“Məhəllə”nin Məhəbbəti açıqladı: “Bütün film boyu başıma döyüb hayqırmışam” - FOTO
Bizi izləyin

Magazin1

“Məhəllə”nin Məhəbbəti açıqladı: “Bütün film boyu başıma döyüb hayqırmışam” - FOTO

Dünən Heydər Əliyev Sarayında "Məhəllə 3" filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, komediya janrında çəkilən filmin ssenari müəllifləri və prodüserləri Tahir və Cabir İmanov qardaşları, rejissoru isə İsmayıl Zeynalovdur.

15 il sonra davamı çəkilən ekran işində “Bakılı oğlanlar” komandasının üzvləri Bəhram Bağırzadə, Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Dilarə Əliyeva və Xalq artisti Haci İsmayılov və başqaları yer alıb.

Təqdimat mərasimində müğənni Günay İbrahimli, Oksana Rəsulova, Xalq artisti Afaq Bəşirqızı, aktyor İlkin Həsəni, Hacı Nuran və başqaları iştirak edib.

Əməkdar artist Dilarə Əliyeva “Məhəllə 3”də yaratdığı Məhəbbət obrazı haqqında fikirlərini bizimlə paylaşıb:

“İnanıram ki, “Məhəllə”nin növbəti hissəsi əvvəlkilərin dadını verəcək. Çəkilişlər eyni məhəllədə və eyni amtosferdə lentə alınıb. Təbii ki, burada nostalji hisslər var, tamaşaçıların daxili aləmini və duyğularını silkələyə biləcək. Burada çox dəyişik Məhəbbəti görəcəksiniz. Məhəbbət obrazı gözlənilməz səhnələri ilə qarşınıza çıacaq. Mövzusu maraqlıdır, qonşu sədaqəti, qonşu incikliyi, qonşu birliyi kimi məsələlər filmdə öz əksini tapıb”.

Dilarə Əliyeva “Tahir və Cabir İmanov qardaşları çox sərt xarakteri ilə tanınır. Onlarla işləmək çətin olmalıdı” sualına belə cavab verib:

“Heç bir çətinliyimiz olmadı. Ümumiyyətlə, Tahir və Cabir bəylə bir neçə dəfə çalışmışam, onlardan özümə qarşı o qədər böyük hörmət və diqqət görmüşəm ki, onu sözlə ifadə etmək mümkün deyil. Həddən artıq diqqətlidilər. Odur ki, ikisi ilə də işləmək maraqlıdır, kamera arxasında çox əyləncəli və yaradıcı söhbətlərimiz oldu, zövq aldım.

Təbii ki, filmin həm prodüserliyini etmək, həm sssenarini yazmaq, həm də rejissor işinə nəzarət etmək bir insan üçün çox böyük yükdür. Lakin filmin ssenarisini rejissor özü yazanda nəticə daha mükəmməl alınır".

Aktrisa layihədə Rafael İsgəndərov, Coşqun Rəhimov və Kübra Əliyevanın iştirak etməməsinə belə aydınlıq gətirib:

“İdeya Tahir İmanova məxsusdur. Bu, Elişlə Roşkanın hekayəsidir, biz isə ora dəvət olunan personajlarıq. Əsas hekayə onlar üzərində qurulub. Bu dəfə hekayə belə alındı. Görək tamaşaçılar nə deyəcək. Hər halda çəkilişlərdə Qüdrətin yoxluğu müəyyən mənada hiss olunurdu, bütün film boyu başıma-gözümə döyüb Qüdrət deyib qışqırmışam, hayqırmışam”.

Aktrisa Tahir və Cabir İmanovun ötən il çəkdiyi “Bəxt üzüyü 2” filmi ətrafında gəzən söhbətlərə də münasibət bildirib:

“Hər kəsin öz fikri və bir baxış bucağı var. “Bəxt üzüyü”nə hər kəsin öz münasibəti ola bilər, bu da onların öz yanaşması idi. Ümumiyyətlə, “Bəxt üzüyü” elə bir mövzudur ki, ona hər öz prizmasından müraciət edib tamamilə başqa bir ekran işi yarada bilər. Bir halda ki, bəxt üzüyündən danışılırsa, burada müxtəlif tale və bəxtlərdən söhbət gedə bilər. Hər kəsin bəxt üzüyü ilə bağlı öz hekayəsi var”.

Qeyd edək ki, Rafael İsgəndərov, Coşqun Rəhimov, Kübra Əliyeva, İlham Qasımov, eləcə də ssenarist olaraq Müşfiq Abbasov “Məhəllə 3”ün heyətinə daxil edilməyib. Əməkdar artist Dilarə Əliyeva isə ekran işində yer alacaq. Köhnə qəhrəmanların filmə daxil edilməməsi sosial şəbəkələrdə müzakirə mövzusu olub. Filmin izləyiciləri əvvəlki heyətin filmdə rol almamasını tənqid edərək "Qüdrətsiz Məhəbbət maraqsız olacaq" kimi rəylər yazılıb.

Məlumat üçün bildirək ki, filmdə kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışılır. “Sovetski” məhəlləsinin sökülməsi ilə başlanan film mövzusu daha sonra oğurlanan bahalı xalça ətrafında cərəyan edir. Film yumor və gülüş səhnələri ilə zəngindir. Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunub.

Aytən Məftun

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm