Layihə
Çağan İrmaq: “Öləcəyini bilərək yaşayan tək canlı bizik” - FOTOLAR
Çağan İrmaq adı çoxunuza tanışdır, çünki onun rejissoru olduğu "Babam ve oğlum", "Mustafa hakkında her şey", "Issız adam" filmləri, "Çemberimde gül oya", "Asmalı Konak" serialları bizim ölkəmizdə də kifayət qədər tamaşaçı toplaya bilib.
Məşhur rejissor bu yaxınlarda "Nadide hayat" adlı yeni filmini təqdim edib. "Hürriyet"in ən tanınmış müxbirlərindən biri olan İzzət Çapa məhz bu münasibətlə, rejissordan müsahibə almağa nail olub.
Çağan İrmaq filmlərini sevənlər rejissoru daha yaxından tanımaq üçün mütləq Publika.az-ın "Şirin söhbət"ini oxumalıdır.
- Mavi ekranda bizə öz həyatından bəhs edirsiniz? "Mən susum, filmlərim danışsın", deyən rejissorlardansınız?
- (Gülür) Bu fikir haradan çıxdı? Əslində, çəkdiklərimin həyatımla çox da əlaqəsi olmur. Buna baxmayaraq, "Babam ve oğlum" filmində bioqrafiyamdan detallar axtarırdılar.
- Yaxşı, onda ən başdan başlayaq. Öz həyat hekayənizdən danışın.
- Şanslı uşaq olmuşam. Səfərihisarda, yaşılla mavinin vəhdətdə olduğu bir yerdə böyümüşəm.
- Qəlbiniz sanki hələ də Egey bölgəsindədir.
- Filmlərimin çoxunda hekayə İstanbulda baş versə də, diqqətli tamaşaçılar Egeyin qoxusunu hiss edə bilir. Ola bilsin, bu vərdişimdən əl çəkməliyəm.
- Keçmiş üçün darıxırsınız?
- Zənn edilənin əksinə, keçmişə bağlı insan deyiləm. Mən indiki gəncləri tanımağa, onları izləməyə, dünyaya onların gözündən baxmağa çalışıram. "Bizim vaxtımızda" ilə başlayan cümlələr qurmağı xoşlamıram. Cəmiyyətdə belə bir anlayış var ki, guya keçmişdə hər şey daha yaxşı olub. Ancaq hər dövrün öz gözəlliyi və üstünlüyü var. Bunu görmək lazımdır. Məsələn, bizim əvvəllər 6 aya çəkdiyimiz bir filmin yaratdığı təsiri indikilər 15 saniyəlik video ilə əldə edə bilir. "Issız adam"da səslənən mahnılara görə, insanlar mənim nostaljiyə meyilli olduğumu zənn edirlər. Əslində, elə deyiləm. Bu günü yaşamaq lazımdır. Doğuluruq, ölürük, öləcəyimizi bilə-bilə həyatımıza davam edirik. Öləcəyini bilərək yaşayan tək canlı bizik.
- Xoşbəxtsiniz?
- Bəli, şikayət edə biləcəyim heç bir şey yoxdur. Şanslıyam və xoşbəxtəm.
- Həyatınızda sizi narahat edən heç nə yoxdur?
- Əvvəllər işlə bağlı olurdu, indi yoxdur.
- Deyilənə görə, əsəbiləşəndə çox qəddar və kobud olursunuz…
- Bunun yalan olduğunu deyə bilmərəm. Vəziyyət belədir ki, film çəkəndə hər şeyin mükəmməl olmasını istəyirəm. Bunu mənimlə ilk dəfə işləməli olanlara əvvəlcədən xəbərdarlıq edirəm. Çünki çox vaxt özümə əsəbiləşirəm, əsəbim tez soyuyur. Bu günə kimi heç kimin qəlbini qırmadığımı düşünürəm.
- Bu qədər uğurlu karyera qurmaq eqonuza necə təsir etdi?
