Bu qadına görə 157 milyon dollar göyə sovruldu - FOTOLAR
Bizi izləyin

Layihə

Bu qadına görə 157 milyon dollar göyə sovruldu - FOTOLAR

Publika.az-ın "Onların stili" layihəsində qeyri-adi zövqə malik olan bu xanımın stili haqqında oxuyacaqsınız.

Avtomobil qəzasından sonra ateist oldu

1986-cı ildə Texasda dünyaya gələn Ember kiçik yaşlardan etibarən katolik akademiyasında oxuyub. Ancaq 16 yaşında ən yaxın dostunun avtomobil qəzasında vəfat etməsi onun bütün həyatını dəyişib. Həmin andan etibarən özünü ateist adlandıran Ember akademiyadan çıxaraq Nyu Yorka yollanıb. Burada modelliklə məşğul olan Ember daha sonra Los-Ancelesa köçüb və aktrisalığa başlayıb. 2008-ci ildə onun baş rolda çəkildiyi "Never back down" adlı filmi "MTV" mükafatına layiq görülüb.

Sevgilisi onun üçün 157 milyonundan vaz keçdi

Daha sonra bir çox filmə çəkilsə də, onu şöhrətə qovuşduran Hollivudun ən xarizmatik aktyorlarından hesab edilən Conni Depplə çəkildiyi "The rum diary" filmi olub. Bu film sayəsində Ember həyatının daha bir dönüş nöqtəsini yaşayıb – o, öz eşqini tapıb. Belə ki, həmin filmin qala gecəsinə Emberlə Conninin eşq yaşadıqları ilə bağlı dedi-qodular damğa vurub.

Həmin gün hamı sarışın gözəlin Conninin ağlını başından aldığından danışırdı. Çox keçmir ki, Conni Depp 14 il evli olduğu Vanessa Paradidən boşanır. Conni boşanmadığı təqdirdə onunla olmayacağını deyən Emberə qovuşmağı o qədər çox arzulayırdı ki, həyat yoldaşını razı salmaq üçün bütün şərtlərlə razılaşır. Belə ki, o, Vanessaya sahib olduğu var-dövlətin yarısını, həmçinin, birdəfəlik təzminat olaraq 157 milyon dollar ödəyir.

Bundan sonra Conni bütün dəvətlərə "Maxim" jurnalının "dünyanın ən seksual qadınları" siyahısında 2-ci yeri tutan sevgilisi Emberlə qatılır. Cütlük bu ilin fevral ayında ailə quraraq, eşqlərinin gerçəkliyinə şübhə edənləri susdurdu.

Evləndikdən sonra Ember Hördün karyerasında yeni bir dövr başlayır. Deyilənə görə, təvazökar olmaq haqda düşünməyən Ember özünü Hollivudun ən istedadlı aktrisası hesab edir. Lakin o, gündəmdə qalmağını istedadına deyil, Conni Deppə, gözəlliyinə və son dövrlərdə hər kəsin rəğbətini qazanan stilinə borcludur.

Biseksual gözəlin avtomobil hobbisi

Emberin qeyri-adi zövqlərindən bəhs etməsək, olmaz. Hollivudun digər ulduzlarından fərqli olaraq, Ember kişilərə xas xarakterə malikdir. O, olduqca seksual görünsə də, gözəllik proseduralarından çox, avtomobil markaları ilə maraqlanır. Silahların içində böyüdüyünü deyən aktrisa əntiq avtomobil kolleksiyası yığır. Hazırda onun kolleksiyasında 1968-ci il istehsalı olan "Ford Mustang", 1967-ci il istehsalı "Mercedes" və 1962-ci il istehsalı "Checker Cab" kimi nadir avtomobillər var.

Aktrisa döymələri də çox sevir. O, bədəninin sol tərəfinə Pablo Nerudanın sonetlərindən birindən götürdüyü sözləri yazdırıb. İtalyan dilində yazılan döymənin mənası belədir: "Səni sevirəm, bəzi qaranlıq şeyləri sevdiyim kimi, gizli - ruh və kölgə arasında".

Conni ilə tanışlıqdan öncəki illərdə aktrisanın lezbiyan olduğu və ən yaxın rəfiqəsi ilə eşq yaşadığı iddia edilirdi. Cazibədar ulduz bu iddiaları təkzib etsə də, 2012-ci ildə biseksual olduğunu açıqlayıb.

Yeni Merilin Monro

Çoxları Emberi Hollivudun yeni Merilin Monrosu hesab edir. Onu Skarlett Yohansonla müqayisə edənlər də var. Buna səbəb aktrisanın qırmızı dodaq boyasını və tünd qara layneri çox sevməsidir. Cəsarət tələb edən, dekolteli geyimləri xoşlaması da Merilin taxtına oturmasını asanlaşdırır. Onu Merilin və Skarletdən fərqləndirən yeganə məqam kəskin üz cizgiləridir.

Qüsursuz və ağappaq dəri

Bütün diqqəti çəkən qırmızı dodaq boyası, gözləri vurğulayan tünd qara layner, süni kirpiklər, xəfif qızaran yanaqlar… Bir sözlə, aktrisanın makiyaj stili klassik üslubdadır. Ember Merilin Monronun makiyajından ilham alsa da, bu stili özəlləşdirə bilib. Aktrisa geyiminə uyğun olaraq bəzən dodaqlarını çəhrayıya boyayır. Bu zaman kölgəli göz makiyajı edir. Emberin ən böyük gözəllik sirri isə qüsursuz və ağappaq dərisidir. O, dərisinin nəm balansını qorumaq üçün xüsusi sprey və kremlərdən istifadə edir. Makiyajında isə "HD" effektli tonal kremlər və haylayterlərə üstünlük verərək daha parlaq dəriyə qovuşur.

Gözlər onun kürəyindədir

Ember qırmızı xalı gecələrində zərif libaslara üstünlük verir. Nə geyinməsindən asılı olmayaraq, dekoltesi ilə diqqət çəkir. Ən çox kürək dekoltesini xoşlayır. Bəzən də kiçik ölçüdə olmasına baxmayaraq, biçimli görünən sinəsini ön plana çıxarır. Ayaqları uzun və düz olsa da, aktrisanı qırmızı xalıda mini geyimdə görmək mümkünsüzdür. O, dərin yarıqlı maksi libasları sevir. Zərifliyini ipək parçalardan tikilmiş, gipürlü libaslarla vurğulayır. Qırmızı, qararəngli libaslar qarderobunda çoxluq təşkil etsə də, tünd göy, bej, ağ, misrəngli geyimləri də özünə yaraşdıra bilir. Demək olar ki, bütün qırmızı xalı tədbirlərinə həyat yoldaşı Conni Depplə birlikdə qatıldığı üçün çox vaxt onun stili ilə uyğunlaşmağa çalışır.

Conninin bohem stilinin təsirində...

Gözəl ulduz gündəlik həyatda olduqca fərqli ab-havaya bürünür. Belə ki, bəzən şıq kombinlərlə küçə dəbinə damğa vursa da, əsasən idman üslubunda geyinir. Ulduz bəzən həyat yoldaşı Conni Depp kimi, bohemlə idman tərzinin vəhdətini yaradır. O, bohem tərzə rəng qatan uzun boyunbağılar, rəngarəng üzüklər və şapkalardan yararlanır. Küçə stilinə uyğun kombinlərini uzun qulplu, kvadrat çantalarla tamamlayır. Qəhvəyi rəngli günəş eynəkləri vazkeçilməz aksessuarları arasındadır.

Sarı saçlar, yaşıl gözlər

Emberə həm qara, həm də sarı saçlar çox yaraşır. Buna baxmayaarq, aktrisa son illər sarı saça üstünlük verir. Parlaq və uzun saçlarını çox vaxt açıq saxlayır. Bu zaman yandan ayırır və fenlə iri dalğalar verir. Bəzən də saçlarını toppuz yığır. Ön hissəsi qabardılmış, dağınıq toppuzları çox sevir. Ember hörüklü saçları da özünə yaraşdıra bilir.

Son illərin ən cazibədar və dəbli xanımından ilham almaq istəyirsinizsə, təqdim etdiyimiz fotolara nəzər salın:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm