İllərdir bitib-tükənməyən eşq hekayəsi - FOTOLAR
Bizi izləyin

Layihə

İllərdir bitib-tükənməyən eşq hekayəsi - FOTOLAR

İllərdir bitib-tükənməyən eşq hekayəsi - FOTOLAR

Bu gün əfsanəvi aktyor, estrada müğənnisi, bəstəkar, rejissor, ictimai xadim və televiziya aparıcısı Adriano Çelentanonun 78 yaşı tamam olur.

Bu münasibətlə Publika.az-ın “Te Amo” layihəsi çərçivəsində İtaliyanın ən gözəl cütlüyü sayılan Adriano Çelentano və Klaudiya Morinin sevgi hekayəsini xatırlatmaq qərarına gəlmişik.

İnadkar aşiqlə laqeyd gözəlin ilk tanışlığı

Cütlük 1963-ci ildə “Qəribə insan” filminin çəkilişləri zamanı tanış olublar. Əvvəlcə Çelentano öz qədrini bilən ehtiraslı italyan gözəlinə güclü təsir bağışlaya bilməmişdi. Əlbəttə ki, Klaudiya Mori Adriano Çelentanonun mahnılarını dinləmiş, çəkildiyi filmlərə baxmışdı. Lakin səhnə adamı yaxşı tərbiyə almış qız üçün bir o qədər uğurlu seçim deyildi. Adriano isə öz növbəsində, Klaudiyanın qəlbini və sevgisini qazanmaqda israrlı idi. Bu səbəbdən, hər vəchlə bütün vasitələrə əl ataraq bəyəndiyi qızı özünə cəlb etməyə çalışırdı. Bütün ciddi cəhdlərə baxmayaraq, aktyorun təklifləri nəzakətli şəkildə rədd edilirdi...

Ehtiraslı öpüş...

Amma birlikdə olmaq sanki onların taleyinə yazılmışdı və hər şey kiçik bir təsadüflə həll olunmuşdu. Bir dəfə Klaudiyanın günahı üzündən pavilyonda qısa qapanma baş vermiş, şüşə plafon partlamış, hətta şüşənin qəlpələri hadisə yerində olan Çelentanonun üzünü cızmışdı. Günahkar olduğunu bilən qız üzrxahlıq etmək üçün dərhal aktyorun yanına qaçmışdı. Kiçik qəzadan sonra onlar kafedə xeyli söhbət etmiş, bir saat sonra isə qrim otağında ehtirasla öpüşmüşdülər.

Romantik sevgi etirafı

Lakin xüsusi vurğulamaq lazımdır ki, bütün qadınların sevdiyi Adriano Çelentano ona aşiq olduğu halda, italiyalı gözəl hələ də onun sevgisinə şübhə ilə yanaşırdı. Filmin çəkilişləri başa çatmışdı və belə görünürdü ki, onların yolu həmişəlik ayrılıb. Amma müğənni Morini öz konsertinə gəlməyə razı sala bilmişdi. Aktyor birinci sırada Mori üçün xüsusi yer ayırmışdı. Bu, Klaudiyanın xoşuna gəlmiş və o, konsertə gəlməyə razılaşmışdı. Möhtəşəm keçən konsertdən sonra Adriano ona səhnədə hamının qarşısında öz sevgisini romantik şəkildə etiraf etmişdi.

Klaudiya bu etirafı gözləmirdi. Çoxsaylı pərəstişkarların gözü önündə qıza olan sevgisini etiraf etməklə birinci mərhələni keçə bilmişdi. Təbii ki, bundan sonra qız ona laqeyd qala bilməzdi. Yumşalan Klaudiya lütfkarlıq göstərərək aktyoru birinci görüşə özü dəvət etmişdi. Sonda bir neçə puça çıxan cəhdlərdən sonra Çelentano istəyinə nail olmuşdu. Beləliklə, Adriano ilə Klaudiya arasında yaranmış sevgi qığılcımı böyük bir ehtirasa çevrilir. Cütlüyün ehtirası barıt kimi aşıb-daşırdı. Onlar saatlarla telefonla danışır, ifaçının qastrol səfərləri və gərgin qrafikinə rəğmən, tez-tez görüşürdülər. Sonra cütlük birlikdə Parisə yollanır və Klaudiya oradan barmağında nişan üzüyü ilə qayıtdır. Onların nişan xəbəri ifaçının qız pərəstişkarlarını xeyli məyus etsə də, cütlük çox xoşbəxt idi.

Yaxşı gündə, pis gündə

Çox keçmir ki, cütlük münasibətlərini rəsmiləşdirmək qərarına gəlir. Lakin sevgililər zəhlətökən paparassilərdən xilas olmaq üçün gecə saat 3 radələrində hamıdan gizli nikaha daxil olurlar. O vaxtdan etibarən, ər-arvad yaxşı və pis gündə bir-birinin yanındadır. Onlar indiyə qədər də bir-birini dəlicəsinə sevən nadir cütlüklərdəndir.

