Azərbaycanlı aktrisanın intim səhnələrə çəkildiyi film təqdim olundu - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktrisanın intim səhnələrə çəkildiyi film təqdim olundu - FOTO/VİDEO

Dünən Nizami Kino Mərkəzində çoxdandır səbirsizliklə gözlənilən və intim səhnələri ilə gündəm olan “Dalan” filminin qala gecəsi baş tutub.

Publika.az xəbər verir ki, baş rollarında Ziya Ağa və Sevinc Əliyevanın oynadığı filmin rejissoru Elvin Rüstəmzadədir. Ekran işi rejissorun ilk tammetrajlı filmidir. Qadın və kişi xəyanətindən bəhs edən dramın ssenari müəllifi isə Səbinə Əhmədlidir.

Filmdə eyni zamanda Oktay Mehtiyev, Manaf Dadaşov, Rasim Cəfər, Münəvvər Əliyeva, Türkay Cəfərli kimi aktyorlar çəkilib.

Bu yaxınlarda Moskvada keçirilən “QİTİS-ustad dərsi” festivalında “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi seçilən Ziya Ağayev rolu haqqında təəssüratlarını bölüşüb. O bildirib ki, ekran işi haqqında fikirləri müsbətdir:

“Tamamilə mənə bir yad personajdır. Bir qədər gücsüz və cəsarətsiz obrazı canlandırmışam. Həyatda nə isə əldə etmək üçün sona qədər mübarizə aparmalısan. Bu filmdə ifa etdiyim personaj addım atsa da, sonradan geri çəkilir.

Dram qadın və kişi xəyanətindən bəhs edir. Təbii ki, tamaşaçılar tərəfindən birmənalı qarşılanmayacaq. Düşünürəm ki, xalqımız içi mən qarışıq yaxşı və pis anlayışını ortadan qaldırıb, ilk növbədə yerli filmlərimizi izləmək və kinoteatrlara getmək mədəniyyətini formalaşdırmalıdır. Hər halda öz məhsulumuzdur və bu işlər böyük əziyyətlər hesabına başa gəlir.

Tərəf müqabilim Sevinc xanımdır, onunla oyunumuz uğurlu alındı. Adətən bizdə aktrisalar müəyyən səhnələri oynamaqdan qorxur və çəkinirlər. Sevinc isə həm aktrisa kimi, həm də oynadığı rolu ilə mənim personajımdan daha cəsarətli çıxış edib. Yaratdığı obraz nələrəsə cəhd etdi və yaşaya bildi, onun cəsarətli addımlarının mənə çox köməyi olurdu”.

Daha sonra aktyor “Qadını və kişini xəyanət etməyə sövq edən səbəblər nədir?” sualına belə cavab verib:

“Səbəbləri müxtəlif ola bilər: vaxtında düzgün seçim edə bilməməkləri və yaxud valideynlərinin onlara qarşı göstərdiyi basqı, cəsarətsizlikləri və s. yüzlərlə nümunə göstərmək olar. “Dalan” tamaşaçılara onu vəd edir ki, qadın və ya kişi olmasından asılı olmayaraq xəyanət hər zaman ağır sonla nəticələnir. Gec-tez üstü açılacaq, üstü açılmasa belə, insanın daxili məni və vicdanı varsa, xəyanət onu mütləq məhv edəcək”.

Sevinc Əliyeva “Dalan” filmindəki roluna və sevişmə səhnələrinə görə müəyyən tənqidlərə məruz qalacağını gözlədiyini desə də, onun sırf Azərbaycanda olan problemlərdən bəhs etdiyini vurğulayıb:

“Ola bilsin ki, filmi kimsə qınasın, lakin bəyənənlərin də az olmayacağına inanıram. Filmin ssenarisi ölkəmizdə son vaxtlarda tez-tez rastlanan hadisələrdən götürülərək ekranlaşdırılıb. “Dalan” insanı səhv addım atmağa məcbur edən səbəblərdən danışır. Kimsə səhv edəndə, biz onu dərhal qınamağa başlayırıq. Amma onun dərinliyinə enib məsələnin əsas mahiyyətini araşdırmırıq ki, o, bu addımı niyə atıb. Bəlkə illərlə yığılmış problemlər və mənəvi ağrıların təsiri ilə səhv etməyə məcbur qalır. Çalışmışıq ki, filmdə tamaşaçılara o səbəbləri göstərək”.

Layihədə ərinə xəyanət edən qadını canlandıran aktrisa bildirib ki, bu mövzu ondan çox uzaqdır:

“Ərinə xəyanət edən qadın haqqında fikir bildirmək çətin və bir qədər ağırdır. Bu mövzu şükür Allaha məndən çox uzaqdır. Ailənin möhkəm olması üçün hər iki tərəf bir-birinə qarşı diqqət və qayğı göstərməlidir. Qadın sevildiyini hiss etməlidir. Kişilərin isə xəyanət həmişə qanında və canında olub. Aygün Kazımova demişkən, kişilər, ay kişilər...”

Ekran işinin rejissoru Elvin Rüstəmzadə bildirib ki, əsas qəhrəmanların rolundan razı qalıb:

“Aktyorlar istədiyimi göstərməsəydi, filmin qala gecəsi baş tutmazdı, yandırıb atardıq bir kənara. Film sadəcə qadın və kişi xəyanətindən bəhs etmir. Bütün cəmiyyətlərdə hər sahədə xəyanətlər var. Xəyanət yalnız qadın və kişi münasibətlərinə aid olan hərəkət deyil. Rəhbər öz işçisini, işçinin öz rəhbərini aldatması da, övladın anaya yalan danışması, hətta insanın öz dəyərlərini taplaması da onun özünə qarşı bir xəyanətdir. 90 dəqiqəlik filmdə bütün bu yalanları mümkün qədər əks etdirmək istəmişik.

Azərbaycan tamaşaçısı “Dalan”ı yaxşı qarşılayacaq, lakin kinoteatr tamaşaçıları barədə bir söz deyə bilməyəcəm. “Dalan” cəmiyyətdə yaşanan xoşagəlməz olayların mənəvi güzgüsüdür. Heç kim güzgünün qarşısına keçib öz eybəcərliklərini görmək istəmir. Amma çoxları baxanda özünü görə biləcək, bəlkə də özünə nifrət edəcək və ümid edək ki, daha belə əməllər tutmaq istəməyəcək. Bir sözlə, dərs olacaq”.

Rejissorun isə “Qadını və kişini xəyanət etməyə sövq edən səbəblər nədir?” sualına münasibəti belə olub:

“Başlıca amil diqqətsizlik faktorudur, çünki qadın daim özünə qarşı diqqət tələb edir, ən azından gözləyir. Və o, bu diqqəti istəməkdə tamamilə haqlıdır. Kişinin isə xislətində var, xəyanət etmədən yaşaya bilməz, yaradılışımız belədir. Sözsüz ki, heç birini normal qarşılamıram. Normal qarşılasam, bu fimi çəkməzdim”.

Təqdimatda filmin yaradıcı heyəti ilə yanaşı müğənni Günay İbrahimli, aparıcı Zümrüd Bədəlova, aktyor Kamran Ağabaleyv, model Rüstəm Cəbrayılov, aktrisa Mehriban Zəki, rəqqasə Oksana Rəsulova, aktyor Qurban İsmayılov və başqaları iştirak edib.

Aytən Məftun,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm