• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Cazibədar ulduzları kimlər geyindirir? - FOTOLAR

  • Layihə
  • 28 Dekabr 2015 16:15
  • 4 100 Baxış
Cazibədar ulduzları kimlər geyindirir? - FOTOLAR

Trendlərdən vaxtı-vaxtında xəbər tutmaq üçün moda jurnallarını oxumağa və dəfilələrə getməyə vaxtınız olmaya bilər. Ancaq stilləri ilə fərqlənən dünya ulduzlarını təqib etmək heç də çətin deyil. Axı yeni dəb axınları hamıdan qabaq hər seçimi trendə çevrilən məşhurlar arasında yayılır. Elə bu səbəbdən də xanımların gözü daim dünya ulduzlarındadır. Bəs geyimləri, aksessuarları, makiyaj stili ilə və ya saç düzümü ilə qırmızı xalı üzərində bizi özlərinə valeh edən gözəlləri kim geyindirir?

Publika.az-ın "Onların stili" layihəsi çərçivəsində bu dəfə məhz həmin professional stilistlərdən bəhs edəcəyik.

Stilistlər dünya ulduzlarının karyerasında əhəmiyyətli rol oynayırlar. Çünki onların uyğun gördükləri geyim bəyənilməyəndə aktrisa və ya müğənni pis vəziyyətdə qalır. Əksinə, stili ilə göz qamaşdıranlar isə jurnaldan daha çox dəvətlər alır, çəkildikləri reklamaın sayı artır və əlbəttə ki, daha çox qazanırlar.

Cennifer Laurensin stilisti: Reyçel Zoui

Cennifer Lourensin şıq stili hər kəsin dilindədir. Cazibədar ulduz bunun üçün stilisti Reyçel Zouiyə minnətdar olmalıdır.

Reyçel Zoui kimdir?

O, psixologiya üzrə təhsil alsa da, özünü dəb aləmində tapıb. Dediyinə görə, hələ 9 yaşında ikən qardaşının sevgilisinin stilini yenidən yaradıb. Əvvəl "YM Magazine" və "Gotham" kimi jurnallarda işlədikdən sonra stilist kimi fəaliyyət göstərməyə qərar verib. Reyçel Zoui həyat yoldaşının ona bu işdə dəstək olduğunu, onun köməyi ilə qısa zamanda zirvəyə gələ bildiyini deyir. Moda ilə bağlı kitab yazan stilist, eyni zamanda televiziya kanallarından birində aparıcıdır.

Zoui deyir ki, "stilistlər həyatınızı xilas edə bilməzlər, ancaq yaratdıqları imiclərlə fərqli sahələrdə yeni fürsətlərlə qarşılaşmağınıza səbəb olarlar".

Kimləri geyindirir?

Zoui Hollivudda sadəcə Cennifer Lourensi yox, bir çox ulduzu geyindirir. Lindsey Lohan, Kameron Diaz, Demi Mur, Eva Mendes, Mişa Barton, Keyt Hadson kimi ulduzlar onun müştəriləri arasındadır. Lakin Reyçelin ən sadiq müştərisi Cennifer Lourensdir. Zoui qara rəngli kombinləri xoşlayır. Ulduzlara, əsasən, belə kombinləri məsləhət görür. Zouinin qarderobu hazırda 70-ci illər modasının təsiri altındadır.

Unudulmaz "look"u

"Oscar" mərasimində "ən yaxşı aktrisa" mükafatına layiq görülən Cennifer Lourensin kürəyinə doğru çevirdiyi "Chopard" boyunbağısı, "Christian Dior" imzalı libası Reyçelin ən unudulmaz "look"larından hesab edilir. Həmçinin Lourensin "Vanity Fair"in verdiyi "Oscar" partisində geyindiyi kombin də diqqətə layiq idi. "Hugo Boss" imzalı mini libas aktrisaya çox yaraşırdı.

Stilistin ən çox sevdiyi markalar:

"Dior", "Max Mara", "Dolce&Gabbana", "Proenza Schouler", "Christian Louboutin".

Culiya Robertsin stilisti: Elizabet Stüart

Culiya Roberts özünməxsus stilisti ilə həmişə Hollivudun digər aktrisalarından seçilib. Aktrisa bu uğurunda stilistinin rolunu danmır.

Elizabet Stüart kimdir?