Mori yaxşı başa düşürdü ki, Çelentano ilə münasibətlərini qorumaq üçün ərinin çoxsaylı pərəstişkarları və həmkarlarının bezdirici diqqəti ilə barışmaq lazımdır və bu səbəbdən, o, karyerasını ailə səadətinə qurban verir.

Hər güclü kişinin arxasında bir qadın dayanır!

Özünü bütünlüklə ailəsinə həsr edən Klaudiya ərinə üç övlad hədiyyə etməklə yanaşı, Çelentanonun yaradıcılığında ona böyük dayaq olub. Hazırda Klaudiya “Celentano Clan” ailə səsyazma şirkətinin direktoru və inzibatçısıdır. Bu şirkət dünya şöhrətli ifaçıya yüksək ixtisaslı musiqiçilər daxil olmaqla, prodüserlərin tələblərindən asılı olmamaq imkanı verirdi.

Klaudiya ərinin səs-küylü reklam aksiyalarını təşkil edən peşəkar piar-meneceri idi. Məsələn, bir dəfə Çelentanonun Briançe dəmiryol stansiyasına yaxın relslərdə uzandığını və intihar etmək istədiyini eşidən fotomüxbirlər dərhal hadisə yerinə gəlir. Bu zaman Klaudiya vaxtında peyda olur və ərini danlayaraq yerdən qalxmasını tələb edir. Artıq lokomotivin fiti eşidilir, qatar yaxınlaşır, Klaudiya isə dayanmadan ağlayır. Aktyor relsdən son anda, qatarın təkərləri onun uzandığı yerdən cəmi bir neçə metr aralı olarkən ayağa qalxır. Cütlük bir-biri ilə barışaraq hamının qarşısında ehtirasla öpüşür. Bu foto uzun müddət İtaliya mətbuatında gündəm yaratmışdı.

1970-ci ildə Adriano Çelentanonun San-Remoda baş tutan mahnı festivalındakı qələbəsində də Klaudiyanın xidmətləri az olmayıb. O, əri ilə birlikdə səhnəyə çıxıb, ondan gözlərini ayırmadan nəvazişlə əlindən tutmuşdu. Yeri gəlmişkən mahnı uzun illər əsl şlayaqer olub. Mahnı belə adlanırdı: “İşləməyən məhəbbətlə məşğul olmur”.

İki qadından biri

Hər bir italiyalı üçün qadınlar hava və su kimi vacibdir. Onlar qadınsız yaşaya bilmir. Bu mənada Çelentano da həmişə öz xalqının sadiq nümayəndəsi olub. Yeri gəlmişkən, Çelentano ilə “İnadkarı ram edilməsi” filmində tərəf-müqabili olan Ornella Muti onu füsunkar gözəlliyi ilə yoldan çıxara bilmişdi. Ornella aktyora vurulmuş, hətta ona görə əri Allesio Oranodan boşanmışdı. Əlbəttə ki, o, eyni addımı Çelentanodan da gözləyirdi...

Aktyor boşanma məsələsini hər vasitə ilə uzadır, Klaudiyadan birdəfəlik ayrılmağa cəsarət etmirdi. Müdrik qadın və üç uşaq anası kimi Klaudiya onun qayıtmasını səbirlə gözləyirdi. Üstəlik, müsahibələrində pafoslu şəkildə: “Kişilər üçün təsadüfi əlaqələr mekanik üçün yeni avtomobili texniki baxışdan keçirmək kimi bir şeydir" – təkrarlayırdı.

Tale müdrik qadının bu səbrini mükafatlandırır, Adriano sevimli arvadının yanına qayıdır. Hətta xəyanətinə görə cəmiyyət qarşısında həyat yoldaşından və uşaqlarından üzr istəyir.

Onlar hay-küylü gecələri, qonaqlıqları sevmir və demək olar ki, dustaq həyatı yaşayırlar. Klaudiya isə ərini hələ də sevdiyini və həyatı boyu onun kimi maraqlı adama rast gəlmədiyini söyləyir. Maestro özü də son illərdə verdiyi müsahibələrində aşıq-aşkar etiraf edib ki, haqqında yayılan dedi-qodulara və sadə olmayan həyatına baxmayaraq, onun ürəyi ancaq bir qadına – cazibədar və gözəl Klaudiya Moriyə məxsus olub.

Evliliklərinin 40 illiyinə həsr edilmiş mərasimdə də hər bir dəvətnaməyə Çelentano öz əli ilə bu sözləri yazıb: "Biz bu gün də biz bir-birimizi sevirik!".

Ötən il İtaliyanın ən gözəl cütlüyü qızıl toylarını, daha dəqiq desək, 50 illiklərini qeyd etdilər...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm