Magazin1
Baba Vəziroğlu: “Maraqlı ömür yaşamışam”
Ona görə insan həyatda ancaq xoş hadisələr yaşasa,
maraqlı ömür keçirdiyini demək olmaz. Acı da olmalıdır, şirin də,
yaxşını da görməlisən, yamanı da. Bir də savada önəm verir. Bu
aspektdən yanaşanda mənalı bir ömür keçirdiyini deyir. Müsahibimiz
nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi
Baba Vəziroğludur.
O, 1954-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində dünyaya
gəlib: "Sonra zaman necə gəlib keçdisə, bir də gördüm ki, artıq
Bakıdayam və Məsimov Baba Vəzir oğlu dönüb Baba Vəziroğlu olub.
Uşaqlığımla həmin dövr arasındakı zaman necə keçdisə, heç fərqində
olmadım. Hamı kimi uşaqlıq keçirdim, oktyabyrat, pioner, komsomolçu
oldum, amma partiyaçı olmadım. Böyüdüm, dərk etdim ki, adam olmaq,
oxumaq, çalışmaq, cəmiyyətdə mövqe tutmaq lazımdır”.
"Maraqlı bir ömür yaşamışam”
Uşaqlıq dövrünün bir göz qırpımında ötməsini həmin illərin ancaq
xoş keçməsi ilə bağlamır: "Hər anı ilə həmin illər yadımdadır. Xoş
keçsəydi, yaddaşıma heç nə yazılmazdı. Çünki insan çox güldükcə,
sevindikcə bir az arsızlaşır və həyat çox maraqsız olur. Həyat o
zaman gözəl və maraqlı olur ki, eniş-yoxuş, işıq-zülmət,
yaxşı-yaman hamısını görürsən. Buna görə həmişə deyirəm ki, maraqlı
bir ömür yaşamışam”.
İlk şeirlərini elə uşaq yaşlarından yazmağa başlayıb. Deyir ki, ilk
şeirlərin qələmə alınmasında məqsəd bəlkə də şeir yazmaq yox,
sadəcə, sözləri qafiyələndirmək olur: "Şeir yazmağa bəlkə də
məktəbə getməmişdən öncə başlamışam. Çünki yazıb-oxumağı məktəbə
getməmişdən öncə bacarırdım. Hətta "Səfillər” romanını da
oxumuşdum. Düzdür, mənasını o dərəcədə başa düşməmişdim, amma
oxuyurdum. Birinci sinifdə demək olar, heç nə eləmədim. Çünki hər
şeyi bilirdim. Hətta, məktəbə bir il də tez getmişdim. İlk dəfə
şeir yazmaq belə başlayır ki, insan fikrini bədii sözün gücü ilə
ifadə etmək istəyir. Biri var "ana, səni çox istəyirəm” deyəsən,
biri var bunu qafiyələndirəsən”.
"Tərs uşaq olmuşam”
Uşaqlıq illərindən heç unutmadığı xatirələrdən birini bizimlə
bölüşdü: "Tərs uşaq olmuşam. Bir söz mənə təfəkkür dili ilə, mədəni
formada deyiləndə, onu qəbul edirəm. Amma məcburi tərzdə deyəndə
əksini edirəm. 1960-cı illərdə Sovet hökumətinin vaxtı bizə
"Partiyamız sağ olsun” adlı şeir öyrədirdilər. Mən də
öyrənməmişdim. Bu şeri bizə öyrədən müəllim həm də direktorumuz
idi. Məni qaldıranda şeiri bilmədiyimi dedim. Bu şeiri qəbul edə
bilmirdim. Bütün qiymətlərim 5 olduğu halda buna görə mənə 2 yazdı.
Gündəliyi cırıb atdım, həmin gecə evə də getmədim. Hamıdan əvvəl
səhər məktəbə gedib, böyük hərflə yazı lövhəsinə "Partiyamız sağ
olmasın” yazdım. Dərs zamanı da hamı ilə birgə sinfə girdim. Bütün
məktəb bir-birinə qarışdı. Rayona xəbər getmişdi ki, Mollaisaqlı
kəndində belə bir hadisə baş verib. Axırda bildilər ki, mən
yazmışam. Bir il məni komsomola keçirmədilər. O da böyük bir stress
idi. İki alan uşaqları belə keçirdilər, mən əlaçı olduğum halda
keçə bilmirdim. Gör, zəmanə necə dəyişib ki, illər sonra həmin
məktəbdə mənimlə görüş keçirilir. Biz "Baba müəllimə oxşamaq
istəyirik” kimi söhbətlər olur. Orada olanda qəribə hiss keçirirdim
ki, bir zamanlar məni buradan qovurdular. Bu o demək deyil ki, mən
bununla kiməsə acıq verirəm. Sadəcə, o qənaətə gəlirəm ki, zəhmətin
müqabilində insan istədiyi hər şeyi qazana bilər”.
İlk qazancı
Elə ilk qazancı da məktəb illərində yazdığı şeirlərdən olur. İlk
qazancının hamısını isə kitaba xərcləyib: "Orta məktəbdə oxuyanda
ilk şeirlərimdən olan "Qocalar” və "Çinar ömrü” rayonda "Zəhmətkeş”
qəzetində çap olunmuşdu. Mənə 3 manat qonorar yazmışdılar. 5, ya
6-cı sinifdə oxuyardım. O zaman kitab çox ucuz idi. Bir neçə qəpiyə
kitab almaq olurdu. Həmin 3 manata iki kisə kitab aldım. Günortadan
sonra kəndə maşın getmirdi. Və həmin kitabları bir dostumla növbə
ilə dumanlı-çiskinli, bir az da qarlı qış günündə 25 kilometrlik
yolu piyada gətirdik. Bəlkə də kitabın qədrini o zamandan bilməyə
başladım. Halal zəhmətimlə almışdım və o cür əziyyətlə evə
gətirmişdim”.
Oxumaq üçün Bakıya üz tutur. Deyir ki, Bakıya gələndə özü ilə
gətirəcəyi nə dəst-dəst geyimi olur, nə qapısını döyəcəyi tanışı,
nə də pulu. Amma daxildən gələn güclü inamı onu yola çıxmaqdan
çəkindirmir: "16 yaşımda kəndimizdən piyada İsmayıllı-Bakı
magistral yoluna çıxdım. O vaxt "Alabaş” adlandırılan avtobuslar
vardı. Bakıya onunla gəldim. Buraya gəlişim o vaxt sovet
uşaqlarının Bakıya gəlmək üçün keçdikləri yolun başlanğıcı ilə eyni
idi. Bir şalvar, bir az ütüsüz, süzülmüş köynək, cibdə bir qəpik
yox. Bir-iki manat yol pulu ilə gəlirdik. Mənim təkbaşına Bakıda
yerləşməyim, nəyəsə sahib olmağım Allahın möcüzəsi idi. Hər şey
edirdim ki, məqsədimə çatım. Gecə növbəsində qarovulçuluq edir,
xırda-para işlər görür, yük daşıyırdım. Pul, dayı, arxa-kömək
olmasa da, böyük inamımız var idi. O inamı indi heç kimdə görə
bilmirəm. İnam var idi ki, az müddət keçəcək və əziyyətimizin
sayəsində cəmiyyətdə müəyyən mövqeyə sahib olacağıq. Zəhmət odur
ki, gecə-gündüz çalışıb öyrənir, elm harda varsa, onun arxasınca
gedirsən. Müqəddəs kitabda da yazılıb ki, elm, hətta uzaq Çində
olsa belə, onun arxasınca getmək lazımdır. Elm arxasınca Çindən də
uzağa getmişəm”.
"Tələbəlik illəri sonradan xatırlananda şirin olur”
B.Vəziroğluya görə insan nə qədər çətin dövrlər keçirsə də, ötən
illərindən danışanda içində bir həsrət olur. Bu mənada o da
tələbəlik illərini maraqlı zaman kəsiyi olaraq xatırlayır:
"Tələbəlik illərini ömrümün ən maraqlı illəri kimi xatırlayıram.
Amma qəribə bir darıxdırıcılıq da var idi. Tələbəlik illəri
sonradan xatırlananda şirin olur. O da tək tələbəlik illəri ilə
bağlı deyil. Ümumiyyətlə, ömrün ötən illərini insan həmişə xoş
xatirələr kimi yadda saxlayır. Hətta həbsxanada olan adam da bir
müddət sonra oradakı illərin sanki həsrətini çəkirmiş kimi
xatırlayır. Çünki artıq keçib gedib və heç zaman geri qayıtmayacaq.
Bəzən sovet dövrünü niskillə xatırlayanları görürük. Elə bilirsən,
onlar sovet dönəminin özü üçün darıxıblar? Xeyr, o dövrdə keçən
ömürləri, cavanlıqları, qaynar həyat üçün darıxırlar. Bu mənada
məndə tələbəlik gecə-gündüz dərs oxumaq, işləmək, bir tikə çörək
qazanmaq, erməni məhəllələrində tez-tez kirayə pulunu ödəmədiyi
üçün mənzillərdən çıxarılmaq və daha nələrlə yadda qalıb. O vaxt
evini kirayə verənlərin çoxu ermənilər idilər. Pulu bir ay
gecikdirən kimi evdən çıxarırdılar, kənddən gətirdiyim evdə olan
yorğan-döşəyi də müsadirə edirdilər. Bizim də nəyimiz olmasa da,
qəşəng qalın yorğan-döşəyimiz olurdu. Çünki kənd uşaqları idik.
Realist kimi yanaşanda, tələbəlik bu idi. Amma mənəviyyat tərəfdən
yanaşanda, böyük inamımız var idi”.
"Əsas yeməyimiz bir tikə qurumuş kolbasa, sosiska olurdu”
Tələbəlik illərinin çətin dövrünü isə universitetdən qovulduğu
dövrü hesab etmək olar. Belə ki, jurnalistika fakültəsini bir il
oxuyandan sonra onu universitetdən qovurlar: "Səbəb sessiyada
iştirak etməməyim, özümü yaxşı aparmamağım idi. Şirməmməd Hüseynov
o vaxt bizim dekanımız idi. Çox sərt insan idi və qaydalar da sərt
idi. Bütün respublikanın xahiş etməsinə baxmayaraq, Şirməmməd
müəllim birinci kursda məni universitetdən qovdu. Mən də onun və
hamının acığına bir il gecə-gündüz əziyyət çəkib, bilmədiklərimi
öyrənib, yenidən həmin institutun həmin fakültəsinə qəbul oldum. O
vaxt qəbul imtahanlarını ayrı müəllimlər götürürdülər. Dərs deyən
müəllimlər məni auditoriyada görəndə şok olmuşdular”.
Tələbə vaxtının yemək bişirmə bacarıqlarından danışsaq, deyir ki,
bu, zəngin mövzu ola bilməz. Çünki o vaxtın tələbəsinin yemək
bişirmək üçün materialı az idi: "Əsas yeməyimiz bir tikə qurumuş
kolbasa, sosiska olurdu. Tələbənin ən böyük kulinar fantaziyası işə
düşəndə ya qayğanaq bişirirdi, ya da kartof. O zamankı
tələbəçiliyin gerbi və emblemi çəkilsəydi, orada mütləq kartof
olardı. Yazıq tələbə çox şeyi bişirə bilər, amma materialı yoxdur
axı. Mən gözəl yemək bişirməyi rayonda bağ evi tikdirəndən sonra
öyrənmişəm. Artıq bir çox yeməkləri ustalıqla bişirə bilirəm”.
Onun xahişi ilə əsgərliyimi Azərbaycanda
çəkdim
O vaxt əsgərliyə əsasən Sibirə, Pribaltika ölkələrinə
göndərirdilər. Amma o zaman Azərbaycan Yazıçılar İttifaqının sədri
olan yazıçı İmran Qasımov ədəbi mühitdən uzaq düşməməsi üçün
B.Vəziroğlunun ölkə daxilində hərbi xidmət keçməsinə nail olur:
"Onun xahiºi ilə mən əsgərliyimi Azərbaycanda çəkdim. Azərbaycan
ədəbi mühitindən ayrı düşməməyim üçün dedi ki, burada qulluq
eləsin, gəlsin-getsin. Bir az Bakıda, sonra da Naxçıvanda qulluq
elədim. Qazancım da o oldu ki, Naxçıvanı başdan-ayağa dolandım. Çox
az naxçıvanlı Naxçıvanı mənim qədər yaxşı tanıya bilər. Çünki
Naxçıvanda mənə həm də yazıçı kimi hörmət edirlər. Mülki geyimdə
bütün gün gəzib-dolaşırdım. Əsgərlik yox, turist həyatı yaşamışam.
Tələbəliyimi, əsgərliyimi, gəncliyimi, gənc yazıçı olaraq bütün
dünyanı gəzməyimi - hamısını bir yerə qatsaq, maraqlı ömür
yaşamışam”.
"Fəxr edəcəyiniz insan özünüz olmalısınız”
Sonda müsahibimizin gənclərə məsləhətlərini də öyrəndik: "Bir zamanlar ümidimi itirmişdim ki, gənclər kitab oxumurlar, elmdən, poeziyadan uzaq düşüblər. Amma universitetlərdə, məktəblərdə, əmək müəssisələrində və digər məkanlarda görüşlərdə olduqda gördüm ki, cavanlarımız kitaba, elmə qayıdırlar. Gənclərə öz gəncliyimdə tutduğum bir prinsipi təlqin etməyə çalışıram. Nizami Gəncəvi deyirdi ki, bu dünyada bir insan digərindən ancaq elminə, savadına görə üstün ola bilər. Nə maşın, nə var, nə pul ilə üstün olmaq mümkün deyil. Bir-birinizdən üstün olmaq, fərqlənmək istəyirsinizsə, bu prinsipi rəhbər tutun. Mənim keçdiyim yol budur. Heç nəyə arxayın olmayın, heç kimdən heç nə ummayın. Dünyadan heç nəyi ummağa dəyməz. Dostun da, düşmənin də özünsən. Özündən umub-özündən küsə bilərsən. Fəxr edəcəyin insan da özün olmalısan”. (kaspi.az)
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