- Tamaşaçılara yaltaqlanmaq kimi başa düşülməsin. Onlar məni o qədər sevdilər ki, eqom qalmadı. Tamaşaçıdan yalnız tərif eşitmədiyimi qəbul etməliyəm. Bu da işimizin qaydalarından biridir. Əgər tənqiddən qorxursansa, ümumiyyətlə, bu işlə məşğul olmamalısan. Özünüzü mənim yerimə qoyun, 22 il kiçik bir qəsəbədə yaşayan gənc, ani bir anda öz ssenarisini yazıb "Günaydın İstanbul kardeş" filmini çəkir. O vaxtlar ulduz olduğumu sanmışdım. Ondan sonra həyatdan iki-üç sillə alıb özümə gəldim.
-Ən güclü sillə nə ola bilər?
- Məncə, ssenari yaza bilməmək. Ancaq bunu da dərd etmərəm, həyatıma qaldığı yerdən davam edərəm. Çünki mən bu işi karyera üçün yox, zövq aldığım üçün görürəm.
- Mənə hədəfinizin pul olmadığını deməyin…
- Məsələn, "Karanlıktakiler"i çəkəndə öz-özümə deyirdim ki, "bu film gəlir gətirməyəcək, kaş, pulsuz paylaya biləydim, hamı izləyərdi". Həqiqətən də, o filmim çox izlənilmədi. Pulsuz olsa belə, onu çox az adam izləyərdi. Ancaq elə bir filmə imza atmaq məni xoşbəxt etdi.
- Səhv etmirəmsə, "Kabuslar evi" adlı filminiz də çox bəyənilməmişdi.
- Bu günə kimi 12 film çəkmişəm. Onlardan sadəcə 4-ü "Dedemin insanları", "Babam ve oğlum", "Issız adam" və "Unutursam fısılda" çox izlənilən, bəyənilən filmlər sırasında olub.
- Çağan İrmak filmlərini iki hissəyə bölə bilərəm?
- (Gülür) Bölün görək, necə olacaq.
- Məncə, Çağanın istəyərək çəkib pul qazanmadığı filmlərlə, pul qazanmaq üçün məcburiyyət qarşısında çəkdiyi filmlər var.
- Xeyr. Heç bir filmimi məcbur qaldığım üçün çəkməmişəm. Hamısından zövq almışam.
- Sənin filmini izləyən mütləq ağlayır.
- Əslində, film çəkərkən qarşıma tamaşaçını ağlatmaq məqsədi qoymuram. Bu günə kimi mənim üçün deyilmiş ən gözəl bənzətmə belə olub: "Tibb bacısı olsa idi, damarı asanlıqla tapardı".
Mən dram filminin də stressi ən az komediya qədər azaltdığına inanıram. Çünki belə filmi izləyərkən ağlayırsan, bütün dərdini-kədərini orada qoyub gedirsən.
-Vallah, mənə desələr ki, "səni ən çox kim ağladıb?", mən sizin adınızı verərəm.
- (Gülür) Ədəbiyyata qarşı xüsusi marağım var. Ona görə də, bu günə kimi onlarla roman oxumuşam. Litsey illərimdə müasir yazarların hamısını oxumuşdum. Oxuduğum romanlarda duyğular o qədər dərin ifadələrlə əks etdirilirdi ki, mən də bu üsuldan öz filmlərimdə istifadə etməyə qərar verdim.Ola bilsin, filmlərim məhz bu səbəbdən, insanların xoşuna gəlir. Etiraf edim ki, ədəbiyyatı və musiqini kinodan çox sevirəm. Ancaq o sahələrdə bacarığım olmadığı üçün filmlərimdə bunların hamısını birləşdirməyə çalışıram.
- Başa düşdüm, sözlərin əvəzinə görüntüdən istifadə edirsiniz.
-Məktəb kitablarında "kino görüntüyə əsaslanan sənətdir, dialoqlara çox da fikir verməyin", deyə yazılıb. Bu səhv fikirdir. Halbuki, kino bütün sənət növlərini özündə birləşdirir. Ona görə də, filmdə istifadə etdiyin fotonun, musiqinin, dialoqun da yeri və zamanı önəmlidir.
-"Mən" sözündən sonra ən çox istifadə etdiyiniz kəlmə hansıdır?
- Sözlərinizdəki kinayəni tutdum. Yaşım artdıqca ən çox "bilmirəm" sözündən istifadə etməyə başlamışam.
-Çox təvazökarsınız.
- Yox. Sadəcə, əvvəllər qarşımdakı insana danışması üçün şərait yaratmırdım. İndi dinləməyi öyrənirəm. Xüsusilə, gənclərdən nəsə öyrənməyə çalışıram. Öyrənməli olduğum yeni şeylər kəşf etdikcə, həyata olan marağım artır.
- "Instagram"da olduqca aktivsiniz.
- Bəli. Çünki "Instagram" insanların vizual zövqünü artırır. Deyirlər e "hamı fotoqrafçı olmamalıdır!". Zənnimcə, şəkil çəkən nə qədər insan olsa, bir o qədər yaxşıdır. Amma təbii ki, hər kəs özünü fotoqraf adlandırmamalıdır.
- Onda hamı rejissorluq etsin ki, gerçək rejissorların qiyməti bilinsin. Buna razı olarsınız?
- Mən heç vaxt rejissorluğu müqəddəs peşə hesab etməmişəm. Mənim üçün müqəddəs peşə həkimlikdir, çünki insan həyatını xilas edir. Anlamıram ki, biz sənətçilər öz peşəmizi niyə bu qədər şişirdirik?
- Çağan İrmak təkrar serial çəkəcəkmi?
- Əzbərlədiklərimizi unutduran bir iş olsa, ekrana qayıda bilərəm. Məsələn, "Homeland", "American horror story" səviyyəsində bir serial olsa, razılaşaram. Heç kim inciməsin, ancaq bir-birinin gözünün içində itən qızla oğlan və ya mənasız mahnıların sədaları altında qapılara pəncərələrə baxan insanlar çəkə bilmərəm. Məsələn, mən qadın suiqəsdçi haqqında serial çəkmək istəyirəm. Ancaq belə serialı heç kim izləməz, bu bir tərəfə qalsın, onu heç bir kanal yayımlamaq istəməz.
- Sandığınızda daha nə qədər ssenari var?
- İki-üç serial, bir-iki ədəd də film ssenarisi var. Onlardan birini xüsusilə bəyənirəm. Onu çəkmədən ölmək istəmərəm. Hadisələr Osmanlı İmparatorluğu dövründə baş verir, fantastik, qeyri-adi hekayədir.
- Filmlərinizdə söyüşdən istifadə edirsiniz...
- Söyüşdən istifadə etməyimiz normaldır, çünki real həyatda olan bir şeydir. Məncə, sənət həyata yaxın olmalıdır.
- Sizcə, sənətçi öz işlərində cəmiyyətə sosial mesajlar ötürməyə məcburdu?
- Mən heç vaxt özümü müəllim hesab etməmişəm. Bəzi insanların "cəmiyyəti belə dəyişdirdim, elə dəyişdirdim", demələri mənə qəribə gəlir. Mən dağdakı çoban üçün işləyirəm deyənlər, çox vaxt həyatda heç çobanla qarşılaşmamış insanlar olur. Fikrimcə, nifrət aşılamaqdansa, hamı ilə ünsiyyət qurmağa çalışmaq lazımdır. Siyasi mesaj verməyəcəm.
-Deyilənə görə, Türkan Şorayın ən çox işləmək istədiyi rejissorlardansınız. Sultanın rejissorluq etdiyi yeni filmini izləmisiniz?
- Mən də onunla işləməyi çox istəyirəm. Gərgin iş şəraitində olduğum üçün, nəinki kinoya, heç evə gedə bilmirdim. Yeni filmi izləməmişəm, amma bundan öncə çəkdiyi dörd filmin dördünü də çox bəyənmişdim.
Ləman Sultan
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO




















.png)
.jpg)