Şimali Karolina universitetində təhsil alıb. "Women’s Wear Daily" və "New York Times Magazine" jurnallarında redaktor kimi fəaliyyət göstərib. Stilist kimi ilk işi "Ally McBeal" serialında rol alan Kalista Flokhartı geyindirmək olub. İndi isə Hollivudun ən güclü stilistlərindən biri hesab edilir. "Oscar" mükafatı, Kann film festivalı, Qızıl Qlobus, "Emmy" mükafatları kimi dəbdəbəli gecələrdə məşhurlar nə geyinəcəklərini Elizabetlə məsləhətləşirlər. Bir çox stilistin əksinə öz markasını yaratmağı düşünmür. O, asudə vaxtını sosial məsuliyyət layihələrinə sərf edir. Ailəsi ilə vaxt keçirmək və mətbəxdə yemək bişirmək onun üçün meditasiya kimi bir şeydir.

Kimləri geyindirir?

Hollivudun ən cazibədar ulduzlarını – Keyt Blanşeti, Sandra Bulloku, Cessika Çesteyni, Culiya Robertsi, Cenyuari Consu, Frida Pintonu və Amanda Seyfridi məhz Elizabet Stüart geyindirir. Ancaq onun ən çox sevdiyi müştərisi Culiya Robertsdir.

Unudulmaz "look"u

2014-cü ildəki "Oscar" mərasimində "ən yaxşı aktrisa" mükafatını alan Keyt Blanşetin "Chopard" imzalı zinət əşyları ilə tamamlanan, svarovski daşlı, pudra rəngi "Armani Prive" libası Elizabetin ən unudulmaz "look"u hesab edilir.

Ən sevdiyi markalar

"Armani", "Valentino", "Elie Saab", "Givenchy", "Roland Mouret".

***

Natali Portmanın stilisti: Keyt Younq

Natali Portman da stili ilə fərqlənən, sayılıb-seçilən aktrisalardandır. Natali stilisti Keyt Younq sayəsində daim şıq görünməyi bacarır.

Keyt Younq kimdir?

Oksford universitetinin sənət tarixi fakultəsini bitirsə də karyerasına "Vogue" jurnalında start verib. Özünü stilist kimi sınadıqdan sonra uğur pillələrini sürətlə qalxıb. Ötən il "Dressing for the dark" adlı kitabı satışa çıxıb. Keyt qırmızı xalı kombininin darıxdırıcı olmamasına çalışır: "Libasın qırmızı xalıda darıxdırıcı görünməməsi üçün həmişə fərqli olana üstünlük verirəm".

Kimləri geyindirir?

9 ildir ki, Natali Portmanı geyindirən keyt digər ulduzlarla da işləməyə vaxt tapır. Reyçel Bays, Sienna Miller, Dakota Conson və Diana Kryuqer kimi ulduzlar da Keytin məsləhətlərinə ehtiyac hiss edirlər.

Unudulmaz "look"u

Bu il "Oscar" mükafatı gecəsində Sienna Millerə "Oscar de la Renta" markalı libas geyindirən Keyt bir daha öz məharətinə heyran qoya bilib.

Ən sevimli markaları

"Prada", "Rochas", "Balenciaga", "Chanel", "The Row".

***

Naomi Uatsın stilisti: Cinan Uilyams

Cinan Uilyamsın geyindirdiyi məşhurların sırasında sarışın "bomba" Naoumi Uatss da var. Şıqlığı ilə daim göz qamaşdıran bu gözəli geyindirənin kim olduğunu bilmək istəyirsiz?

C.Uilyams kimdir?

Missisipi universitetində moda üzrə təhsil alıb. "Alexander Wang", "Isabel Marant", "Marc Jacobs" və "Victoria’s Secret" kimi markaların reklam departamentlərində işləyib. Onun ulduzu "The Impossible" filminin stilisti kimi işlədikdən sonra parlayıb.

Fransızlara məxsus sadəliyi sevən C.Uilymas kəskin kəsimlərdən və qara rəngdən vaz keçmir. Onun stil şüarı isə belədir:

"Elə bir libas seçin ki, onunla üç fərqli stil yarada biləsiniz. Diqqət çəkmək istəyirsinizsə, mütləq doğru ayaqqabını seçin".

Kimləri geyindirir?

Naomi Uatts ən sevimli müştərisidir. Lakin o, Saki Uoterhaus, Emili Mortimer kimi qadın məşhurlarla yanaşı, kişiləri də geyindirir. Hətta onun ən yaxın keçmişdə qeydə alınan unudulmaz "look"u məhz kişi müştərisi üzərində yaratdığı obraz hesab edilib.

Unudulmaz "look"u

Həmin obraz ən məşhur və stilistin sevimli kişi müştərisi olan Lev Şrayber üzərində yaradılıb. Ötən il "Qızıl qlobus" mükafatlandırma gecəsində amerikalı aktyor Lev Şrayberin "Tom Ford" imzalı kostyumla yaratdığı obraz çox bəyənilib.

Ən sevimli markaları:

"Armani", "Tom Ford", "Burberry".

***

Cennifer Lopezin stilistləri: Meriel Hein və Rob Zanqardi

Cennifer Lopezin gənc həmkarlarını kölgədə qoyan stili hamının zövqünü oxşayır. Bəs onu kimlərin geyindirdiyini bilirsinizmi?

Onlar kimdirlər?

İki stilistin yolu "MTV"də kəsişib. Onlar burada işləyərkən dost olublar və musiqi dünyasının məşhurları ilə əməkdaşlıq etməyə başlayıblar. İlk önəmli işləri 2007-ci ildə "Umbrella" klipi üçün Rihannanın stilini müəyyənləşdirmələri olub. Rihanna bu mahnı və imiclə ilə damğasını vurduqdan sonra stilistlərin ulduzu parlayıb.

Kimləri geyindirirlər?

Cennifer Lopez və Rihanna ilə yanaşı, Farrel Uilyams, Şakira, Kanye Uest, Siara, Cada Pinkett Smit kimi məşhurlar da bu iki stilistə güvənirlər.

Unudulmaz "look"ları

2013-cü ildə Qızıl Qlobus gecəsində Cennifer Lopezə geyindirdikləri uzun qollu, gipürlü, fildişi çalarındakı "Zuhair Murad" libası ulduzun tünd rəngli dərisi ilə çox gözəl uyğunlaşıb. Bu ilin "Oscar" mükafatlandırma mərasimində isə onlar Cenniferə "Elie Saab" libası geyindirərək udluzun sinə dekoltesndən məharətlə istifadə ediblər.

Ən sevimli markaları:

"Thom Browne", "Mara Hoffman", "Anthony Vaccarello", "Alexander Wang", "Fausto Puglisi".

***

Lupita Nionqonun stilisti: Mikel Erlanqer

Son illər zövqlü kombinləri ilə göz önündə olan aktrisa Lupita qüsursuz seçimlərini stilisti Mikelə borclu olduğunu deyir.

Mikel Erlanqer kimdir?

Öz sahəsi üzrə təhsil alan tək-tük stilistdən biridir. O, düz altı il Skarlett Yohansson, Meraya Keri, Liv Tayler kimi ulduzlara stilistlik edib. İlk müştərilərindən olan ingilis aktrisa Mişel Dokeri onu həmkarı Lupita Nionqo ilə tanış etdikdən sonra həyatı dəyişib. Lupita ilə işləməyə başlayandan sonra bir anda Hollivudun ən çox axtarılan stilistinə çevrilib. Çünki o, qaradərili xanımlara yaraşmadığı iddia edilən rəngləri Lupitaya yaraşdırıb. Lupita onun sayəsində ən dəbli aktrisalar sırasında göstərilməklə yanaşı, "Miu Miu"nun siması da olub. Həmçinin "Vogue" başda olmaqla, bir çox jurnalın üz qabığına çıxıb.

Mikel uğurunun sirrini belə açıqlayır:

"Heç vaxt "bunu geyinməməlisən!", - demirəm. Çalışıram ki, seçdiklərim müştərinin zövqünə və xarakterinə uyğun olsun".

Kimləri geyindirir?

Hazırda Lupita Nionqo ilə yanaşı, Mişel Dokeri və Oliviya Mannı geyindirir. Ən yeni müştərisi isə Cennifer Enistondur. Deyilənə görə, Cennifer Lupitanın stilini o qədər bəyənib ki, dərhal öz stilisti ilə yollarını ayıraraq Mikellə işləməyə başlayıb.

Unudulmaz "look"u

Mişel Dokeri 2013-cü ildə baş tutan Qızıl Qlobus mükafatları gecəsində geyindiyi "Alexandre Vauthier" imzalı ağ-qızılı libasın kariyerasına müsbət təsir etdiyini düşünür. Mikelin bu "look"u bütün modapərəstlərin ürəyini fəth edib.

Ən sevimli markaları:

"Prada", "Miu Miu", "Giambattista Valli", "Dior", "Antonio Berardi".

Ləman Sultan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR