Jurnalistləri döyən aktrisa: “Peşman deyiləm” - FOTOLAR
Bizi izləyin

Layihə

Jurnalistləri döyən aktrisa: “Peşman deyiləm” - FOTOLAR

Jurnalistləri döyən aktrisa: “Peşman deyiləm” - FOTOLAR

Bir vaxtlar həyatını paparassilərin kameraları önündə yaşayan, adı qalmaqallara qarışan aktrisa və aparıcı Handə Ataizinin uzun müddətdir ki, səsi-sorağı gəlmirdi. Evlənən və ana olan ulduz "Kanal D"də yayımlanan "Hayat mucizelere gebe" adlı proqramla yenidən ekranlara qayıdıb.

"Hürriyət" qəzeti məhz bu münasibətlə Handədən müsahibə alıb.

Şəxsi həyatı ilə bağlı detallardan danışmaqdan çəkinməyən gözəl ulduzun müsahibəsini Publika.az-ın "Şirin söhbət" layihəsində oxuyun:

- Həyatınızda köklü dəyişikliklər var, evləndiniz, ana oldunuz, oğlunuz Leon artıq 14 aylıqdır. Bunlar sizə necə təsir etdi?

- Üzərinə məsuliyyət götürmək istər-istəməz insanı dəyişir. Özündən başqasına daha çox vaxt ayırdıqca ruhun sakitləşir. Ana olduqdan sonra daha inanclı insana çevrilmişəm.

- Oğlunuzun adını niyə "Şir" yox, "Leon" qoydunuz?

- Həyat yoldaşım Benjamin elə istədi. Əslində, iki ad qoyacaqdıq, biri türk adı olacaqdı. Mənim də iki adım var: Ayşə Handə. Bunun bəzən çətinliklərə səbəb olduğunu bilirəm. Ona görə də, iki ad qoymaq fikrindən daşındıq.

- Körpənizin doğum haqqında şəhadətnaməsində dini mənsubiyyəti haqqında nə yazılıb?

- O hissəni boş saxlamışıq. İstəyirik ki, böyüyəndən sonra dinini özü seçsin. Əsas əxlaqlı, yaxşı insan olmasıdır.

- Ana olduqdan sonra seksuallıq ikinci plana keçdi?

- Valideyn olmaq fikrinə öyrəşmək lazımdır. Həyatındakı ən önəmli varlıq övladın olur. Bütün diqqətini ona verirsən. İstər-istəməz bezdirici qadına çevrilirsən. Yaxşı ki, içimdəki seksual qadın yenidən ortaya çıxdı. Allahıma min şükür!

- Suriyalı uşaqlardan birini övladlığa götürəcəyiniz deyilirdi. Niyə məhz suriyalı uşaq istədiniz?

- Süni mayalanma üsulu ilə hamilə qalmağa bir cəhd göstərdim, alınmadı. Sonra hər şeyi öz axarına buraxdım, müalicə belə almadan ana oldum. İstəyirəm ki, oğlum tək böyüməsin. Ona görə də, Benjaminlə birgə övladlığa uşaq götürməyə qərar verdik. Amma bu proses çox çətin imiş. 5 il gözləmək lazımdır, bir çox proseduradan keçməlisən. Gözüm qorxdu. Belə getsə, ikinci usağı da özüm dünyaya gətirəcəm.

- Altı ildir ki, sizi seriallarda görmürdük. Bunun səbəbi nə idi?

- 18 yaşımdan bəri seriallarda rol alıram. İnsan bir müddət sonra yorulur. Bir il Nyu-Yorkda qaldım, o müddətdə işimlə bağlı kurslarda iştirak etdim. Buraya qayıtdıqdan sonra televiziya və teatrla bağlı layihələrdə yer almaq istədim.

- Siz "Qızıl qlobus" mükafatına layiq görülmüş aktrisasınız. Sizin evlilik verilişi aparmağınız bir az qəribə gəlirdi.

- Həmin iş təklifi gələndə oturub evlilik proqramlarını izləmişdim. Onda çox xoşuma gəlmişdi. Mən tərzimi qoruya bildiyimi düşünürəm.

- Yeni serialınızda canlandırdığınız obrazın qızı həkimlərin səhvi nəticəsində istəmədən süni mayalanma ilə hamilə qalır. Belə bir şey sizin başınıza gəlsəydi, nə olardı?

- Çətin vəziyyətdir. Mən yəqin ki, körpəni dünyaya gətirmək istəməzdim. Çünki uşağa yaxşı ailə bəxş edə bilmək, onun bütün ehtiyaclarını ödəyə bilmək önəmlidir.

