir çox şeyi gizlədirdim, Yağmur isə yox. O, əyləncəli qadın olduğumu fikirləşir. Həqiqətən, eləyəm. Bu bağlılıq qarşılıqlıdır. O da məni həmişə xoşbəxt görmək istəyir, aşiq olmağımı, baxımlı, gözəl görünməyimi tələb edir.
-Sizi bayaq fotosessiya zamanı izlədim. Hər detala diqqət edirdiniz, mükəmməllik axtarışında idiniz. Hər işdə beləsiniz?
- Təəssüf ki, elədir. Bu da peşəmizin qazandırdığı xüsusiyyətlərdəndir. Deyəsən, canımda da var.
- Siz türk xalqı üçün əfsanəsiniz. Siz eşqsiniz, qadınısınız, ən gözəl gözlər, ən gözəl gülüşsünüz.
- Nə gözəl söylədiniz. Bu sözlərlə məni çox xoşbəxt etdiniz. 200-dən çox filmə çəkilmişəm, hamısında da eşq qadını olmuşam. İstər-istəməz, bu real həyatda da öz əksini tapır. Nə qədər yaşlansam da, eşq içimdə bitməz-tükənməz bir hiss olaraq qalır.
-İnsan bu qədər böyük bir ulduz olduqdan sonra normal həyata öyrəşə bilirmi?
- Ulduzluq mənə uzaq kəlmədir. Ulduz olmağı qəbul etmirəm. Kiçik yaşlardan bəri filmə çəkildiyim üçün o hissi heç vaxt dadmamışam. Çoxları adımı bilmirdi, "qara gözlü qız" deyirdilər. Sonradan məni sevməyə başladılar. Sevgiyə ac olmuşam. Ona görə də, tamaşaçıların sevgisi məni məst etdi. Həmişə sevənlərimə yaxın oldum. Onlara yuxarıdan baxan ulduz olmadım. Onların gözündə həmişəki Türkan Şorayam. İllərin keçməsini qəbul etmək çətindir. Gəncliyimdə gözəl olduğumu deyirlər. O vaxtlar belə düşünmürdüm, indi fotolarıma baxanda görürəm ki, pis olmamışam. Onlar məni hələ də əvvəlki kimi görmək istəyir. Məhz xəyal qırıqlığı yaşatmamaq üçün arıqlamağa, baxımlı olmağa çalışıram. Lakin bilirəm ki, kök olsam da, üzümü qırış bassa da, məni gözəl görməyə davam edəcəklər. Bu, inanılmaz bir hissdir.
-Sizin qədər böyük aktrisa olmayıb, Türkan xanım...
- Vallah, elə deyil, nə olar belə deməyin. Məni utandırırsınız.
-Kinoda çox uğurlar əldə etdiniz. Bəs şəxsi həyatınız necə, uğurlu oldu?
- Hamımız insanıq. Hər birimizin həyatında uğur da olur, uğursuzluq da. Təəssüf ki, həmişə özümü yalnız hiss etmişəm. O böyük qələbəliklərin içində mən daim tək idim. Həyatdakı ən böyük uğurum tamaşaçıların sevgisini qazanmağım olub. O sevgi məni qidalandırıb, enerji verib. Sonra Yağmur gəldi, onun eşqi məni daha da gücləndirdi. Həyatımdakı kişilər inciməsin, lakin qarşı cinsə hiss edilən eşq mənim üçün həmişə arxa planda olub.
Ləman Sultan
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA



















.png)
.jpg)