- Canlandırdığınız Süheyla obrazı evlənmədən uşaq sahibi olub. Sizi də ananız tək böyüdüb. Bu baxımdan obrazla bütünləşmək asan olar.

- Anamla atam mənim iki yaşım olanda ayrılıblar. Atamı tanımamışam. Ona görə də, obrazla aramda çox oxşarlıq var.

- Aktrisalar yaşlı görünmək istəmədikləri üçün ana rollarına məsafəli yanaşırlar. Sizdə də bu kompleks varmı?

- Elə şeylərə fikir vermirəm. Yaşımı hamı bilir, heç kimi aldatmaq lazım deyil. Canlandırdığım obraz isə ana olmasına baxmayaraq, olduqca enerjili, aktiv qadındır.

- 18 yaşından etibarən maqazin gündəmindən düşməmisiniz. Bu psixologiyanıza necə təsir edir?

- Səmimi qadınam. Həssasam, hiss etdiklərimi dərhal büruzə verirəm. Bu qədər açıqsözlü və azad bir qadının zərbələrə məruz qalması labüddür. Tanındıqdan sonra həyatıma normal gənc qızlar kimi davam etdim. Amma məşhur olduğum üçün haqqımda yalan xəbərlər çıxdı. Ona görə, paparassilərlə heç vaxt yola gedə bilməmişəm.

- Bu qədər göz önündə olmaq sizin öz seçiminiz deyildi?

- Aktrisa olduğum üçün istər-istəməz gündəmə gəlirdim. Ancaq atdığım hər addımın təqib edilməsini istəməmişəm.

- Daha sakit, sadə həyat tərzinizin olmağını istəyərdiniz?

-Yox. Məşhur olduğum üçün 23 yaşımdan darıxdırıcı həyat tərzinə keçməli idim? Mən olduğum kimiyəm. Bəyənən qəbul edər, bəyənməyən özü bilər.

- Keçmişinizdən nəyisə silmək şansınız olsaydı, nəyi unutdurmaq istəyərdiniz?

- Hər şey vaxtında gözəldir. İndi fikirləşirəm ki, hələ az eləmişəm. Yaşadığım rəngarəng həyatdan məmnunam. Hamı düzgün həyat tərzi yaşasa, dünya darıxdırıcı olar. Sənətçi fərqli olmalıdır. Yaşadığım heç nədən peşiman deyiləm.

- Bir vaxtlar olduqca cəsur pozalar verirdiniz. Günümüzün Türkiyəsində eyni pozaları verməyə cəsarətiniz çatar?

- O vaxt doğru və gözəl hesab etdiyim, indi elə olmaya bilər. İndi mənasız gəlir. Buna baxmayaraq, gənc olsaydım, yenə eyni cür davranardım.

- Yəni, jurnalistləri çətir ilə döydüyünüzə görə, peşiman deyilsiniz?

- Tərbiyəsizlik etsələr, əsəbiləşsəm, yenə vura bilərəm. İnsanı özündən çıxarırlar.

- Çox çılğınsınız…

- Əylənməyi, qəhqəhə çəkməyi sevirəm. Anı yaşayıram.

- İqtisadçı, ciddi Benjaminlə çılğın Handənin birgə həyatı çətin deyil?

- Əks qütblər bir-birini çəkirlər. İnsanın özündə olmayan xüsusiyyətlər ona daha cəlbedici gəlir. Benjamin kübar, mədəni, işində uğurlu kişidir. 5 il yarımdır ki, birlikdəyik.

- Türklərin qısqanc olduğunu bütün dünya bilir. Bu xasiyyət Benjaminə hələ sirayət etməyib? Ssenaridəki öpüşmə, sevişmə səhnələrinə qarışmır?

- Qarışmır. Məni tanıyanda aktrisa idim, belə qəbul edib. İndi sən dedin ağlıma gəldi. Son vaxtlar məni heç qısqanmır. Gərək bu barədə düşünüm (Gülür).

- Ərinizin xarici agent olduğu deyilir.

- Yalan xəbərlərdir. Türkiyədə "Bloomberg"-in rəhbəridir. Agenti "Bloomberg"in rəhbərliyinə gətirərlər? O, çox işgüzardır. Türkiyəni ən az türklər qədər sevir. Belə iddialar onu kədərləndirir.

- Bu cür xəbərlər sizi narahat etmir?

-Yox. Çünki mənim haqqımda da çox yazılıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm